Cəmiyyətdən təcrid, musiqiyə məğlub ədəbiyyat...
18:02 – 03 İyul, 2014

Ədəbiyyat...
Yazıçı...
Kitab...

Nüfuzu və prestiji ilə vaxtilə meydan oxuyan bu “üçlük” indi cəmiyyətin mərhəmət gözləyən peşəsi, bədbin şəxsi, evlərdən uzaq düşən əşyasıdır.

Bunu biz yox, APA TV-də yayımlanan “Ulduzlu kvartet”in qonaqları deyir. Məsələn, xalq artisti Mənsum İbrahimov deyir, ara musiqilərinin meydan sulamağının, ədəbiyyatın və kitabın dəb olmamağının səbəbkarı həm də yazıçıların-şairlərin özləridir. Bu işlərin təbliği zəif olduğundan, başqa bütün sahələrdən geridə qalır.

Verilişinin qonağı, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs bildirib ki, çağdaş Azərbaycan ədəbi mühitinə uyğunlaşmaq üçün onun tələblərinə cavab verəcək nəşrlərin hazırlanması vacibdir: “Məhz bu baxımdan da düşündüm ki, “Ulduz” jurnalını yeni dizaynda, yeni tərtibatda hazırlayıb oxucuların ixtiyarına vermək lazımdır. Buna görə jurnalı maraqlı layihələr halında tərtib etdik. AYB ilə “Naşir” jurnalı, “525-ci qəzet”, “Ədəbiyyat”, “Kaspi” qəzetləri ilə bu səpkidə hazırladığımız layihələr gözlədiyimiz kimi uğurlu alındı”.

Mənsum İbrahimov isə qeyd edib ki, hər hansı bir işə sevgi ilə başlamasan, o işin uğurlu nəticəsinin olacağını gözləmək olmaz: “Özümdən bir misal çəkə bilərəm. Mən pedaqoji fəaliyyətə gənc yaşlarımda başlayanda, tanışlarım məni qınayırdılar ki, enerji, potensialını ifalarına ver. Amma mən düşünəndə ki, pedaqoji sahə ilə məşğul olmağı ürəkdən istəyirəm, öyrənməyə və öyrətməyə daxili istək duydum, çəkinmədən bu işlə məşğul oldum. Əmin idim ki, beş ildən sonra nəticəsi olacaq. İstənilən işə böyük istək və sevgi ilə yanaşdıqda, mütləq nəticə gözəl olur”.

Mənsum İbrahimovu narahat edən məsələ tələbələrinin çoxunun mütaliəyə, oxumağa marağının az olmasıdır: “Tənbəllik çoxdur gənclərdə. Bu isə ürəkaçan məqam deyil.
Mənim evimdə kitabxanam var. Övladlarım da, özüm də maraqla mütaliə edirik”.

İnsanların kitabdan, ədəbiyyatdan uzaq düşməsinə gəldikdə isə, qonaqlarımızın nəzərincə, bunun kökündə müxtəlif amillər dayanır. Qulu Ağsəsin fikrinə görə, belə bir təsəvvür yaranıb ki, kitab oxumadan, mütaliə etmədən hər şey əldə etmək olar: “Bu inersiya - ətalət ilə bağlı bir haldır və belə gedə bilməz. Ədəbiyyata nəzər salanda görmək olur ki, o, öz cəbhəsinə doğru geri çəkilib. Bir şairin, bir yazıçının böyük söz sahibi olması artıq aktual deyil. Məsələn, mən xatırlayıram ki, alim Xudu Məmmədovu Bəxtiyar Vahabzadənin təqdimatında cəmiyyət tanıyıb qəbul etmişdi. İndi isə bu tendensiya əksinədir. Ədəbiyyat elitar sənətdir. Bu sənət adamları tək-tək məğlub etmək gücündədir. Amma ədəbiyyatın piarı kütləvi şəkildə olmalıdır. Yəni ədəbiyyat kütləyə ünvanlı yazılmalı deyil. Bu gün ara musiqiləri populyardır. Biz opera, balet və klassik musiqimizdən imtina edə bilmədiyimiz kimi, ədəbiyyatı da necə qəbul etmələrindən asılı olmayaq, onun elitarlığını qoruyub saxlamağı bacarmalıyıq”.

Mənsub İbrahimov təəssüflə qeyd edib ki, televiziyalar da, mətbuat da reytinq ardınca qaçırlar: “Əslində, ədəbiyyatın təbliği çox olmalıdır. Mətbuat ən azından bunu öz öhdəsinə götürməlidir. Sosial verilişlərin eybəcər şəkildə təqdimatı yüksək reytinq toplasa belə, zamanla bunları azaltmaq lazımdır. Mütləq şəkildə sənətlə, ədəbiyyatla bağlı diskusiya verilişləri olmalıdır. Mənəviyyatla bağlı məsələlərin təbliğini təxirə salmaq bizə baha başa gəlir. Klassik musiqi, muğam, ədəbiyyat sahələrinin inkişaf etməsi üçün pul yatırımları etmək lazımdır. Gənclərin maraq və diqqətini artırmaq üçün stimul yaratmaq, təbliğat sistemi formalaşdırmaq gərəkdir. Təəssüf ki, belə təbliğatlar yox dərəcəsindədir”.

M. İbrahimov əlavə edib ki, kitabxanasında 2000-ə yaxın kitabı var. O, daha çox tarixi əsərləri oxuduğunu bildirib. M. İbrahimovun dönə-dönə oxuduğu yazıçılar isə İlyas Əfəndiyev, Fərman Kərimzadə, Əzizə Cəfərzadə və başqalarıdır: “Mən klassiklərimizlə bərabər müasir ədiblərimizi, məsələn, Ramiz Rövşəni, Seyran Səxavəti, Qulu Ağsəsi oxuyuram”.

Qonaqlar ədəbiyyat adamlarının maddi vəziyyəti ilə bağlı fikirlərini bölüşərkən vurğulayıblar ki, qələm adamlarının hazırkı maddi vəziyyəti ürəkaçan deyil. Qulu Ağsəs deyib ki, 40 yaşına çatmış ədəbiyyat adamının özünə ev-eşik, güzəran qurmamağı onu cəmiyyətdə istehza hədəfi edir, utandırır, bədbin hisslərə sürükləyir: “Azərbaycan çox təəssüf ki, Hacı Zeynalabdin Tağıyev ənənəsini yaşadan insanlar demək olar, yoxdur. Buna görə elmin də, incəsənətin də, ədəbiyyatın qayğını dövlət öz üzərinə götürməlidir. Bu, artıq başlayıb və düşünürəm, daha geniş şəkildə davam edəcək”.

X

XƏBƏRLƏR
BÖYÜT