Ceyhun Musaoğlu: " Mən necə zəngilanlıyam ki, Zəngilansızam"
10:02 – 03 Yanvar, 2015

Torpaqlarımızın işğalından sonra bütün vətənpərvər şeirlər, mahnılar məndə ikrah hissi oyadır. Onları dinləyə bilmirəm. "Könlüm keçir, Qarabağdan” ifadəsində yazıq insanın ah-naləsi var. Yazıq adamlar özləri gedə bilmədikləri yerə könüllərini göndərər.


Şuşanı, Laçını, Ağdamı və başqa işğalda olan əksər yerlərimizi görməmişəm. Ancaq desələr ki, Zəngilanı qaytaraq, Şuşa qalsın, heç vaxt razılaşmaram. Bəli, Zəngilanda doğulmuşam. Orda cəmi 5 il yaşamışam. Sonra valideynlərimlə Bakıya köçmüşük. Rayon işğal olunana qədər hər yay tətilində nənəmgilə gedirdim. Gedirdim bir az zəif səslənir, uçurdum. Onda özüm uçurdum, qanadlarım da vardı, indi xəyallarım uçur, qanadlarımı qırıblar.

Rayonun özündə doğulmuşam. Lenin küçəsində yaşamışam. Zəngilanın mərkəzi küçəsi idi. Raykomdan tutmuş əksər inzibati binalar o küçədə yerləşirdi. Zəngilanın adının mənası barədə versiyalar çoxdu. Onlardan biri zəngin ilanları olan yer mənasını verir. Sözün düzü, mən orda bir dəfə də olsun ilan görmədim. Adamları çox istiqanlı, həm də kasıbıydı. Rayon əhalisi daha çox pambıq və üzümçülüklə dolanırdı. Demək olar, hamının çörəyi fəhləlikdən çıxırdı. Məşhur yerləri vardı Zəngilanın. Çinarlıq meşəsi Avropada birinci, dünyada ikinci yerdəydi. Danışırlar ki, SSRİ Nazirlər Kabinetinin yerləşdiyi binadakı kabinetlərdən birinin qapısının çərçivəsi sınır. Moskva Bakıya, Bakı Zəngilana xahiş məktubu yazır ki, icazə versinlər Çinarlıq meşəsindəki ağaclardan birindən budaq kəsilib çərçivə düzəldilsin. İndi o meşə bütünlüklə bizdən alınaraq. Ermənistana verilib. Moskvasa göz yaşlarına inanmır. “Qotur suyu” vardı

 

Zəngilanda. Orda bir dəfə çimən adamda heç vaxt dəri xəstəliyi olmurdu.

 

Daha çox yayı yadımdadı. Qışını görəndə uşaq idim. Ancaq bildiyim qədər sərt keçmirdi. Yayı, məsələn, İsmayıllıyla nisbətdə çox istiydi. Xüsusi adətləri deyəsən yox idi. Toyları iki gün olurdu, məncə bütün rayonlarımızda belədi. Novruz bayramlarını da ənənəvi keçirirdilər. Kosa "pul-pul, mul-mul" deyə-deyə həyətləri gəzirdi. Hələ də təəccüblənirəm ki, niyə axı pul yığırdı, niyə axı ona pul verirdik? Yumurta, qoğal, şəkərbura istəmirdi, ancaq pul, pul, pul...
 

Babamgilin evi ikimərtəbəliydi. Zəngilanda ikimərtəbəli ev az idi. Deyirdilər, üç mərtəbə tikmək ümumiyyətlə düzgün deyil, torpaq yumuşaqdı, ev uça bilər. Ancaq işğala bir neçə il qalmış əmim 3 mərtəbəli ev tikdirdi. Və qaldı ermənilərə. Babamgilin evini nənəmlə babam çay daşlarından tikmişdi. Babam daş verib, nənəm hörüb. Gopa bənzəyir, eləmi? Amma həqiqətdi. Daşları çaydan əmilərim, bibilərim daşıyıb. 4 bibim və 3 əmim hamısı ali savad aldı. Atam iki universiteti qırmızı diplomla bitirdi. Kasıb yaşayırdılar. Babam Böyük Vətən Müharibəsi əliliydi. Əl və ayaq barmaqlarını don vurmuşdu. Zəngilandan danışanda daha çox bir süfrə arxasında çörək yediyimizi xatırlayıram. Hamı yerdə bardaş qurub oturardı, babamdan başqa. O, stolun başında tək otururdu. Əvvəl-əvvəl mənə də stolda oturmağa icazə verdilər, qonaq idim ona görə, sonra gördüm qara qarğaya oxşayıram, düşdüm yerə.

Uşaqlığımın hissələri arasında Zəngilanın xüsusi yeri var. Oxçu çayında çimmək hər günümüzün arzusuydu. Çaydan qayıdanda çubuqla döyüləcəyimizi bildiyimiz halda yenə gedirdik. Nənəm barmağı ilə qolumuzda cız açırdı, bununla çayda çimib-çimmədiyimiz yoxlayırdı. Çimmişdiksə, qolumuza lilin xətti düşürdü. Vəssalam, bir-iki çubuq yeyəndən sonra gedirdik yatmağa. Bu gündən baxanda o günlərdə nə qədər xoşbəxt olduğumuzu görürəm. Ən böyük arzumuz "somakat" düzəltmək, bilyard oynamaq, çayda çimmək idi. Hamısını da həyata keçirirdik. Üç arzunun üçünə də çatırdıq. İndi min arzumuz var, biri də həyata keçmir.

 

Yəni yurd bu deməkmiş?.. Axı arzu gələcək deməkdi. Yəni insanın bütün gələcəyi yurduna bağlıymış?.. Ora yoxdusa, arzu-gələcək də yoxmuş?.. Bilmirəm...Bilmirəm. Mən necə zəngilanlıyam ki, zəngilansızam... Bax bunu heç bilmirəm!

Deyirlər, çox qürurlu uşaq olmuşam. Heç kimdən heç nə almazdım, acından ölərdim, ancaq başqa yerdə bir tikə də çörək yeməzdim, özümü sındırmazdım. 4 yaşım vardı. Ortancıl qardaşım 1 yaşındaydı. Anamın ona vurduğu iynə başqa iynə yerinin üstünə düşmüşdü. Qardaşım abses olmuşdu. Anam məni qonşuluqdakı Fəridə həkimi çağırmağa göndərdi. Fəridə həkim evdən hövlnak çıxanda cibimə bir ovuc konfet basmağı da unutmadı. Elə həyəcanlı idi ki, yel kimi bizə tərəf uçurdu deyə, konfetləri qaytara bilmədim. O, bizə, mənsə binamızın qabağındakı "qurbağa gölməçəsi"nə tələsirdim. Gölməçənin kənarında dayanıb, ağlaya-ağlaya konfetləri suya atırdım. Anam gözləyib, görüb yoxam, balkona çıxıb. Məni görüb qışqırdı ki, orda neynirsən? Qorxumdan daha möhkəm ağlamağa başladım.

 

Evə gələndə olanları danışdım. Anam bir kəlmə dedi: "Düz eləmisən". Elə Fəridə həkimin yanında dedi. Qonşumuz pərt olmuşdu. Uzun müddət anamla danışmadı.

Xatirələrim çox azdı. Hər gün də yoxa çıxırlar. Nənəm sağdı. İşgüzar qadınıydı. Raykomda xadimə işləyirdi. Tezdən 5-də oyanır, mal-qaranı örüşə yola salır, övladlarının və nəvələrinin səhər yeməyini verib, raykoma, katibin qədəmlərini qoyacağı pillələri süpürməyə yollanırdı. Hələ də elə düşünürəm ki, bütün katibləri vəzifəyə nənələr gətirib, ayaqlarının altını süpürə-süpürə. Axşam düşdümü, nənəm hasar kənarlarından ot-ələf yığmağa başlayırdı, inəkləri qarşılayırdı, sularını verib, yerlərinə bağlayırdı. Otu yığırdı, maşına yükləyirdi, boşaldırdı, sərirdi, qurudurdu, kipə vurub, dama yığırdı. Pəyəyə mal təzəyi yapışdırıb, qurudurdu. Mən o arvadı heç vaxt oturan görmədim. Zəngilan işğal olunanda nə babam, nə də nənəm rayondan çıxmırmış. Kiçik əmim onları güclə İranla sərhəddə qədər gətirə bilib. Deyib, getməsəz özümü öldürəcəm. Öldürmədi, ölmədi də. Amma döyüşlərin birndə ağır yaralandı. Nənəmsə hələ də ala dananın səsini eşidir. Hər məni görəndə soruşur: "Sən eşitmirsən?"

Sizə desəm ki, valideynlərim Zəngilanla bağlı bir dənə də olsun xatirə danışmayıb, inanmazsız. Atam oralıdı, anam Bakılı. Anam Zəngilanda cəmi 5 il yaşayıb, atam isə rayonu barədə ancaq susur. Hərdən internetdə oraların görüntülərinə baxır. Ermənilərin rayonda at oynatdıqlarını göstərən şəkillərə, videolara tamaşa edir. Çox təəccüblənirəm, bu kişinin üzündə heç bir ifadə yaranmır - nə hikkə, nə təəssüf. Eləcə donub qalır. Təəsüratını soruşuram, lal adamlar kimi üzümə baxır. Görünür inana bilmir ki, daha Zəngilan yoxdu. Görünür inana bilmir ki, Zəngilandan sonra o var. Bəlkə də bütün zəngilanlılar çoxdan yoxa çıxıb, onların əvəzinə başqa məxluqlar peyda olub. Bütün zəngilanlılar başqa məxluqlara çevrilib. Bəli, mənim atam kimi.

 

Sovetlər ölkəsi məni xeyli müddət atamsız qoyub. Aparmalı deyildilər. Uşaq vaxtı idmanla məşğul olanda qolunu yandırıb, nəticədə həkimlər rəy veriblər ki, bir qolu o biri qolundan 2 sm kiçikdi. 2 sm-lik fərq sovet ordusuna ləkə gətirə bilərmiş. Atam da bekar qalmasın deyə, evlənib. Daha neyləsin, əsgərliyə getməyəcək, ali məktəb tələbəsi olmağa və evlənməyə şans var.

 

Evlənib. Mən doğulandan 40 gün sonra qəfildən onu hərbi xidmətə çağırıblar. Sovet ordusuna 2 sm-lik fərq nə edəcəkdi ki?..
Bu necə olur? Bəs həkim rəyi? İmanqulu həkim rəyindən güclü çıxıb. Onun pulu, babamın pulundan çoxuydu. Verib, atam Musanı oğlu Allahqulunun yerinə əsgərliyə göndərtdirib. Bəs deyirlər, hamımız Allahın quluyuq? Atam pulun qulu olur, düz 2 il.
Vallah xatırlayıram. İnanmırlar, ancaq billah xatırlayıram. Atam qayıdandan 3 il sonraya qədər ona "papa" demədim. "Papam" babamıydı. Oğlunun haqqını tapdayanların və hərbi xidmətə göndərtdirənlərin qarşısında aciz qalan babam.

Zəngilanı heç vaxt yuxuda görməmişəm. Əminəm, görməyəcəm də. Adamın yuxularına qonaq gələn şüuraltındakı informasiyadı. Zəngilanı nəinki şüuraltına yerləşdirdik, hətta ordan çıxardıq. Çalmaq, oxumaq, işğal tarixlərində qol götürüb oynamaq bizi əbədi zəngilansızlaşdırdı. Yeni dərsliklər yaranmalıydı. Dünya tarixindən daha çox bizə Qubadlının, Laçının, Zəngilanın tarixi vacib olmalıydı. Tarix dərslərində işğalda olan hər rayon barəsində geniş tarixi bilgilər verilməliydi. Zəngilanın özündən əvvəl onun tarixini itirdik. Hətta yuxuma girəcək bir elementi də qalmadı.

Bakıda hərbi xidmətdəydim. Radiodan eşitdim ki, düşmən Zəngilanı da işğal etdi. Evimizlə əlaqə saxladım, hamı bizim Mehdiabaddakı ikiotaqlı evimizə sığınmşdı. Əmim yaralanmışdı. Bibim qaçqın düşərkən qəzaya uğrayıb onurğasını sındırmışdı, 20 il yataq xəstəsi olandan sonra öldü. Öləndə 45 yaşı vardı. Dünyanın bütün həkimlərinə göstərdilər. Deyirdi, məni Zəngilana aparın, qəzaya düşdüyüm yerə, orda ayağa duracam. Apara bilmədik, özü getdi. Cismi Mehdiabaddakı torpağın altına, ruhu Zəngilana".

İlk dəfə məzuniyyətə gələndə sözün həqiqi mənasında evə girə bilmədim. Gecəydi, qapını döydüm, atam açdı, daha doğrusu aça bilmədi, azca araladı. 27 nəfərlik ailəyə çevrilmişdik, adamlar döşəmədə bir qarış yerdə yatmışdı. Qapının ağzında yatdıqlarına görə, açmaq mümkün deyildi, gərək oyanaydılar, döşəklər yığışdırılaydı. Lap oyandılar, lap yığışdırıldı, mən girdim içəri. Harda oturacam, gecəni, məzuniyyətdə olduğum gecələri harda yatacam?.. Elə qapının yarımçıq açılmış kənarından atamla hal-əhval tutdum, bir az arxayınlaşdım ki, şikəstimiz olsa da, ölənimiz yoxdu. Və geriyə, hərbi hissəyə qayıtdım. Öz məzuniyyət növbəmi başqa bir əsgərə verdim. Onlar qaçqın rayonundan deyildilər. Həmin gündən ancaq geriyə qayıdıram. Bizim yollar tərsinə dönüb.

X

XƏBƏRLƏR
BÖYÜT