Vidadi Həsənov:"Yəqin ki, təqaüdə çıxandan sonra..."
12:16 – 09 Yanvar, 2015

"Kişi çöl quşu, biyaban daşı olmalıdır. Ev isə insanın dayaq yeri və rahatlığıdır".


Bunu APA tv-nin "Sən demə" verilişində Əməkdar artist Vidadi Həsənov deyib: “İnsanlar daima harasa istirahətə getməyə can atırlar. Mənim üçünsə dünyanın ən gözəl istirahət məkanı evdir. Mən evdə olanda elə bilirəm ki, dünyanın ən gözəl, ən gəzməli kurort yerlərindəyəm. Bunun da ən başlıca səbəbi odur ki, mən evdə çox az-az oluram. Səhər gedirsən işə, gecənin bir vaxtı da qayıdırsan. Əslində bu, elə belə də olmalıdır”.

Biz onu daha çox səhnədə görmüşük onu. Sərt baxışı, xırıltılı səsi canlandırdığı obrazları bir az da özünə məxsus edib onu. Yaxşı aktyor kimi tanıyırıq onu. İndi də bir çox tamaşalarda, filmlərdə çəkilir. Amma sən demə başqa məşğuliyyətlərini də eyni peşəkarlıqla davam etdirirmiş.

Aktyorun gitara eşqindən hər kəsin xəbəri var. Özü bu işin peşəkarı olmadığını desə də, hər halda ifasını həvəskarlara aid etmək də düzgün olmazdı. Dediyinə görə, onu gitara ilə rus bart musiqisinin əfsanələrindən hesab olunan Vladimir Vısotski tanış edib. Sən demə, aktyor uşaqlıqdan bu sənətkarın simasında sevib gitaranı.

“Bu həvəs məni gitara çalmağa vadar etdi. Mən uşaq yaşlarında tar sinfini bitirmişdim. Simli alətdə ifa etmək səriştəm var idi. Amma gitara fərqli alətdir. Onun daha bir özəlliyi budur ki, ifa etdinsə, gərək özün də oxuyasan . Mən Ramiz Rövşənin bir çox sözlərinə özüm üçün mahnı toqquşdurdum. Sonra onları müxtəlif tamaşalarda və tədbirlərdə ifa etdim”.
Vidadi Həsənov həmçinin sazda, qarmonda və fortepianoda ifa etməyi bacarır: “Təbii ki, bunlar hamısı həvəskar səviyyəsindədir. Həyat elə gətirdi ki, mən bu alətlərə meyl göstərdim. Mənim musiqi duyumum var. Və musiqi alətləri artıq bir həvəsə çevrilib məndə. İnsan meyl göstərdiyi işləri bacardıqca yaxşı bilməlidir.

Əməkdar artistin yazı-pozu ilə də münasibəti pis deyil. O, elə bu yaxında yazdığı ssenariyə görə Beynəlxaq Film Festivalında 4 mükafat alıb: “Filmin rejissoru Şamil Əliyev mənə zəng edib dedi ki, filmimiz Türkiyədə festivalda düz 4 mükafat qazanıb. O film 11 film arasında seçilib. 4 nominasiya - “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı ssenarist işi” və “Ən yaxşı qadın rolunun ifaçısı”na görə mükafat qazandı. Düşünürəm ki, bu çox yaxşı xəbərdir. Hər kəs üçün. Qazandığımız uğur sonucda bizim ölkənin adına gəlir”.

Qəhrəmanımız həm də şeir yazır. Şair olmaq istəmədiyini desə də, hər halda ortada inkar edilməz fakt var. Onun “Şair olmaq istımirəm” adlı şeirlər toplusunu nəzərdə tuturam. Saqqınızı oğurlayıb, bir şeir də oxutdurduq müəllifə. Özü də yolçu və yol haqqında:

Su yolu, duman yolu var.
Eşq yolu guman yolu var
Haq yolu, iman yolu var
Yolçu yolda olsun gərək…

Əməkdar artist deyib ki, o hətta bir vaxtlar jurnalistika ilə də məşğul olub. Dolanışıq, əlavə gəlir üçün köşə yazıları yazıb.

Amma onun indi ən sevimli məşğuliyyəti bağda işləməkdir. Sən demə, aktyorun bağbanlıq qabiliyyəti də var. Vidadi Həsənov deyib ki, yaxşı bağban kimi hələ də özünü doğrulda bilmir. Və buna səbəb olaraq vaxt azlığını göstərib: “Məndən yaxşı bağban və yaxşı həyətə baxan olmaz. İş güc, hamısı şəhərdədir. Bir az da səliqəsizlik var. Yəqin ki, bağa təqaüdə çıxandan sonra daha yaxşı qulluq edərəm. Əslində mən bağ işini, təsərrüfatla məşğul olmağı bütünlükdə sevirəm. Düzdür, nə vaxt imkan tapıram, bağa qulluq edirəm. İmkan olmayanda isə deyirəm ki, ay torpaq, ay bağ, məni bağışla”.

Bax belə, daim yalnız bir ampluada gördüyümüz adamlar sən demə, daha nələrləsə məşğul olurlarmış. Özü də ciddi-ciddi. Kimisi aşkar, kimisi də gizli...

X

XƏBƏRLƏR
BÖYÜT