Nazim Bəykişiyev: “Fəxri ad 2-3 ay insanın yadında olur, sonra unudulur”
17:18 – 01 Dekabr, 2014

“Bütün tamaşalarda yenə də qapı, pəncərə, orda bir yataq, burda bir stol”


Teatr rəssamlığı nədir? Səhnə əsərində rəssam nə iş görür? Rəssamsız tamaşa hazırlamaq mümkünsüzdürmü? Bütün bu suallara APA tv-nin “Rəng...Fırça...Palitra...” verilişinin bu dəfəki sayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev cavab verir: 

Həmsöhbətimiz deyir ki, teatr rəssamının işi elə teatrda da baş tutur. Nə çoxsaylı rəssamlar kimi azadlığı var, nə vaxtaşırı çəkilib düşünəcəyi yeri: “Teatr rəssamı əgər beş il təhsil alırsa, demək ki bu, vacib və lazımlı sənətdir. Kinonu çıxmaq şərti ilə rəssamlığın digər sahələrində çalışanlar azaddırlar. Biz də isə sintetik sənətdir və tamaşadakı hər kəs bir–birindən asılıdır. Əgər bir gün bir nəfər gəlməsə, həmin gün məşq belə baş tutmur. Teatr rəssamları mütləq şəkildə dəqiq olmalıdır. Mən böyük bir kollektivin işindən asılıyam. Artıq bilirəm ki, sabah mən o eskizləri hazır edib gətirməliyəm. Bizim sahədə azad şəkildə işləmək mümkünsüzdür. Bir neçə aylar əvvəl hər şey düşünülür”. 
 

Baxdığımız, zövq aldığımız, bəzən məyuslandığımız hər bir tamaşada rəssam işi olur. Hətta rejissor boş səhnədə tamaşanı qursa belə o işıqların qurulması üçün rəssama ehtiyac var - deyir rəssam: "Teatr rəssamlığının ən çətin tərəflərindən biri də tamaşaçını tamaşaya cəlb etməkdir. Təsəvvür edin pərdələr açılır, hər kəsin o pərdə arxasında hansı möcüzənin olduğunu güman etdiyi bir zaman gözlənilmədən çox maraqsız, lüzumsuz görüntü ortaya çıxır. Bəzənsə gözlərimizi ayıra bilməyəcəyimiz gözəl mənzərə... Və bütün bunlar məhz rəssamın işinin bəhrəsidir. Hətta bəzi hallarda müəllifin yazdığı pyes, tamaşanın quruluşu belə qaneedici olmaya bilər, lakin bütün bu qüsurları rəssam öz möcüzəsi ilə aradan qaldırar". 

40 ilə yaxındır Azərbaycan teatrına xidmət edən Nazim Bəykişiyev, uzun müddət Gənclər Teatrında mərhum Hüseynağa Atakişiyevlə işlədiyini deyir. Qonağımız quruluş verdiyi hər tamaşası ilə bizləri sevindirməyi bacaran azsaylı rejissorlardan biri Hüseynağa Atakişiyevlə onun ömrünün son gününə kimi işlədiyini diqqətə çatdırır. 

...Azərbaycan teatrı istənilən dövrlərdə insanların marağında olub. Həm teatr, həm də teatrda baş verənlər. Son bir neçə ildir teatr ətrafında tez-tez söz-söhbətlər yaranır, aktyorların narazılığı qabardılır. Uzun illərdi Azərbaycan teatrına xidmət edən Nazim Bəykişiyev də ötən illərə nəzər salıb və teatrın gözəl günlərini gördüyünü qeyd edir. Bəs Azərbaycanda teatr rəssamlığına gənclərdə marağın ölməsinin səbəbi nədir? 

“Mən teatrın gözəl günlərini görmüşəm, o hava da başımda qalıb. Ölü sənəti diriltmək olar və vacibdir. Sadəcə istedadlı gəncləri cəlb etmək lazımdır. Belə gənclər çoxdur, gəlirlər, eskiz gətirirlər, amma dediyim kimi istedadlı gənclərin cəlb olunması lazımdır. İndi zəmanədən irəli gələrək gənc rəssamlar akademiyanı qurtarandan sonra pul dalınca qaçırlar. Gedirlər kompüter dizaynı ilə məşğul olurlar. Bu pis hal hesab edilmir. Zaman özü bunu tələb edir. Bir konsert proqramında işıqları qurmaq milli teatrda hazırlanan 10 tamaşadan daha çox qonorar qazandırır onlara. Ona görə də gənclər buradan qaçırlar”. 

Teatr rəssamlığının bir fərqli cəhəti də var, bu sənət sahibləri maddiyyat tərəfdən də uduzurlar. Nazim müəllim deyir ki, o, bu sahəni seçəndə maddiyyatı düşünməyib: “İnsan gənc vaxtlarında hər şeyin gözəl olduğunu düşünür. Amma yenə heç də peşman deyiləm. İndi durub peşman olmağın faydası da yoxdur. Doğrudan da hiss edirəm ki, tək qalmışam... 35 yaşında dövlət mükafatına layiq görüləndə, inanmırdım. Mənim heç planımda da yox idi. Ümumiyyətlə bu cür mükafatlar çox yadda qalmır. Uzağı iki, üç ay özünü bir az belə yüksəkdən aparırsan – xalq rəssamısan deyə. Sonra gəlirsən işə əsəbiləşirsən, başın qarışır işinə və unudulur gedir”. 

Bu günə kimi “İblis” tamaşasının dekorasiyasına bənzər bir dekorasiya görmədiyini vurğulayan N. Bəykişiyev, məhz bu tamaşaya görə dövlət mükafatına layiq görülüb: “Yadıma düşəndə fikirləşirəm ki, bunu mən düşünüb, mən qurmuşam? 1983-cü ilə kimi materialından tutmuş, ən xırda detalına qədər bu gün də aktual, müasirdir. Həmin tamaşanın qoyuluşunda 30 il keçib, amma ona oxşar dekorasiyanı heç bir tamaşada görməmişəm. Bütün tamaşalarda yenə də qapı, pəncərə, orda bir yataq, burda bir stol. Amma bunun səbəbkarı rəssam deyil. Rəssam ola bilsin nəsə düşünüb, amma onu məcbur ediblər ki, belə olsun, çünki maliyyə imkan verməyib. Mən bu cür tamaşalardan bir yolla çıxıram ki, orda adım getməsin. Ortabab, necə gəldi yola verə bilmərəm, o zaman bu günə kimi etdiklərimin üstündən xətt çəkməli olaram”. 

 

X

XƏBƏRLƏR
BÖYÜT