Demis Russos: "Onu yemək yox, stress kökəltdi"
11:52 – 04 Fevral, 2015

"Mənim geniş ürəyim var. Gənc olanda həmişə dünya səyahətinə çıxmağı arzulayırdım. Hazırda demək olar ki, bu arzularımı həyata keçirirəm. Qastrol səfərlərim təkcə özümü tanıtdırmaq və konsert vermək üçün deyil, həm də maraqlı yerləri gəzmək və mənim musiqilərimi tanıyan insanların üzünü yaxından görmək üçündür."


Hər mənada nəhəng adam Demis Russos. O, təkcə geyimlərinə görə yox, həm də xarakter cəhətdən maraqlı adam idi. Yaradıcılığı boyu saysız hesabsız konsertlər verən müğənni enerjisi, musiqi zövqü ilə ölənə qədər aktuallığını itirmədi. Əslində, əvvəllər truba və gitara ifaçısı idi. Lakin sonralar Demis dostlarına və ətrafına oxumaq məharətini də göstərəndən sonra ona əməlli başlı qol qanad verən təriflər eşidir. Bundan sonra qərara gəlir ki, niyə də oxumasın. O düşünürdü ki, insanlara həm də rəqs etmək üçün musiqilər də yaratmaq və ifa etmək lazımdır. Beləcə dostları Vanqelis və Lukasla birgə 1963-cü ildə «Aphrodite’s Child» qrupunu yaradırlar. Yaradıcılığını davam etdirmək üçün qrup Parisə yollanır. Məhz onları tanıtdıran və sevdirən "Rain and Tears" mahnısı da orada yaranır.

 

Bir müddət qrupda fəaliyyət göstərən Demis 1971-ci ildə solo karyeraya başlamağa qərar verir. Uzun çalışmalardan sonra 1974-cü ildə ərsəyə gətirdiyi "Forever and Ever" albomu ona böyük uğur qazandırır. 1975-ci ildə isə "Happy To Be On An Island In The Sun" mahnısı müğəninin Böyük Britaniyada şöhrətinin yayılmasına əsas səbəb olur.

 

Diqqət etdinizsə bayaqdan çəkdiyimiz mahnı adfları və ifaların hamısı ingilis dilindədir. Bax belə möhtəşəm əsərlərin ingilis dilində olması məşhur müğənninin öz xalqı tərəfindən sevilməməsinə gətitib çıxarıb. Hətta siz indi Afinanın küçələrində sorğu aparsanız yalan danışmaqdan çəkinməyərək Demis Russosu tanımadıqlarını deyən nə qədər adamla rastlaşarsınız. Onun adını belə eşitmək istəməyən həmvətənələri var.
Əslində xalqının müğənniyə nifrət çox küskünlüyü vardı. Sadəcə onlar topağından, qanından olan dünyaca məşhur müğəninin bir dəfə olsun doğma dilində mahnı yazmamasını və ifa etməməsini həzm edə bilmirdilər. Təsəvvür edin ki, hətta hansısa restoranda Demisin mahnısı ifa olunanda qonaqlar rəqslərini yarıda dayandırırlar.

 

Anacaq Demis Russos əsas yaşayış yeri Paris olmasına baxmayaraq tez-tez Yunanıstandakı evinə gəlir, ayılarla burda qalıb istirahət edirdi. Uşaqlığı, ən şirin xatirələri məhz vətəni ilə bağlı idi. Əsl adı Artemios Venturis Russos olan müğənni 1946-cı ilin 15 iyununda Misirdə professional musiqiçi ailəsində doğulub. Anası anası italyan və türk musiqilərin peşəkar rəqqasəsi idi. Atası isə mühəndis olmaqla yanaşı klassik gitarada ifa etməyi bacarırdı. Ailədəki yaradıcı əlbəttə ki, Demisin həyatının seçimini etməsinə böyük şans yaratdı. O, musiqi məktəbini bitirəndə artıq gitara, truba, kontrabas və orqanda ifa etməyi bacarırdı.

 

Şöhrəti artdıqca müğənni demək olar ki, dünyanın bir çox ölkələrinə konsert təklifləri alırdı. Demisi sevənlərin sayı hesabı yox idi. Hər konsertində insan selinin qarşısını almaq üçün çoxlu sayda polis cəlb olunurdu. Qızlar onun dərdindən dəli divanə idi. Ancaq Demis şəxsi həyatını demək olar ki, ömrünün sonuna kimi gizli saxlamağı bacarmışdı. Üç rəsmi, bir vətəndaş nikahında yaşayan Demisin uşaqlarının və ailəsinin mətbuatda çox az şəkli və kadrı var. Bunun ən böyük səbəbi isə müğənnin başına gələn və həyatında dərin iz buraxan qorxulu hadisə idi. Belə ki, 1985-ci ilin 14 iyununda Afinaya ikinci həyat yoldaşının yanına gedən Demisin sərnişini olduğu "Boinq-727" təyyarəsi terroristlər tərəfindən ələ keçirilir. Təyyarənin içində quldurlar öyrənir ki, onların sərnişinlərindən biri məşhur müğənni Demis Russodur. Əllərinə keçirdikləri dəyərli qənimətlərinin həzzini yaşayan terroristlərin tələbi də ağır olur. Təyyarə demək olar ki, beş gün quldurların nəzarətində qalır. Onlar müğənninin ayağına atəş açırlar. Sonra isə onun sağlığına içirlər. Bu ağır hadisə Demisə psixoloji olaraq da çox pis təsir edir. Bədənində maddələr mübadiləsi pozulur və çəki artımı baş verir. Həmişə səhnədə çox aktiv hərəkətlər edən Demis 160 kiloya çatanda demək olar ki, səhnədə çox vaxt oturar və ya bir yerdə dayanardı. Buna baxmayaraq yenə də dayanmadan konsertlər verirdi. Bu kilolarla enerjisi ölməyən müğənni müxtəlif ölkələrdə təxminən 200 konsert proqramı ilə çıxış etmişdi. Hətta "Mən necə kökəldim" adlı kitab da çap etdirir. Beləcə o, özünə həyat devizi seçir. Yüksək səslə oxumalı, amma sakit yaşamalıdır.

 

Bu hadisədən sonra o, daha da diqqətli yaşamağa başlayır. Heç bir jurnalistə ailəsinin şəklini çəkməyə icazə vermirdi. Düşünürdü ki, terroristlər onun ailəsini də tapıb zərər verə bilərlər. Məhz buna görə qanuni arvadı və uşaqları Parisdə hər kəsdən uzaq bir yerdə yaşayırlar. Heç vaxt Russos familiyasını istifadə etməyiblər. Müğənninin arxivdə yalnız qızı ilə olan bir neçə qısa görüntüsü qalıb.

 

Müğənninin digər maraqlı vərdişləri də vardı. Həmişə müsahibə verəndə iz itirmək üçün başqasının yaxtasını özününkü kimi qələmə verirdi. Yaxud daimi getdiyi kilsə əvəzinə başqa kilsənin adını deyirdi. Çoxları inanmaz ki, bu qədər kilolu adamın gündəlik qida rasionunda yağlı buğlu qidalar demək olar ki, yoxdur. 40 ildir saat altıya kimi yalnız su içir, axşamlar isə yüngül salatlarla qidalanırdı.

 

Ömrünün sonlarına yaxın sakit və rahat həyat tərzinə üstünlük verən Demis vətəndaş nikahında olduğu, özündən xeyli kiçik qadınla və iki azyaşlı qızı ilə şəhərdən kənar təbiət mənzərəli evdə yaşayırdı. Müğənni tez-tez qızları ilə söhbətlər edir, onlara maraqlı hekayələr danışırdı. Axşamlar isə hətta gecə geyimində studiyaya girər tək qalıb yaradıcılıqla məşğul olardı. Yaşı artdıqca ayağından aldığı zərbə onun daha da çox axsamağına səbəb olurdu. Ancaq heç kəsə bu qüsurunu göstərmək istəmirdi. Çalışırdı kiminsə köməyindən istifadə etməsin. Kamera qarşısında olanda onu bu formada çəkməklərinə icazə vermirdi. Yenə gənclikdə olduğu kimi tez-tez dəniz kənarına gəlir, özü ilə baş-başa qalırdı. Kliplərində də görünür ki, Demisin təbiət görüntüləri və xüsusən də atlar üstünlük təşkil edir.

 

Yaşlı olması müğənnin görkəminə təsir etsə də lirik tenor səsi daha da xarizmatik tonla əvəz olunmuşdu. İllərdir onu sevdirən və heç vaxt yaddaşlardan silinməyən "Goodbye my love" mahnısını bütün konsert və verilişlərdə tamaşaçılar müğənnidən oxumağını xahiş edirdilər.
Təbii ki, Demis Russos bilirdi ki, bir vaxt gələcək və bu mahnı ilə sağollaşacaq, hamıya, həyata əlvida deyəcək. 2015-ci ilin 25 yanvarında vəfat edən müğənnini məhz bu mahnının sədaları altında əbədiyyətə yola saldılar.

X

XƏBƏRLƏR
BÖYÜT