Fazil Mustafa: “Futbol oynamadığım günlər yazı yaza bilmirəm”
11:33 – 26 Yanvar, 2015


“Kabab bişirə bilmirəm və ümumiyyətlə yeməyə qarşı xüsusi bir tələbim yoxdur. Mən yataqxanada qalmışam. Orada bişirməyi bacardığım iki yemək var idi. Biri kartof qızartmaq. Amma əslində qızardanda yaxşı bişmirdi deyə əsasən qabın ağzını örtüb kartofu buğda bişirirdim. Digər yeməyi hazırlamağı isə Türkiyədə yaşayanda öyrənmişdim. Tərəvəzləri qaba yığıb yenə də buğda bişirirdim.

Bunu APA TV-nin “Sən demə” verilişinə deputat Fazil Mustafa deyib:

"İndi xanımım var və o, hər cür yemək bişirə bildiyi üçün, mən tənbəlləşmişəm. İndi tək qalsam belə hazır nələrəsə üstünlük verirəm, özüm nəsə hazırlamıram. Ancaq hər halda yumurtanı tavaya vura bilirəm”.

Sən demə, Fazil bəy uşaqlıqdan başladığı hər gün futbol oynamaq məşğuliyyətini indi də davam etdirir.

“ Həftənin altı günü, üç gün səhər üç gün isə axşam futbol oynayıram. Bu oyunun üç günü peşəkarlarla baş tutur, digər üç günü isə gənclərlə keçir. Mən futbol oynamadığım günlərdə yazı yaza bilmirəm. Oynadığım günlərdə isə daha məhsuldar işləyirəm. Futboldan sonra bütün gərginliyimi atıram. Futboldan sonra ən xoşuma gələn məqam onun müzakirəsidir. Oyunda qalib gəldiyimiz komandadı alt mərtəbəyə gətirmək, gülüş obyektinə çevirmək, özümüz məğlub olanda isə eyni şeyi öz üzərimizdə hiss etməkdir. Futbol, uşaqlıqdan b günə qədər gətirdiyim, həyatımın ən maraqlı xobbisidir. Bunu ortaq məktəb illərindən çöldə, dar küçələrdə, müxtəlif məkanlarda oynamışıq.

Həmsöhbətimiz hərbi xidmətdə də futboldan ayrılmayıb. Bu barədə yadına düşən bir epizodu da tamaşaçılarımızla bölüşüb:

“Əsgərlikdə olanda “Dinamo-Kiyev”in oyunçularının bir qismi siqaret çəkib, spirtli içki qəbul etdiyinə görə məşqçiləri onları bizim hərbi hissəyə yollamışdır. Ona görə də bizim komandanın heyəti əsasən “Dinamo-Kiyev”in əvəzedicilərindən ibarət idi. Daxili qoşunların çempionatının final oyununda 3/1 biz qalib gəldik və topların 3-nü də mən vurdum rəqibin qapısına. Məni məhz o oyuna görə komandirimiz vaxtından əvvəl hərbi xidmətdən azad etdi. Yəni futbolun xeyrini hərbi hissədə də gördüm. Uşaq vaxtı ailədə bizi futbola buraxmırdılar. Bu işə yaxşı baxmırdılar. Elə bilirdilər futbol izafi işdir və deyirdilər sən mütləq kitab oxumalısan. Mən yaxşı oxuyurdum və ailədə elə bilirdilər ki, oxumaqdan başqa görəcəyim hər iş avaraçılıqdır. Məhz buna görə peşəkar futbola istiqamətlənə bilmədim”.


Deputat azarkeşlik elədiyi klublardan da danışıb:
“Əvvəllər “Qalatasaray”ı, “Liverpool”u dəstəkləyirdim. İndi konkret bir komandaya azarkeşlik etməyi üstün tutmuram. Fanatizmə yaxşı yanaşmıram. Bir komanda bu il yaxşı oynaya bilər, gələn il yox və ya əksinə. Ancaq sevdiyim oyunçular var. Hazırda "Bavariya"da oynayan Arjen Robbeni dəstəkləyirəm. Elə "Bavariya"nın indiki oyun üslubunu da çox bəyənirəm. Robben müasir futbolda üslubundan ən çox razı qaldığım, zövq aldığım oyunçudur. 1982-ci ilin dünya çempionatında İtaliya qalib oldu. O vaxt Paolo Rossi adlı oyunçu var idi İtalya komandasında. O mənim kumirim idi. Və mənim bütün futbol köynəklərimdə onun adı və nömrəsi yazılmışdı. Mənim öz üslubum da Rossininkinə çox bənzəyirdi".


Sən demə Fazil bəy, bosketbol, şahmat da oynayırmış. Bizimlə söhbət zamanı bu barədə də danışıb:

“İstər futbol, istərsə də basketbol həm də intellektual oyundurlar. Burada olan düzülüş, topla davranış, oyunu hiss etmə siyasətdə də öz təsirini göstərir. Oynadığın üslubu siyasətdə də tədbiq edə bilirsən. Bilirsən ki, müdafiədə, hücumda nə etməlisən. Bütün bu oyunlar zəka tələb edir. Bu baxımdan şahmatı da çox sevirəm. Elə olar ki, gündə bir neçə partiya oynayaram. Oynadığım adamlar isə müxtəlif kateqoriyadandır. İndi daha çox millət vəkilləri ilə oynayıram. Bir müddət şahmat dərnəyinə gedirdim. Bir dəfə orada maraqlı bir hadisə oldu. Şəhər çempionatına çıxmışdırq və 4 nəfər idik. Üç oğlan bir qız. Qaydalara görə əgər hesabda bərabərlik olardısa üstünlük qızın oynadığı komandaya verilirdi. Çıxdıq finala. Mən şahmatı yaxşı oynayıram. Amma komandada zəif olduğum üçün ilk sırada yarışırdım. Cəmi 1 oyun uddum, qalan 8-ni uduzdum. Amma komandanın digər üzvləri qalib gəldi və onların hesabına qalib olduq. Komandanın kapitanı kimi mükafat mənə verildi. Baxmayaraq ki, mən bütün oyunları uduzmuşdum".

Söhbətin sonunda Fazil Mustafa kitabları çox sevdiyini də deyib:
“Kitaba marağımın, sevgimin həddi ölçüləcək dərəcədə deyil. Kitaba maraq həyatımın ayrılmaz hissəsidir. Çalışıram ki, günə heç olmasa 35-40 səhifə nəsə oxuyum. İşim nə qədər çox olsa da çalışıram ki, oxumaq vərdimişi azaltmayım”.

X

XƏBƏRLƏR
BÖYÜT