Facebookun araşdırması niyə qalmaqal yaratdı?
16:15 – 02 İyul, 2014

Facebookun tədqiqatçılar qrupunun apardığı son sınaqlar çərçivəsində xəbər lentində xəbərlərin oxunmasının istifadəçilərin emosional vəziyyətinə necə təsiri etməsi araşdırılıb. Neqativ paylaşımların istifadəçilərin əhval-ruhiyyəsini korlaması, pozitiv xəbərlərin isə əhval-ruhiyyəni yüksəltməsi araşdırılma aparılmadan belə hamıya məlumdur. Lakin bunun təsdiqi üçün elmi sübuta ehtiyac olub.

Psixoloji effektin olmasına əmin olmaq üçün Adam Kramerin rəhbərliyi ilə mütəxəssislər qrupu "Facebook" sosial şəbəkəsinin 600 min təsadüfi istifadəçisi arasında sınaq keçirib. Mütəxəssislər onları sınağa bir həftə qalmış məlumatlarının eyni çalarda olmasına əmin olmaqla iki qrupa bölüblər. Sonra daha bir həftə ərzində tədqiqatçılar hər bir istifadəçi üçün xəbərlər lentinin manipulyasiyasını keçiriblər. Bir lent qrupu üçün mətnlərin müsbət hissəsi, digər qrup üçün mənfi hissəsi silinib. Onların xəbəri olmadan şriftlərin, fotoların həcmi böyüdülüb. Bundan sonra proqram təcrübədə iştirak edənlərin emosional xarakterini müəyyən etməyə başlayıb.

Uğurla başa çatan sınaqdan məlum olub ki, neqativ mətnləri oxuyan birinci qrupdan olan insanlar daha kədərli xəbərlər paylaşmağa meylli olurlar. Məsələn, onların mətnlərində müsbət emosional çalara malik sözlərin sayı həftə ərzində 5,26 faizdən 5,13 faizədək azalıb. Eyni zamanda, yaxşı xəbərləri oxuyan insanlarda belə sözlərin sayı 5,24 faizdən 5,29 faizədək artıb, mənfi emosional çalara malik xəbərləri oxuyan insanlarda 1,75 faizdən 1,69 faizədək aşağı düşüb.

Araşdırma dərc olunandan sonra qalmaqal yaşanıb. Tənqidçilər yazır ki, Facebook istifadəçilər üzərində tədqiqatı, onların şəxsi məlumatlarından xəbərdarlıq etmədən, gizli şəkildə istifadə edib. Onlar bunun insan hüquqlarına zidd olduğunu deyirlər. Amma Facebookun 2012-ci ildə öz “istifadəçi qaydaları”na elədiyi əlavədən belə bəlli olur ki, qeydiyyatdan keçənlər onların üzərində tədqiqat, analiz, sınaq aparılmasına icazə vermiş olurlar.

X

XƏBƏRLƏR
BÖYÜT