Vyaçeslav Tixonov:"Yalan danışmaq üçün uydurduğu əl jesti dünyaya yayıldı"
14:36 – 21 Yanvar, 2015
O, peşəkar rejissorların ən çox müraciət etdiyi aktyorlardan idi. Mənalı və dərin baxışları ilə yaratdığı obrazları dolğunlaşdıran Vyaçeslav Tixonov.
Hər bir yaradıcı insanın həyatından onu şöhrətə aparan dərin bir xətt keçir adətən. Düzdür, kino tənqidçiləri Vyaçislavın yaratdığı obrazların hamısını demək olar ki, uğurlu hesab edirdilər. Ancaq aktyora ən böyük uğuru "Baharın on yeddi anı" filmində canlandırdığı Ştirlis obrazının gətirdiyini deyirdilər. Demək olar ki, bu obraz Vyaçeslav Tixonovun həyat və yaradıcılığının dönüş nöqtəsi oldu. Beləcə, aktyor Sovet kinematoqrafiyasının ikonasına çevrildi.
Vyaçeslav Tixonov 1928-ci il fevralın 8-də sadə ailədə doğulub. Atası fabrikdə, anası isə məktəbəqədər təhsil müəssisəsində tərbiyəçi işləyirdi. Məktəbi bitirəndən sonra Vyaçeslav hərbi zavodda tornaçı kimi işə düzəlir. Demək olar ki, İkinci dünya müharibəsi dövründə onun işi yalnız bundan ibarət olur. Yalnız ara sıra yorğunluğunu atmaq üçün yaxınlıqdakı kiçik "Vulkan" kinoteatrına gəlib kinolara baxardı. Bu filmlərə baxdıqca Tixonovun ürəyində aktyor olmaq istəyi yaranır. Xüsusən də qəhrəmanlıq filmlərinə maraq göstərən gənc Rusiya Dövlət kinematoqrafiya Universitetinə imtahan verir. Amma imtahandan keçmir. Vyaçeslav heç kimdən, ona baxanlardan belə çəkinmədən səsini başına atıb elə koridordaca ağlamağa başlayır. Bu zaman gənc oğlana yaxınlaşan professor Boris Bibikov onu imtahansız öz kursuna qəbul edir. Beləcə, Vyaçeslav Tixonovun gələcəyini görən peşəkar müəllim həm də Sovet kinosuna peşəkar aktyor qazandırır.
1948-ci ildə universitetin müəllimi Sergey Gerasimov hələ öz tələbələrini başına yığıb "Gənc qvardiya" filmini çəkirdi. Tixonov elə ilk həyat yoldaşı Nonna Mordyukova ilə də bu filmdə tanış olur. Lakin uğursuz bəxt və övlad itkisi aktyora hələ çox əzab verəcəkdi.
Tələbə yoldaşlarından daha yaraşıqlı olmasına baxmayaraq gənc aktyor bu obrazla demək olar ki, heç kəsi təəccübləndirə bilmir. Bu uğursuzluğu onu dərindən sarsıdır. Bir neçə il heç bir rejissordan təklif almayan aktyor nəhayət «Sülh günləri» filmindəki Vladimr Braun rolundan sonra diqqəti cəlb etməyə başlayır. Üstəlik həmin vaxtdan Vyaçeslav həm də teatra dəvət alır. Özünü yalnız kinoda görən Tixonov yeddi ildən sonra teatrı tərk edir. Amma bir neçə filmə çəklisə də aktyor arzuladığı uğuru əldə edə bilmirdi. Tez-tez ümidi kəsilirdi, ruhdan düşürdü. Fikirləşirdi ki, deyəsən doğrudan da onun kinoda bəxti gətirməyəcək. 1957-ci ildə "İş Penkovda olub" filmində sadə kəndli, traktorçu oğlan Matvey Marozovu canlandıran Tixonovu tamaşaçılar lirik romantik aktyor kimi sevməyə başladılar. Kino tənqidçiləri bu obraza onun kübar simasının uyğun olmadığını desələr də Tixonov özü bu rolunu yaradıcılığının ən uğurlu işi hesab edirdi.
Bu film gələcəyin ulduzunun kiçik işartıları idi. Rejissorlar artıq yaraşıqlı və istedadlı aktyoru hətta əsas rol olmasa belə ikinci və ya üçüncü dərəcəli rola da dəvət edirdilər ki, təki filmlərində Tixonovun siması görünsün. "Fövqəladə hadisə" filmdə matros rolunda çəkilir. Filmdə o maraqlı əl hərəkəti göstərir. Deməli, Viktor Rayskiy obrazının uşaqlıqdan qəribə adəti varmış. Əgər o yalan danışırsa guya günah qazanmasın deyə şəhadət barmağı ilə orta barmağını çarpazlayırdı. Əslində Tixonov bu hərəkəti özü uydurmuşdu. Məhz filmdən sonra bu işarə xüsusən uşaqlar və yeniyetmələr arasında geniş yayılmağa başlayır.
Tixonovun üz cizgiləri, ifadəsi mənalı olduğu üçün rejissorlar əksər hallarda onun danışığından çox mimikalarından istifadə edirdilərBu baxışlar Vyaçeslavı həm də qadınların arzuladığı kişiyə çevirmişdi. Əslində bu qədər qadın diqqətinin qarşısında çoxları düşünürdü ki, Vyaçeslavın sevgi macəraları və evlilikləri bol olacaq. Ancaq aktyor işinə daha çox diqqət ayırırdı. Onun ürəyində daha böyük rollar yaratmaq istəyi vardı. Bu illər ərzində o demək olar ki, daha çox müharibə mövzusunda filmlərdə rol alırdı. Ancaq bir gün Tixonov eşidəndə ki, "Hərb və sülh" romanı əsasında kino çəkilir məhz özü bu filmdə rol almaq üçün rejissora müraciət etdi. Beləcə, knyaz Andrey Balkonski rolunu ona həvalə olundu. Dörd il davam edən çəkilişlər zamanı Tixonov hiss edirdi ki, rolun öhdəsindən gələ bilmir. Bəzən bir səhnəni 32 ya 33 dubla çəkirdilər. Ancaq o, bu işi axıra çatdırmalı idi.
Film ekranlara çıxandan sonra Tixonov sərt tənqidlərin ağırlığını daşıya bilmədi. Əslində özü də bilirdi ki, tənqidlər əsassız deyil. Doğrudan da bu rolun öhdəsindən yetərincə gələ bilməyib. Hətta iş o yerə çatdı ki, Tixonov sənətdən birdəfəlik getmək istədi. Ancaq o bilirdi ki, bu küskünlük çox sürə bilməz və onun kinodan uzaq yaşaması mümkün deyil. Cəmi bir il sonra "Bazar ertəsinə kimi yaşayaq" filmində tarix müəllimi İlya Semyanoviç Melnikovu canlandırır. Üstəlik, əvvəllər "Kişi və qadın" filminin çəkilişlərində tanış olduğu Tamara İvanova ilə ikinci dəfə bu filmdə rol alır. Münasibətləri daha da ciddiləşən Vyaçeslav və Tamara filmdən sonra ailə qururlar. Cütlüyün Anna adlı qızları doğulur. Valideyninin yolunu davam etdirən Anna hazırda aktrisadır.
Bu film onların hər ikisinə uğur qazandırdı. Tixonov yenidən toxtadı və hər kəs artıq İlya Melnikov obrazından ağızdolusu danışmağa başladı. Amma qarşıda daha böyük uğur vardı. Hər bir aktyorun arzuladığı ən parlaq və göz qamaşdıran uğur. Hansı ki illər keçəcək və Vyaçeslav Tixonov daha çox bu adla tanınacaqdı. Məşhur Ştirlis...
"Baharın on yeddi anı" serialının çəkilişi planlaşdırılanda rejissor Tatyana Lioznova aktyorların seçimi məsələsinə çox həssas yanaşırdı. Ən xırda səhv addıma belə yol vermək istəmirdi. Ştirlis obrazına çoxlu namizədlər vardı. Hamısının şəkillərini qabağına qoyub bir-bir gözdən keçirirdi. Nəhayət, bu rola yalnız və yalnız Vayçeslav Tixonovun uyğun olduğuna qərar verir. Təbii ki, bu qərarın düzgünlüyünü Tixonov öz istedadı və aktyor oyunu ilə təsdiq edəcəkdi. Və onu dünyaya tanıtdıran obrazı hər kəsə sevdirəcəkdi.
Filmlə bağlı maraqlı bir dedi-qodu hələ də danışılır. Deyilənə görə Leonid Brejnev "Baharın on yeddi" anı filminə baxandan sonra obrazların gerçəkliyinə necə inanıbsa, hətta kəşfiyyatçı Maksim İsayevə - yəni Ştirlisə general rütbəsi verməyi əmr edib. Amma ona izah ediblər ki, reallıqda İsayev deyə bir kəşfiyyatçı olmayıb, bu sadəcə bir obrazdır.
Tixonov bu uğurun səs-küyünü, necə deyərlər, üstündən atmamış 1977-ci ildə çəkildiyi "Qaraqulaq ağ Bim" filmində canlandırdığı yazıçı İvan İvanoviç İvanov obrazı aktyora növbəti uğurunu qazandırır.
Ömrünün sonlarına kimi bir çox filmlərdə rol alan aktyorun kinoda son işi "Günəşdən usanmışlar" filmində olur. Film ekranlara çıxanda aktyor artıq həyatda yox idi. 2009-cu ilin noyabr ayında infarktdan sonra əməliyyat keçirən aktyorun dekabrın 4-də ürəyi birdəfəlik dayanır. Vyaçislav Tixonov sevənlərinin alqışları, göz yaşları və onu ən çox sevdirən «Baharın 17 anı» filminin musiqisinin sədaları altında son mənzilə yola salınır.
X

XƏBƏRLƏR
BÖYÜT