Yalçın Rzazadə: "Sənət millət üçün yox, dünya üçün olmalıdır"
18:22 – 28 Yanvar, 2015

"Gözümün önündə qocalır anam" mahnısını iki ay efirə buraxmadılar ki, sovet anası qocalmaz". Bu sözləri "İlqar Rəsul və ..." verilişinin bu dəfəki qonağı Xalq atristi, professor Yalçın Rzazadə deyib. O, uşaqlığı və musiqiyə həvəsinin yaranması haqqında aşağıdakıları söyləyib: "Azərbaycanda ilk dəfə əlinə altısimli akustik gitara alıb həm ölkədə, həm ölkə xaricində konsertlər verən müğənni mən olmuşam. Gitara ömür boyu mənim dostum olub. Geyim zövqümü isə anam formalaşdırıb, uşaq vaxtı balışımın altına qoyduğu hədiyyələri ilə. Uşaq vaxtı yaxşı rəsmlər də çəkirdim. Atam əqidəli partiya işçisi idi, Masallının, Lənkəranın, Lerikin birinci katibi vəzifələrində işləyir, biz də zabit ailəsi kimi onun ardınca tez-tez ünvanımızı dəyişirdik. Uşaqlıqda qapalı həyat keçirməyi sevirdim, tay-tuşlarıma qoşulmaqdansa balıq ovuna gedirdim, uşaqlar futbol oynayanda mən kolxozda yeşik mıxlayırdım. Heç vaxt atama əl uzadıb pul istəməmişəm. Məsələn, elə vaxt olub, soyuqda paltom olmadığına görə anamın paltosunu astar üzünə çevirib geyinmişəm. Əvvəllər utanırdım belə şeyləri deməyə, indi isə fəxrlə danışıram".

Müğənni səhnə geyimlərinə olan tamaşaçı marağından, sovet senzurasının sənətə müdaxiləsinin acı nəticələrindən də danışıb: "Hansı ölkəyə gedirdim geyimimə təəccüb edirdilər. Xarici ölkələrə gedərkən başqalarından fərqli olaraq, geyimdən çox uşaq oyuncaqları alırdım. Evimiz doluydu şir, pələng, zürafə və s. heyvan oyuncaqları ilə. Sonra fikirləşdim ki, mənim oyuncaqlara bu qədər marağımın olmasının səbəbi yaşanmamış uşaqlığımdır. Geyimə gəlincə, mənim səhnəyə smokinqlə, enli ispan qayışlı cins şalvarla çıxmağımın səbəbinə gəlincə, həmişə düşünürdüm ki, sənətdəki adamla həyatdakı adam bir-birinə oxşamamlıdır, nəsə fərq olmalıdır. O vaxt mənim həm mahnılarım, həm də geyimim tamaşaçılar üçün yeni idi. Mənə görə sənət əziyyətin nəticəsidir. məsələn, musiqisi Oqtay Kazımova, sözləri Cabir Novruza məxsus bir mahnım var idi: "Gözümün önündə qocalır anam". O mahnını iki ay efirə buraxmadılar ki, sovet anası qocalmaz. Brejnevin sonuncu gəlişi zamanı o vaxtkı Lenin sarayında əmək qəhrəmanlarına həsr olunmuş üç bəstəkarın, Oqtay Kazımovun, Emin Sabitoğlunun və Telman Hacıyevin birlikdə yazdığı bir mahnını oxumalıydım. Uzun-uzadı məşqlərdən sonra nazirlikdən o mahnının oxunmasını qadağan etdilər. Biz həmin gün Telmanla məyus halda ayrıldıq, axşam evinə zəng edəndə həyat yoldaşı ağlaya-ağlaya dedi ki, Telman ikitərəfli infarkt keçirib. Tofiq Quliyev bir dəfə gəmidə mənə dedi ki, sən öz dövrünü qabaqlamısan, ona görə səni incidirlər".

"Mən sənətdə heç vaxt yüngül qazanc dalınca qaçmamışam. İslandiyada, Amerikada, İsveçrədə... hansı ölkədə olmuşamsa o ölkənin dilində mahnı oxumuşam. Mənim fikrimcə, sənət millətin yox, dünyanın olmalıdır" deyən Yalçın Rzazadə öz həyatından, insanlara münasibətindən də söz açıb: "783-84 mahnı oxumuşam, indi özüm də təəccüb edirəm; haçan oxumuşam bu mahnıları?
Həyat əyilməz insanların çiynində daha güvənli olur. Mən fəxri ad alanda nə qədər elədilər kommunist partiyasına üzv olmadım, baxmayaraq ki atam əsl veteran kommunist idi. Bir dəfə ona dedim ki, sən də bu partiya biletini cır at. Dedi, sənə bir şillə vuraram... o bilet mənim namusum, əqidəmdir. Mən isə dedim ki, mənim partiyam kommunist partiyası deyil, bizi yaradan Allahdır. İnam mənim qanımda var, yəqin, babamdan keçib. Mən hər şeyə, sənətimə də, gənc dövlətimizin varlı, xoşbəxt gələcəyinə də səmimi qəlbdən inanıram. Hərdən evdə uşaqlarım deyir ki, ata, sən uşaq kimisən, hər şeyə inanırsan. Mən daha dəyişə bilmərəm. Uşaqları çox sevirəm, Azərbaycan musiqi tarixində mənim qədər uşaqlara mahnı oxuyan müğənni yoxdur, bəlkə də.
Mən vətən sözünü boğazdanyuxarı deyib mənasını başa düşməyənlərdən deyiləm. Mən adamlardan inciyə bilərəm, vətəndən yox. Mən ölümdən qorxmuram, hər gün onu gözləyirəm. Hərdən mənə deyirlər ki, siz on beş il əvvəl oxuduğunuz mahnını indi daha yaxşı oxuyursunuz. Bu özü də bir xoşbəxtlikdir. Mənim həyatda qorxduğum satqınlıqdır, ikiüzlülükdür, dədə-babalarımızdan qalan abır-həyanın, qeyrətin itirilməsidir".

Xalq artisti sonda həyat dostu gitara ilə birdəfəlik vidalaşmasının səbəbini də açıqlayıb: "Sonuncu dəfə gitaranı əlimə Rusiyada yaşayan qardaşım Bakıya qonaq gələndə götürmüşəm. Onunla gecəyarıyacan çalıb-oxuduq. Xoşuma gələn "zekskiy" mahnılar oxudum. Rusiyaya qayıdandan üç gün sonra xəbər gəldi ki, onu orada öldürüblər. Vurub qarın üstünə atmışdılar. O vaxtdan mənim gitaralarım bükülüb evdə bir qırağa qoyuldu".

X

XƏBƏRLƏR
BÖYÜT