Poeziya teatrı niyə yaradılmır?
12:38 – 09 Yanvar, 2015

Poeziya Teatrı niyə yaradılmır? APA TV-də yayımlanan “Ulduzlu Kvartet” verilişin qonağı olan xalq şairi Fikrət Qoca və bədii qiraətçi Zülfiyyə Eldarqızı bu mövzu ilə bağlı fikirlərini bildiriblər.

F. Qoca qeyd edib ki, poeziya yaranandan Poeziya Teatrı mövcuddur: “Çünki şeir səhnə əsəridir. Poeziyanı rəndələmək və insanına görə paltarını geyindirmək lazımdır. Poeziya insanın yatmış hüceyrələrini oyatmaq üçün ən təsirli vasitədir. Şeir yazılandan sonra onu ifa edən gözəl sənətkarlar yetişməli və bu sənətkarları hazırlayan “Gözəl Sənətlər Universiteti” yaradılmalıdır”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı isə sözdən çox fikrin əsas olduğunu, fikirlə söz bir birini tamamlayanda daha anlamlı olduğunu bildirib “Mən dərs dediyim tədris ocağında məzmunu ilə diqqətimi cəlb edən şeirlərə daha çox önəm verirəm. Bədii qiraət ruhun qidasıdır, lakin bədii qiraətə meyl göstərən gənclərimiz çox azdır”.

Şairin öz dilindən də şeir eşitməyin daha maraqlı olduğunu bildirən Fikrət Qoca bu fikrini belə əsaslandırıb: “Şair öz dilində, öz səsində şeiri yazarkən keçirdiyi hiss və həyəcanları daha effektli ifadə edə bilir. Yazan adamdan öz zəif cəhətini bilən yoxdur. Əslində özü gərək bilsin ki zəif və güclü tərəfləri hansıdır? Belə desək, öz-özünü redaktə edə bilsin. Başqası şair haqqında artıq söz və ya fikir bildirəndə düzgün qərar verə bilsin, bir növ inanmasın. Bu əsl insan gücüdür.”

Gənc yazarlar arasında ümid doğuran imzaların olduğunu da bildirən Fikrət Qoca bu barədə fikrini belə əsaslandırdı: “Gənc yazarlar arasında ümid bəslədiyim imzalar əlbəttə ki, var. Hətta gəncliyimi yada salan şairlər də var. Şeir yazmaq marafon yarışına bənzəyir. Güclü olan qazanır. Həyat yollarında tükənməyən istedadlı şəxslər sonda qazanır. Zamanın süzgəcindən keçən kimlər keçəcək, onu gələcək göstərəcək.”

Son dövrlər aktyor və aktrisaların bədii qiraətlə məşğul olması ilə bağlı suala münasibət bildirərkən Zülfiyyə Eldarqızı deyib ki, aktyorluqla bədii qiraət arasında oxşar və fərqli cəhətlər var: “Əsas odur ki, bədii qiraəti ifa edən şəxs bu prosesə çox ehtiyatla yanaşmalıdır.”

 

X

XƏBƏRLƏR
BÖYÜT