Ramiz Həsənoğlu: "Ömrüm boyu nə aktyor, nə rejissor olmaq istəmişəm"
15:43 – 19 Fevral, 2015
APA TV-nin "İlqar Rəsul və..." verilişinin budəfəki qonağı Xalq artisti, rejissor Ramiz Həsənoğlu olub. Qonağımız ilk növbədə rejissorluq sənətinin spesifikliyindən danışıb: "Mən həmişə yaradıcı bir adam kimi istəmişəm ki, əlimi tamaşaçının sənətlə bağlı olan nəbzinin üstündə saxlayım. İllər keçir, nəsillər dəyişir, əgər mənim otuz il bundan qabaq çəkilmiş işlərim bu gün də göstərilirsə, buna sevinirəm, düşünürəm ki, deməli, biz hələ lazımıq. Bu yaxınlarda mən öz aləmimdə "Günahsız Abdulla"nın otuz illiyini qeyd elədim. Bu tamaşa öz dövrü üçün bir yenilik idi. Mən hər zaman bir işi bitirməmiş, o biri işin ideyası haqqında düşünən adamam. Amma təkcə mənim düşünməyimlə deyil ki. Rejissorluq özündə bir çox sənət sahələrini, yazıçılığı, rəssamlığı, bəstəkarlığı birləşdirir. Burda operatorun gözü var, aktyor oyunu var. Ordu diliylə desək, bu işdə bir batalyon, bir alay çalışır. Yazıçıdan, bəstəkardan, rəssamdan fərqli olaraq biz rejissorlar sənətimizlə təkbətək qala bilmirik. Rejissorla yazıçının, rəssamın tənhalığının kökü bir olsa da, yolu ayrıdır".

Xalq artisiti uşaqlıq, gənclik illərindən də danışıb: "Mən kimim sualının cavabı kifayət qədər mübhəm və intim məsələdir. Mənim kimliyim cəkdiyim əsərlərdi, filmlərdi, verdiyim müsahibələrdi. Valideynlərim də sənət adamları olub, məni bu sənətə onlar gətiriblər. Onlar müxtəlif teatrlarda çalışırdılar, 30-cu illərdə İrəvan teatrında, sonra Gəncə, daha sonra Bakı, sonra yenə İrəvan teatrlarında işlədilər. Mən hələ uşaq vaxtından teatra kulis arxasından baxırdım. 48-ci ildə Ermənistandan azərbaycanlıları "ermənilərə yaşamaq üçün məsafə lazımdır" hiyləsi ilə çıxaranda bizim ailə Gəncəyə köçdü. O vaxt mənim iki yaşım vardı. Maraqlıdır ki, o vaxt qatarla köçməyimiz mənim yadımdadır, kimə deyirəm inanmır. Yadımdadır ki, o vaxt Qaraxan deyilən bir aktyor var idi. İçən adam idi, əsl sənət fədaisi idi. Onun içməyi bir əfsanəyə çevirilmişdi. Həmişə də içmək üçün elə adam axtarırdı ki, hesabı da o adam ödəsin. Məsələn, birini qaralayırdı ki, təzə xəbər var gedək 150 qram araq al, o xəbəri sənə deyim. Adam imtina edəndə deyirdi ki, onda 100 qram al, xəbəri sənə deyim. yenə imtina eşitdikdə deyirdi ki, yaxşı, gedək mən sənə 150 qram alım, o xəbəri də sənə deyim. İrəvan teatrı o qədər də yadıma gəlmir, amma Gəncə teatrında aktyorların necə yük maşınlarının "kuzovunda" rayonlara qastrollara getməsi yadımdadır. Amma mən ömrüm boyu nə aktyor olmaq istəmişəm, nə də rejissor. Uşaq vaxtı yanğınsöndürən olmaq istəyirdim. Uşaq vaxtı yelləncəkdə başım gicəlləndiyi üçün təyyarəçi olmaq arzum da alınmadı. Sonra boyum uzandı, idmançı olmaq istədim. Ramiz Rövşən 50 yaşımda mənə bir şeir yazmışdı, o şeirdə boyumla bağlı belə bir yer vardı:
"Ay adaş, yavaş-yavaş gəlib çatdıq əlliyə,
Nə tərifə möhtacıq, nədəki təsəlliyə.
Ötən günə gün çatmaz, görən, sabahda nə var?
Sənin boyun uzundur, bax gör uzaqda nə var".
Bu şeirdən sonra görüşəndə hamı məndən uzaqları soruşurdu".

Ramiz Həsənoğlu sənət və həyat münasibətlərindən də söz açıb: "Aktyor seçimində bəzən səhvlərim olub. Bəzən səhvimi yarıda düzəltmişəm, bəzən isə özümə əzab verib o aktyorla işləmişəm. O aktyorda əzab çəkə-çəkə mənimlə işləyib. Mənə görə, insan təbiətin şahıdır, sözsüz ki, düşünən insan. Amma bəzən insanı təbiətin ən axırıncı varlığı kimi də görmək olur, bu isə incəsənətin mövzusudur. Belə bir fərziyyə var ki, indiyədək yer üzündə yeddi sivilizasiya olub, məncə, bu sivilizasiyaların hamısının mərkəzində insan dayanıb. 40 il bundan qabaq "SSRİ-nin radio və televiziyaları" adlı bir jurnal var idi, orada Qara Qarayev müəllimi Şostakoviç haqqında belə bir söz demişdi: "Əgər bizim sivilizasiya məhv olsa və yeni sivilizasiyanın insanları Şostakoviçin not yazılarını tapsalar, bizim məhv olmuş sivilizasiya haqqında hər şeyi öyrənə biləcəklər". Dərinlik insana dərd gətirir. Mən Qərb və Şərq mədəniyyətlərinin qovşağında formalaşan bir insan olsam da, düşünürəm ki, daha çox şərqliyəm. Ona görə də heç vaxt heç yerə getmək istəməmişəm".

Hələ tələbə vaxtından gündəlik yazdığını dilə gətirən rejissor bu yayı bütünlüklə mütaliəyə həsr etdiyini də deyib: "Gənc olarkən oxuduğum kitabların bir çoxunu yenidən oxudum. Bütün yayı Bulqakovun əsərlərinin mütaliəsi ilə keçirdim. Bulqakova bu yaşımın gözüylə yenidən baxdım. Sonra Anarın bütün kitablarını oxudum və gördüm ki, Anarın nəsrində 60-cı illərin Bakısı haqqında çox gözəl serial çəkmək olar. Əgər bir gün gəlib mənə desələr ki, sən daha lazım deyilsən, mən, sadəcə, qapını örtüb gedrəm".
 
X

XƏBƏRLƏR
BÖYÜT