Müharibə vaxtı bu maşınlar orduya təqdim olunmalıdır - SİYAHI
10:14 – 15 Avqust, 2014

«Müharibə şəraitində bəzi avtomobillər orduya təqdim olunmalıdır. Həmin avtomobillər mülki şəxslərdə olur, onlar dinc şəraitdə bu tip maşınları alıb idarə edirlər. Lakin elə markalar var ki, onlar aktiv döyüş əməliyyatlarında ordu üçün vacibdir və mülki şəxslər də bu nəqliyyat vasitələrini orduya təqdim etməyə borcludurlar». Bu fikirləri APA TV-də yayımlanan «Qoşa xətt» verilişində yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

 

Onun sözlərinə görə, həmin nəqliyyat vasitələri sırasına tam ötürücülü minik maşınları, «UAZ», «URAL», «Zil-131» yük maşınları, tırtıllı traktorlar, qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, təcili tibbi yardım maşınları və digər kateqoriyadan olan nəqliyyat vasitələri daxildir. Bu maşınların orduya təqdim olunması qanunla tənzimlənir.

 

Lakin vətəndaşlar bundan heç də narahat olmamalıdır. Çünki qanunvericiliyə görə, vətəndaşdan alınan hər bir nəqliyyat vasitəsinə görə dövlət tərəfindən kompensasiya ödəniləcək: «Əgər həmin nəqliyyat vasitəsi bir neçə ay orduda istifadə olunub qaytarılacaqsa, həmin müddətin pulu ödənilir. Amma nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir».

 

Ərşad Hüseynov bildirib ki, həmin nəqliyyat vasitələrini əldə edən sürücülər Dövlət Yol Polisi İdarəsində qeydiyyatdan keçərkən yol polisi bu barədə dərhal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məlumat verir. Beləliklə, həmin avtomobillər Dövlət Xidmətində də qeydiyyata alınmış olur. Müharibə başladıqda isə Xidmətin əməkdaşları bu avtomobilləri orduya çağırırlar. Bu zaman avtomobil sahibi öz istəyi ilə orduya gedib öz maşını ilə xidmət edə bilər. Və ya sadəcə olaraq, avtomobili təqdim edib borcunu yerinə yetirmiş olar. 

 

Bu cür nəqliyyat vasitələrinin Orduya təqdim olunduğu halda dəymiş ziyanın, avtomobilin sıradan çıxması nəticəsində sığorta xərcinin ödənilməsi ilə bağlı qanunvericilikdə boşluq olduğunu deyən hüquqşünas bildirib ki, bu məsələ qanunla da tənzimlənsə, orduya təqdim olunan nəqliyyat vasitələrinə görə vətəndaşlara sığorta şirkətləri tərəfindən pul ödənilə bilər.

 

Keçmiş döyüşçü, ehtiyatda olan mayor Tahir Kərimov isə bildirib ki, Qarabağ savaşında Kəlbəcər rayon Yol İstismarı İdarəsinin bütün şəxsi heyəti, eləcə də bütün texnika onun tabeçiliyinə verilib: «Mən istehkamçıyam, o vaxt biz bu idarənin sayəsində çox işlər görə bildik. Həm yol çəkirdik, həm istehkam qururduq, həm də səngər qazırdıq. Yəni, lazım olanda hər kəs ordu üçün nə isə etməlidir. Bu gün çox şükürlər olsun ki, ordumuzun təminatı yüksək səviyyədədir. Amma qanunda da yazılıb ki, ehtiyac yarandığı halda müxtəlif nəqliyyat vasitələri var ki, onları orduya təqdim etmək lazımdır. O vaxt biz bəzən elə insanlarla rastlaşırdıq ki, maşını zorla alırdıq. Hansı ki, onun borcu idi maşını könüllü şəkildə bizə təqdim etsin. Çünki mənə tapşırıq verilib, mən şəxsi heyəti və silah-sursatı təyin olunmuş yerə çatdırmalıyam və necə olursa-olsun əmr icra olunmalıdır. Yadımdadır, bir dəfə «URAL» markalı avtomobili sürücüdən zorla almalı olduq. Amma baxın görün bu sürücü nə etdi? Maşının əyləc sistemində boltu çıxarmışdı və onun nəticəsində maşını sürmək mümkün olmadı. Nəticədə maşını döyüş bölgəsinə yedəkdə aparmalı olduq, orada ustalar təmir edəndə məlum oldu ki, əyləc sistemini qəsdən sıradan çıxarıblar ki, maşın yolda qalsın, döyüş bölgəsinə gedib çıxmasın. Belə insanlar da olub. Amma belələrinin qarşılığında yüzlərlə insan var idi ki, könüllü şəkildə öz maşını ilə orduya xidmət edirdilər».

 

Ekspert Ərşad Hüseynov isə əlavə olaraq bildirib ki, döyüş şəraitində ehtiyac yarandığı təqdirdə təcili yardım stansiyaları maşınlarla birlikdə, eləcə də qaldırıcı kranlar, evakuatorlar, təmir sexləri ordunun ixtiyarına verilə bilər.

 

Xatırladaq ki, 16 fevral 2006-cı ildə baş naziri Artur Rasizadə “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qanunun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarını imzalayıb. Qərarı təqdim edirik:

 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin

 

SİYAHISI

 

Sıra №-si

Hərbi-nəqliyyat vasitələrinin növü

Qeyd

I

AVTOMOBİLLƏR

 

1.1.

Yüksək keçidli minik avtomobilləri

 

1.2.

Yük avtomobilləri

 

1.2.1.

Bortlu

 

1.2.2.

Avtodartıcılar

 

1.2.3.

yəhərli avtodartıcılar yük platforması ilə

 

1.2.4.

Özüboşaldanlar

 

1.3.

Ümumqoşun təyinatlı xüsusi avtomobillər

 

1.3.1.

qərargah maşınları

 

1.3.2.

sanitar avtomobilləri

 

1.3.3.

sərnişin avtobusları

 

1.3.4.

texniki təminat vasitələri

 

1.3.5.

təkərli təxliyə dartıcıları

 

1.4.

Silah və texnikanın hərəkətedici vasitələri

 

1.5.

Yanğınsöndürən maşınlar

 

II

TIRTILLI DARTICILAR,

TRANSPORTYORLAR və

TRANSPORTYOR DARTICILARI

 

2.1.

Silah və texniki vasitələrin hərəkətedici tırtıllı maşınları

 

III

TRAKTORLAR

 

3.1.

Tırtıllı

 

3.2.

Təkərli

 

IV.

QOŞQULAR

 

4.1.

Nəqliyyat

 

4.2.

Xüsusi qoşqular

 

V

AVTOMOBİL TƏMİRİ EMALATXANALARI

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT