Ziyad Səmədzadə: Uşaqlıqda mənə " Xalid ", Moskvada isə "Eysebio" deyirdilər
16:54 – 08 Dekabr, 2014


Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadəni bağ evində APA TV-nin “Sən demə...” verilişinə işdən kənar məğuliyyətlərindən danışıb: 

“Yaradıcılığımın və istirahətim ən xoş günləri məhz payız vaxtlarına təsadüf edir. Payızda istirahət etmək üçün çox vaxt var və bu fəsildə Xəzərin sahildə gəzmək də gözəllikdir.


Şəxsən mənim üçün ən gözəl istirahət piyada gəzmək və xəyala dalmaqdır. Piyada gəzəndə sanki dünyanı mənə verirlər. Məni tanıyan hər kəs bilir ki, hər gün bir neçə saat piyada gəzirəm. Əgər bu ənənəmdən kənara çıxdımsa, həmin an zərərini hiss edirəm. Hərəkət varsa, həyat var. Yoxdursa deməli həyat dayanıb”. 

Sən demə, Ziyad Səmədzadə həm də yaxşı tar ifaçısıdır. O, uşaqlıqdan bu sənətə maraq göstərib. Amma sonradan tale onu incəsənət sahəsindən uzaqlaşdırıb. Bununla belə professorun tarla bağlı unudulmaz xatirələri var: 

“7-8 yaşımdan qardaşımın sayəsində tarı sevdim. Buzovnanın musiqi dərnəyində tar müəllimi Mustafa var idi, onun yanına gedirdim. Tar ifaçılığı mürəkkəb sənətdir. Amma bu sənəti də öyrənə bildim. Uşaq vaxtı məni Xalid deyə çağırırdılar. O zaman hər kəs deyirdi ki, Xalid çox yaxşı tar ifa edir və məni həvəsləndirirdilər. Bəzən özümü tara çox bağlı hiss edirəm. Ən xoş dəqiqələr məhz musiqi ilə keçəndir. Həyatımın hər çətin anında təsəllini musiqidə tapmışam. Musiqi adamı çox dərinliklərə aparır və musiqi duyumu olmayan insanı mən bədbəxt adlandırıram. Musiqi insanın laylasıdır”. 

Dediklərinin təstiqi olaraq taqrda ustalıqla "Laçın" mahnısını ifa edən Ziyad Səmədzadə həm də kitab həvəskarıdır. Onun bağ evindəki həqiqətən həsəd aparılası kitabxanasında təxminən 25 minə qədər kitab var. Sözsüz ki, şəxsi kitabxanasında ən çox yeri iqtisadiyyat sahəsinə dair kitablar tutur. Bu sahənin bilicilərindən olan millət vəkilinin öz kitabları da az deyil. 

“Hər bir evdə kitabın olması çox vacibdir. İndi zəmanə dəyişir. İnternet kitabxanaları yaranır. Amma yenə də dünyanın ən nüfuzlu alimləri düşünür ki, şəxsi kitabxana mütləq olmalıdır. Kitab millət üçün, ailə üçün, ən böyük sərvətdir. Kitab, bir nəslin digər nəslə ötürə biləcəyi ən böyük sərvətdir. Belə bir deyim də var: yaxşı kitab müəllifin bəşəriyyətə hədiyyəsidir. 
-Öləndən sonra xatırlanmaq istəyirsinizsə ya nümunəvi oxucu olun, ya da oxunaqlı kitablar yazın-deyiblər.” 

Kitabdan və tardan başqa həmsöhbətimizin daha bir məşğuliyyəti də idmandır. Evində xüsusi idman zalı da yaradıb. Ara-sıra bilyard oynamağı da var. Deputat hesab edir ki, hazırda dünyanın heç bir ölkəsində idmana maraq Azərbaycandakı qədər deyil:

“İdman bizim sağlamlığımız, yaxşı bir insan kimi formalaşmağımız üçün ən ideal vasitədir. Sağlam idmançılar heç vaxt pislik etməzlər. Çünki, sağlam bədəndə sağlam ruh olur. İdman da sağlamlıq üçün çox vacibdir. Bir azərbaycanlı kimi sevinirəm ki, ölkəmizdə idmana diqqət çox böyükdür”. 

Daha çox futbola meyl göstərdiyini vurğulayan Ziyad Səmədzadə lap uşaqlıqdan bu idman növünə maraq göstərib. Hətta bu gün də cavanlığını yadına salıb, topla oynadığını deyir: 

“Düzdür, indi artıq bizim o vaxtımız deyil ki, topla oynayaq. Amma hərdən adam istəyir ki, cavanlıq illərinə qayıtsın. Hətta uşaqları bağda oynayan görəndə mən də topa biganə qala bilmirəm. 
O vaxt Buzovnada idman kompleksləri yox idi. Məktəbdə olan idman zalları çox kiçik idi. Amma açıq havada idmanla məşğul olurduq. Kimisi güləşirdi, kimisi qaçırdı, mən isə futbol oynayırdım. Demək olar ki, hər gün küçələrdə, məhəllə - məhəllə futbol oynamışıq. 1964-1965-ci illərdə mənim ləqəbim olub, Moskvada mənə Eyselbio deyirdilər. Portuqaliyanın məşhur futbolçusunun adını. Mən həqiqətən futbolu yaxşı oyanırdım."

Sən demə Ziyad Səmədzadənin ən sevimli komandası Barselonadır. Əvvəllər bu komandaya Ronaldinyoya, indi isə Messiyə görə azarkeşlik edir. Səhər sübhdə, saat 5-də də olsa matçı buraxmır. 

Bağda tez-tez olduğu üçün bura dostlarını dəvət etməyi və maraqlı məclislər düzənləməyi də unutmur Ziyad Səmədzadə. 

“Yayda bura iqdisatçı dostlarımı dəvət etmişdim. Qeyri-adi bir mənzərə idi. Respublikanın dəyərli alimləri çadır tutub, mənim çırpdığım tutu yığırdılar. Həmin an uşaqlıq illərimi xatırladım”. 

Həmsöhbətimizin həssas yanaşdığı məsələlərdən biri də bağıdır. Burada nar ağacları yetişdirməyindən, meyvələri şəxsən özü yığmasından zövq aldığını bildirir. 

“Bu torpaq dənizə yaxın olduğu üçün o qədər də məhsuldar deyil. Biz bu bağda məskunlaşanda heç bir ağac yox idi. Bura yalnız tikanlıq idi. Desəm ki, mən gözəl bağbanam, bu yalan olar. Ancaq yaşa dolduqca istəyirsən ki, bağın gözəl olsun”. 

X

XƏBƏRLƏR
BÖYÜT