Rafiz İsmayılov: “Ümid edirəm ki, dünya yenə də Azərbaycan kinosundan danışacaq”
17:08 – 21 Yanvar, 2015

Rafiz İsmayılov: “Mən deyəndən sonra Babəkin qarşısından pomidoru götürdülər”

 

“Kinoda hər şey dəqiq və inandırıcı olmalıdır. Hətta geyimdə balaca bir düymə düz olmasa tamaşaçının kinoya olan inamı tamamilə itir. Tamaşaçı artıq bilir ki, bu çəkilib”. Bunu “Rəng...Fırça...Palitra...” verilişinin qonağı, uzun illərdir Azərbaycan kinosuna xidmət edən, Azərbaycanın çoxsaylı filmlərinə imzasını qoyan, xalq rəssamı Rafiz İsmayılov deyib.  

 

Ömrünü Azərbaycan kinosuna həsr edən qonağımız bu sənətə gəlişindən, maraqlı hadisələrdən, bu sahənin sirli tərəflərindən, kinomuzun mövcud durumundan söz açıb.  Rafiz müəllim kino sahəsini seçməsi qərarını “Bir məhəllədən iki nəfər” filminin çəkilişi müddətində verib: “4-cü kursda oxuyurdum, o zaman Rəssamlıq Texnikumu Bakıda Malakan Bağında yerləşirdi. Mən etüdnik çiynimdə çıxdım, Tarix Muzeyi tərəfə gedirdim. Orada cürbəcür xarici maşınlar, qəşəng geyimli adamlar gördüm. O qədər maraqla baxdım, Bakının bir küçəsi İstanbulun bir guşəsi olmuşdu sanki. Bu səhnələr mənə çox təsir elədi. Həmin vaxt rejissoru Əjdər İbrahimov olan “Bir məhəllədən iki nəfər” filminin çəkilişi gedirdi. Qaranlıq düşənədək çəkilişə baxdım. Elə həmin gün qərarlaşdırdım ki, mən məhz kinoyla məşğul olmalıyam. Çünki gördüm ki, kinoda bir rəssam bir dövrü yarada bilər. 1976-77-ci illərdə “Qəribə insan” iki seriyalı film çəkilirdi və məni bu filmə dəvət elədilər. Mən heç inana bilməzdim ki, Əjdər İbrahimovla bir filmdə işləyəcəyəm. İndi biz təyyarəyə minib istədiyimiz vaxt Türkiyəyə gedə bilərik. Amma o vaxtlar, Sovet dövründə çətin idi. Söz açdığım filmdəki hadisələr İstanbulda cərəyan edirdi. Bu filmi çəkmək üçün mən günlərlə arxivlərdə oldum, İstanbulu araşdırdım və bu şəhərin bir guşəsini yaratdım. Cəmil Əlibəyov o zaman bizim rəhbərimiz idi. O gəldi, məni görəndə dedi: “Sən Türkiyədə olmusan?” Dedim yox. Dedi “sən Çarşıbazarı elə yaratmısan ki, elə bil gözünlə görmüsən”. Kino rəssamı öz xəyalı ilə o dövrü yarada bilər”.

 

1962-ci ildə Əzim Əzimzadə Rəssaçlıq Texnikumunu bitirdikdən sonra, Rafiz İsmayılov  “Azərbaycanfilm” Kinostudiyasına işə düzəlib. “Yenilməz batalyon”  filminin quruluşçu rəssamının assistenti olub. Rəssam bizimlə söhbətdə həmin filmin çəkilişi dövründə bəzi problemlərin ortaya çıxmasından da danışıb: “Filmin çəkilişləri əsasən Şəki və Zaqatalada keçirilirdi. Çəkilişləri Zaqataladakı həbsxanada olmalı idi, amma çəkiliş etməyə icazə verilmədi. Nadir Zeynalov o filmin rəssamı idi. Biz həmin həbsxananı Şəkidə qurduq. Assistent olsam da o qədər çətin idi. Hətta aylarla mən Şəkidə qalmalı olurdum. Hər bir film üzərində  bir il və ya il yarım işləmək lazımdı. Hər şey onun əsasən ssenarisindən başlayır. Ssenarini oxuyarkən o hadisələrin iştirakçısı olmalı, özünü o adamların arasında hiss etməli, həmin dövrü bilməli və dərindən öyrənməlisən. “Ölsəm bağışla” filmində hadisələr 1946-cı ildə cərəyan edirdi. Bu film 1978-ci ildə çəkildi və həmin vaxt 46-cı ildən çox şey dəyişmişdi. Bakı tamam gözəlləşmişdi, amma mən öz sənətimlə həmin Bakını göstərməli idim. Bir artıq nüans olmamalı idi. Teatrın özünə xas olan üsulları var, teatrda hər şey şərtidir. Kinoda şərti heç nə yoxdur. Rəssam həm kosmosu, həm də tarixi mükəmməl bilməlidir”.

 

Söhbət əsnasında filmlərdəki maraqlı məqamlara da toxunan Rafiz İsmayılov Eldar Quliyevin rejissoru olduğu “Babək” filminin çəkilişindən də danışıb. Bu filmin rəssamı Mayıs Ağabəyovdur. Əgər Rafiz müəllim bu filmin çəkiliş məkanına getməsəydi, filmdə həmin dövrə xas olmayan pomidor da Babəkin qarşısına qoyulacaqmış: “Getdim çəkilişə baxmağa, gördüm nahar səhnəsi çəkilir. Rasim Balayevin qarşısında yeməklər və onların arasında pomidor da var. Mən də Mayisə dedim ki, axı o dövrdə pomidor yox idi. Və bu müdaxilədən sonra Mayis həqiqətən də bunu təsdiqlədi və pomidor kadrdan yığışdırıldı. Pomidor Bakıya 1912-ci ildə gəlib”.

 

Verilişin bu buraxılışında kino rəssamının kinodakı işinin pərdəarxasında qalması faktına toxunmaya bilməzdik. Bu sualı Rafiz İsmayılov belə cavablandırıb: “Kinoya baxanda rəssam görünməməlidir. Bu rəssamın baş ucalığıdır. Xaricdə operatoru ilk gündən çağırmırlar. Rəssam dekorları tikəndən sonra bir operator çağırırlar ki, bir həftə müddətinə bütün dekorları çək. Tarixi film rəssamsız mümkün olmaz. Rejissor üçün fərqi yoxdur, qədim Yunanıstanı, və ya Romanı çəkir. Amma rəssam o atmosferi yaradır. Müasir filmdə hərdən bir kostyum rəssamı dəvət edirlər və harada gəldi çəkirlər. Mən inanıram ki, nə qədər kino olacaq, rəssam tələb olunacaq”.

 

Hazırda çəkilən filmlərdə çox vaxt kompüter qrafikasından istifadə olunduğunu bildirən kino rəssamı, o zamanlar bunların çox çətinliklə başa gəldiyini də deyib. Rafiz müəllim “Antoni və Kleopatra” filmini buna misal olaraq göstərib: “O zaman Moskvada oxuyanda maraqlı filmlər nümayiş etdirirdilər. Bizə bu filmi göstərəndə Kleopatranın Romaya necə gətirildiyi səhnəsini təəccüblə qarşıladım. Axı bunu necə eləmək mümkündür-deyə düşünmüşdüm”.

 

Azərbaycan kinosunun bu günündən söz açan qonağımız, kinomuzun yenidən dünyaya səs salacağına ümid etdiyini də vurğulayıb: “Hazırda kinostudiyaya yeni gənc rejissorlar gəlib. Çox istedadlı kadrlar var. Bu yaxınlarda kinostudiyada bərpa işləri başlamalıdır. İnanıram ki, kinomuzun müasir dövründə böyük və maraqlı nələrsə olacaq. Mən buna ümidlə baxıram. Zaman gələcək 70, 80-ci illərdə Azərbaycan kinosundan necə danışırdılarsa, yenə elə danışılacaq”.

 

Veriliş əsnasında Rafiz İsmayılov emalatxanasındakı filmlər üçün işlədiyi eskizləri  də göstərib. Sonda isə kədərli şəkildə yarımçıq qalan və Zeynalabdin Tağıyevə həsr olunmuş filmin səhnələrini tamaşaçılar üçün nümayiş etdirib.“Çox təəssüf bu film çəkilmədi. Bütün səhnələri artıq hazır idi...”  

X

XƏBƏRLƏR
BÖYÜT