Qəzetlərin ədəbiyyat əlavəsi özünü doğruldurmu?
18:23 – 29 Noyabr, 2014

Vaqif Yusifli: “İstedadsız yazıçının nəyinə qarşı mübarizə aparasan?”

Natiq Məmmədli: “Boz ədəbiyyat yaradanlar adamın üzünü qaşıyırlar”.

“90-cı illərdə müəyyən ictimai-siyasi hadisələrə görə mətbuatın xaotik dövrü başladı, maliyyə çətinliyi yarandı. Məsələn, 1996-ci ildə “Azərbaycan” jurnalının cəmi bir nömrəsi nəşr olundu, hətta bağlanmaq təhlükəsi yarandı. 90-cı illərin ikinci yarısından sonra isə bu böhran zamanla aradan qalxmağa başladı, müəyyən mətbu orqanlar, qəzetlər meydana gəldi. Məsələn, “Rezonans”, “Yol”, “Press-fakt” və s.” Bu fikirləri APA TV-də yayımlanan “Ulduzlu kvartet” verilişinin qonağı, tənqidçi Vaqif Yusifli deyib.

 

V. Yusifli əlavə edib ki, 2000-ci illərin əvvəllərində “Yeni Azərbaycan” qəzeti hər həftə ədəbiyyat səhifəsi ilə nəşr olunurdu: ““Ədalət” qəzetində isə ədəbiyyata altı əlavə səhifə ayrılmışdı ki, mən özüm də orada “Karvan” səhifəsini hazırlayırdım. Yəni ədəbiyyata marağı artırmaq üçün müəyyən tendensiyalar yaradılırdı. Bu istiqamətdə “525-ci qəzet”in verdiyi töhfələr danılmazdır. Bu gün isə “Kaspi” qəzeti bu istiqamətdə uğurla fəaliyyət göstərir”.

Proqramın digər qonağı, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, “Yeni Azərbaycan” qəzetində baş redaktorun müavini işlədiyi vaxtda həmin qəzetdə 80 nəfərdən çox müəllif qonorar alırdı: “Səkkiz mindən çox abunəsi olan qəzetin ədəbiyyat əlavəsi xüsusi maraqla qarşılanırdı. Məndə artıq bəlli təcrübə vardı. “Kaspi” qəzetinə gələndən sonra da bu ənənəni davam etmək istədim. Zahir Əzəmətlə birlikdə ədəbiyyat əlavəsini hazırlamağa başladıq. Qəzetin 200-dən çox sayı nəşr olunub. Əvvəllər həftəsonu 24 səhifə qəzetin özü, 8 səhifə isə ədəbiyyat xülasəsi nəşr olunurdu. Ədəbiyyat səhifələri qəzetin əlavəsi hesab olunurdu. Son 1 ildə isə demək olar ki, qəzet ədəbiyyatın əlavəsi kimi nəşr olunur. Yəni 16 səhifə ədəbiyyat səhifəsi, 8 səhifə qəzetin özü nəşr olunur. Bunu da ədəbiyyata olan marağın göstəricisi kimi qiymətləndirə bilərik. Həmçinin son 3 ildə teatr xülasəsi nəşr olunur. Bunu ona görə xatırladıram, bəzən şikayətlənirlər ki, Azərbaycan mətbuatı teatr sahəsinin inkişaf etdirilməsinə diqqət ayırmır. Yaxud deyirlər, ədəbi proses yoxdur. Bunlar göstərici deyilmi?! Qəzetimizin tiraji 5000 nüsxədirsə, onun 1000 nüsxəsi satışa gedir, yerdə qalan 4000 nüsxə abunə yolu ilə yayımlanır. Şənbə günləri ədəbiyyat əlavəsi olduqda bizim satış geri qayıtmır, demək olar, bütün qəzetlər satılır. Bu, böyük göstəricidir”.

Qəzetlərin ədəbiyyat əlavəsində hansı müəlliflərin çap olunması, təsadüfü yazıların qəzet səhifələrinə yol açmasına gəldikdə isə Vaqif Yusiflinin fikrincə, bu zamanla tənzimlənən məsələdir: “Əbəs yerə demirlər ki, bizim xalq şair xalqdır: “İmkan vermək lazımdır ki, insanlar özünü ifadə eləsin, yazıb-yaratsın. İnsan bekar qalıb oğru-quldur olacaqsa, elə yazmağı, özünü ifadə etməyi yaxşıdır. Zaman keçdikcə, ələnib yaxşıları qalacaq. Qəzetlərin şənbə buraxılışında ən azı bir istedadlı müəllifin üzə çıxmasını təqdir etmək lazımdı”.

Natiq Məmmədli bu məsələ ilə bağlı bir qədər fərqli düşündüyünü diqqətə çatdırıb. O, qeyd edib ki, müəlliflərə ciddi tələblə yanaşmaq bəzən sui-istifadəyə gətirir: “Əvvəlcə, bunun qarşısını niyə almalıyıq sualını aydınlaşdırmalıyıq. “Mətbuata nəzarət, yaradıcılığa nəzarət bizə lazımdırmı və nə verəcək?!” deyə, düşünmək lazımdı. İmkan vermək lazımdı ki, seçim oxucunun özünə buraxılsın. Ümumiyyətlə, çap məsələsində balansı gözləməyə çalışırıq. Boz ədəbiyyat nümunələri yaradanlar bəzən elə insanlar olur ki, adamın üzünü qaşıyırlar. Sosial şəbəkədə yazırlar, cavab vermirsən, zəng edirlər, oradan da bir şey çıxmayanda, keçirlər elektron ünvana, sonra baxırsan ki, kabinetə gəliblər”.

Vaqif Yusifli zəif ədəbi nümunə yaradan istedadsız insanlara qarşı uzun müddət mübarizə aparsa da, sonradan bunun mümkün olmadığını başa düşüb: “Ümumiyyətlə, düşündüm ki, axı bunun nəyinə qarşı mübarizə aparasan? Mən 40 ildən çoxdur ədəbiyyatdayam. İndiyə kimi 15 kitabım nəşr olunub. Amma eləsi var ki, son 5-6 ildir ədəbiyyata gəlib, 40-dan çox kitabı çap olub. İndi pulu olanlar, vəzifə sahibləri kitab çap etməyə maraqlıdırlar”.

Başqa bir vacib məsələyə - ədəbi əsərlərə görə qonorar ödənilməsi məsələsinə gəldikdə isə, “Kaspi” qəzetinin baş redaktoru bildirib ki, qonorarın məbləği əslində qənaətbəxş deyil. O, əlavə edib ki, seçmə müəlliflərə hər ay simvolik də olsa, qonorar verməyə çalışırlar.

Vaqif Yusifli isə hesab edir ki, Azərbaycanda normal qonorar sisteminin qurulmasına ehtiyac var: “Qələm sahibi, əziyyət çəkib yazı yazan adam zəhmətinə görə mütləq yaxşı qonorar almalıdır”.

X

XƏBƏRLƏR
BÖYÜT