Rauf Arifoğlu: “Nə dərəcədə ciddi oyunçu olduğumu rəqiblərim deyə bilər”
18:26 – 10 Noyabr, 2014

"İş varsa, həyat var. 25 il qəzet üçün zaman baxımından çox böyük müddətdir, eləcə də bu işlə məşğul olan insanlar üçün. 1989-1990-cı illər milli azadlıq hərəkatının pik nöqtəsi idi. Qəzetimizin dünyaya gəlməsi həmin dövrə təsadüf etdi. Milli azadlıq hərəkatının partiyalaşma mərhələsi başladı. Biz də cəmi beş nəfərlik heyətlə Gəncədə "Azərbaycan Milli Demokrat Yeni Müsavat" partiyası yaratdıq ". Bu fikirləri APA TV-nin efirində yayımlanan "İlqar Rəsul və..." verilişinin qonağı, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

Baş redaktor qəzetin yaranma zərurətini belə izah edib: “Partiyanın görəcəyi işlərlə bağlı bizə mətbuat dəstəyi lazım idi. Beş adamın içində bu məsuliyyəti məhz mənim üzərimə qoydular. Çünki ona qədər qəzetçiliklə bağlı təcrübəm vardı. Mehdiabadda yataqxanada birotaqlı evim vardı. Qəzeti 17 noyabr gününə qədər çatdırmalı idim. Ona görə də makinada bütün nömrəni özüm yazdım. Sonra onun surətini çıxarıb on minə yaxın qəzet əldə etdik. Mənim orda "Şenol" imzası ilə yazım çıxdı. "Yeni Müsavat" qəzeti ilk yarananda əslində sırf partiyanın fəaliyyətini insanlara çatdırmaq məqsədi daşıyırdı. 1997-ci ilədək ideoloji-siyasi, yalnız Müsavatın ideyalarını təbliğ edən yayım orqanı olub. Lakin sonralar missiyasını dəyişərək, ictimai-siyasi qəzet kimi çap olunmağa başladı. Sevinirəm ki, bu günə qədər də fəaliyyətimizi davam etdiririk. Qəzetimizin heyəti çox olmasa da, işimizi yaxşı görə bilirik".

Rauf Arifoğlu bu illər ərzində bəzi faktları xatırlamağın vacib olduğunu qeyd edib: "İndi keçmişə nəzər salanda bəzi çətinliklərimiz yadıma düşür. Biz iki il qeyri-rəsmi fəaliyyət göstərdik. Hətta Bakıdan köçmək məcburiyyəti yarandı. Bizi izləyirdilər, xüsusilə də "Şenol" adlı yazarın kimliyi onları maraqlandırırdı. Yəni məni axtarırdılar. Gəncəyə köçməli olduq. Gəncədəki Xalq Cəbhəsinə sığındıq. 1991-ci ilin oktyabr ayında isə Azərbaycan müstəqillik əldə etdi. Ona görə də vəziyyət köklü şəkildə dəyişdi. Artıq bizim Tiflisdə, Tovuzun mətbəəsində, Bakının zirzəmilərində qəzet çap etmək ehtiyacımız olmadı. Bizi çap edən mətbəələr tapıldı. Amma Bakıda yox".

Müstəqillik dövründən sonra da "Yeni Müsavat" qəzetinə marağın olduğunu qeyd edən baş redaktor təsisçiliyin necə təhvil verilməsi tarixindən də söhbət açıb: "1991-ci ildə biz təsisçiliyi Xalq Cəbhəsinin üzvü Vahid Sarıyevə təklif etdik. Təbii ki, yenə də bu qəzetin əsas məsuliyyəti mənim üzərimdə idi, sadəcə məsuliyyəti bölüşməyə çalışırdım. Fikirləşirdim ki, əgər mənim başıma bir iş gəlsə, həm təsisçi, həm redaktor mən olmayım. Beləcə, bizim xahişimizlə Vahid Sarıyev ilk təsisçimiz oldu və qeydiyyatdan keçdik. Amma yenə də Bakıda bizi heç kəs çap eləmədi. Biz Xanlar rayonuna (indiki Göygöl) gedirdik və oradakı mətbəədə Umud adlı bir yığıcı var idi, bizə kömək edirdi. Xanlar mətbəəsində ona qəzeti "qoryaçiy nabor" deyilən qurğuşunda yığdırırdıq, səhifələyirdik, gətirirdik Bakıya. Sonra aparırdıq Sumqayıt mətbəəsinə. Nazim İbrahimov var idi. Əvvəllər mətbuat naziri olub. Və sonradan uzun müddət “Azərbaycan” nəşriyyatının direktoru olub bu hakimiyyətin dövründə. O zaman o müxalifətdə idi. O, bizə kömək elədi. Aydın adlı nəşriyyat direktoru məhz Nazim İbrahimovun vasitəsilə bizi çap etməyə razı oldu. Sonralar Əbülfəz Elçibəy Bakıda Xalq Cəbhəsinin qərargahında bizə iki otaq verdi. Orada qəzetləri hazırlayıb, satışa çıxarmağa başladıq. Təxminən bir il də bu şəraitdə işlədik. Eyni zamanda qəzetin qurulması, heyətin toplanması və möhkəmlənməsi prosesi gedirdi. 1992-ci ildə Müsavat Partiyası bərpa olundu. Yeni Müsavatla Xalq Cəbhəsinin rəhbərliyi ortaq heyət yaratdı. Bu heyət Müsavat Partiyasını bərpa etdi. Belə bir dövrdə bizim başqanımız İsa Qəmbər hakimiyyətə gəldi və biz heç gözləmədiyimiz halda iqtidarın mövqelərini müdafiə edən hakimiyyət qəzetinə çevrildik".

R. Arfioğlu deyib ki, İsa Qəmbər Müsavat başqanı seçiləndən sonra ondan qəzetin təsisçiliyini də öz üzərinə götürməsini xahiş edib: " 1993-cü ilin mart ayının 15-dən 2009-cu ilin oktyabr ayına qədər təsisçilik İsa Qəmbərdə oldu. Qəzetin çap olunmasının 20 illiyi münasibətilə tədbirdə yenidən o, təsisçiliyi mənə qaytardı".

"Qəzet mənim həyatımdır". Bu sözü xüsusi vurğulayan baş redaktor hətta "Yeni Müsavat"ın fəaliyyətinin dayanmaması üçün sonralar yaratdığı bir neçə işi qurban verdiyini deyib.

"Qəzet mənim üçün alın yazısı kimidir. Allah nə qədər ömür versə, bu fəaliyyətimi sona qədər davam etdirəcəyəm" deyən Rauf Arifoğlu "Yeni Müsavat"ın 20 illiyində təsisçiliyi özündə saxlamaqla qəzetdən ayrılmağı ağlından keçirdiyini də etiraf edib: "Amma bu mümkün olmadı. Bəzən istəklərimizi asanlıqla həyata tətbiq edə bilmirik. Çünki dövrün tələbi dəyişdi və qəzetin həm də internet məkanına keçmək zərurəti yarandı. Bu zaman anladım ki, işə yenə də özüm nəzarət etməliyəm. Hazırda qəzetin elektron versiyası oxunma sayına görə tirajı üstələyir. Bundan sonra da əsas istəyim odur ki, qəzet fəaliyyətini davam etdirsin".

Tovuz rayonunda doğulan Rauf Arifoğlu valideynlərindən də danışıb:
"Ata-anam kənd müəllimi olublar. Elə mənim də müəllimlərim olublar. Onlar bu cəmiyyətə Rauf Arifoğlunu verdilər. Kəndimiz Azərbaycanın Ermənistanla sərhəddə yerləşən ucqar bir kəndidir. O kənddən valideynlərimin sistemi, onların tərbiyəsi ilə Azərbaycan miqyasında iddia, imza göstərən iki övlad çıxıb. Kənddə olmağımıza baxmayaraq bizə musiqi təhsili veriblər. Məsələn, mən 7 il rayon mərkəzində musiqi təhsili almışam. Elə bir mühit yaradıblar ki, biz o iqlim vasitəsilə Azərbaycanın gələcəyinə hazırlana bilmişik. Yaradıcılıq imkanları veriblər, övladla ata, övladla ana dostluğu veriblər. Amma biz onlara zaman-zaman acılar yaşatdıq. Məsələn, mən bir neçə dəfə həbs olunmuşam. Təbii ki, bu valideyn üçün çox ağır bir şeydir. Özüm də valideynəm və bilirəm bu nə deməkdir. Amma eyni zamanda valideynlərimin bizimlə qürur duymaq imkanları da olub".

Rauf Arifoğlu həbsdə olduğu müddətdə bir çox adamları sınaqdan keçirdiyini və o sınaqdan uğurla keçə bilməyənlərin də olduğunu vurğulayıb: "Çox ciddi adamlar yandı mənim gözümdə. Çünki on yeddi ay çox ciddi zamandır. Adamlar gözümdən suya düşdülər. Amma su heç də həmişə aydın deyil. Məsələn, gölməçədəki su aydınlıq deyil. Obrazsız danışsaq bu, sadəcə olaraq dostu, düşməni, çevrəni sınamaq baxımından da ciddi bir dərs, çox ciddi bir mərhələ idi".

Rauf Arifoğlu deyir ki, o qəzetçidir. Ölkəsində məhdud çevrədə də olsa tanınır. Yazıları, kitabları var: "Yazar və qəzetçiyəm mən. Amma ilk təhsilim mühəndisdir. İlk ali təhsilimi Gəncədə almışam. Sonra Bakıda - Qərb Universitetində ikinci ali təhsil almışam. Mühəndis də ola bilərdim. Amma ona inanıram ki, hansı sahəyə getsəydim, orada iddialı ola biləcəkdim. Bəlkə nəyəsə nail olmayacaqdım, amma o sahədə fərqlənmək üçün çox ciddi iddia göstərəcəkdim. Və allah bu qəzetçilik şansını mənə yazmasaydı, yəqin ki, bir başqa sahənin mütəxəssisi olardım. Amma hansı sahədə, hansı istiqamətdə olmasından asılı olmayaraq, insan olmaq, inanclı olmaq mənim üçün çox önəmlidir. Və mən bu məsələdə də özümü şanslı hesab edirəm".

Baş redaktor hesab edir ki, onun nə dərəcədə ciddi oyunçu olduğunu rəqibləri deyə bilər. Rəqiblərinin nə dərəcə ciddi oyunçu olduqlarına gəlincə, deyir ki, onlar çoxdurlar. Aralarında yaxşı oynayanı da var, pis oynayanı da, heç oynaya bilməyəni də: "Mən düz oynamağa çalışıram. Amma bu çox çətindir. Yəni düz oynamaqla oynamaq arasında bərabərlik işarəsi qoymaq olduqca çətindir. Söhbət oyundan, siyasətdən, prosesdən gedirsə, burada tamam başqa kriterilər ortaya çıxır".

Rauf Aifoğlu inancdan və ədalətli olmaqdan da danışıb: "Özümü ədalətli adam hesab edirəm. Çevrəmdəkilər, ədaləti duyanlar nə düşünürlər, onu deyə bilmərəm. İnanclı olmağım, təbii ki, ədalətli olmağıma da təsir edir. İnanclı insanların hamısı ədalətli olmalıdır, amma ədalətli insanların hamısının inanclı olması şərt deyil. Çətin anlarımda belə rahat, sakit olmağıma görə inancıma borcluyam. İnanc adama dünyanı bütöv görmək imkanı verir. Ruh üçün də çalışmaq, onu da qidalandırmaq ehtiyacı yaradır. Əgər inanclı olmasan, yalnız Allahın verdiyi qapıları - iki göz, iki qulaq, burun və ağzı bəsləməklə, onlardan gələn-gedən zövqlərlə məşğul olacaqsan. Amma ruh kənarda qalacaq".

Həmsöhbətimiz bu dünyada onu nələrin cəlb etdiyindən də danışıb: "Məni bu dünyada övlad faydası, xeyri cəlb edir. Ata-anaya imkan qədər faydalı olmaq. Cəmiyyət, mübarizə... Bilirsiniz, açığı, indi düşünürəm ki məni nə cəlb edir, amma işdən kənar bir şey görmürəm. Artıq qanımıza, canımıza hopub, hər şeyə işin gözü ilə baxıram. Əslində sevdiyim çox şeylər var. Məsələn, yazmaqdan zövq alıram. Çox istərdim ki, yarımçıq işlərimi tamamlayıb kitab halına salım. Səyahət etməyi , dünyanı görməyi çox sevirəm. İstərdim buna imkanım, fürsətim olsun. Məsələn, 10-15 gün davamlı olaraq yuxu yatmaq fürsəti olsa, çox sevinərdim".

R. Arfioğlu deyib ki, minnətdar olduğu xeyli adamlar var: "Vəfa borcum olan çox insan var. Bunu özü gözəl bir şeydir. Əgər kifayət qədər çox insanın sənə yaxşılıq etməsinə vəsilə olmusansa, deməli ciddi adamsan, ciddi yaşamısan və çoxlu ciddi işlər görmüsən".

Rauf Arifoğlu heç vaxt "bunları mən iyə etdim?" sualını peşmançılıqla özünə verməyib: "Qlobal anlamda heç bir qorxum yoxdur. Yalnız Allah qorxusu var. Bu da bəzilərinin anladığı "dəyənək qorxusu" deyil, günah qorxusudur".

R. Arifoğlu karyerasının sonunu da yaradıcılıqla görür: " Sakit bir evdə xatirələrimi, düşündüklərimi yazıb kitab halına salmaq istəyərəm".
 
 
X

XƏBƏRLƏR
BÖYÜT