“Müğənnidən adama dost olmaz”...
13:16 – 25 Fevral, 2015

“Həyatımda çətinliklər çox olub. Dostun düşmənçiliyini də, düşmənin dostluğunu da görmüşəm. Amma bütün hallarda ayaqda durmağı bacarmışam. Həyatımdan şikayət etmirəm. İki gözəl övladım, məni sevən yaxınlarım var”.  Bunu  APA TV-nin “Kimsən sən” verilişinin qonağı müğənni Rəqsanə İsmayılova deyib.

 

Uşaqlıqda dəcəl olduğunu deyən müğənni qızının da eyni xarakterdə olduğunu söyləyib və bildirib ki, əslində bu xoş olmayan keyfiyyətdir.

 

“Mən evin kiçik qızı idim. Məndən böyük bacım var. O, həmişə mənə görə döyülürdü. Dəcəlliyi mən edirdim. Onu danlayırdılar ki, niyə yol verir. Ya da zamanında belə halların qarşısını almır”.

 

“Anam bizə yaxşı baxmağa çalışsa da ıb, uşaqlığım çətin keçib. Çünki atam yanımızda olmayıb. Atamın yanımızda olmamağı bizə böyük əziyyət idi. O vaxt həyat çətin idi. İnsanlar istədikləri hər şeyi asanlıqla əldə edə bilmirdilər. O üzdən çox işləmək, əziyyət çəkmək lazım idi”.

 

 Müğənni bildirib ki, elə bu üzdən o, övladlarının hər hansı problem yaşamasını istəmir. Bunun üçün indiyə qədər də, bundan sonra da əlindən gələn hər şeyi edib və edəcək.

 

“İndi onlara müəllimlər tuturam ki, dərslərinə yaxşı hazırlaşa bilsinlər. Məktəbə aparıb gətirən adamları var. Yəni onlara əlimdən gələn qədər rahat şərait yaradıram. Amma mənim üçün bunları edən olmamışdı. Hər şeyi zəhmətimizin qarşılığında əldə edirdik...

 

Uşaq idim. Mahnılar oxuyurdum özüm üçün. Böyüyəndən sonra dedim ki, müğənni kimi fəaliyyət göstərmək istəyirəm. Evdə az qala dava düşdü. Hamı olmaz dedi. Mən evdəkilərlə əməlli başlı mübahisə elədim. İstədiyimə də nail oldum sonunda. Xalq məni sevdi və qəbul elədi. Bu uğuruma sevinirəm”.

 

Müğənni sənətdə özünün uğur qazandığını deyib. Eyni zamanda bildirib ki, övladlarından heç birinin bu sənətlə məşğul olmasını istəmir.

 

“Məni onların yaxşı yaşaması, xoşbəxt olması çox rahat edir. Arzulayıram ki, həyatlarının sonuna qədər bu cür davam etsin. Məni qızlarımın xoşbəxtliyi xoşbəxt edir ...

 

Həyatda insana ən yaxın dost onun ailəsi, anası, bacısıdır. Amma hərdən elə sözün olur ki, onu bu insanlarla bölüşə bilmirsən. Bax onda bir yaxşı dost da lazımdır adama. Səninlə sözünü, sirrini bölüşəcək, sənə dəstək olacaq bir dost. Amma indi belə dostlar yoxdur. Məsələn mənim çox az sayda yaxın dostum var. Müğənni dostlara gəlincə, müğənnidən adama dost olmaz ”.

 

İnsanlarla tez-tez mübahisəsi düşdüyünü bildirən müğənni deyib ki, haqsızlığa, ədalətsizliyə dözümü yoxdur.

 

“Düzünü demək lazımdır. Mən həyatımda hər şeyin düzünü deməyə çalışmışam. Ona görə başıma hər iş gəlir. Yalan danışmaq, xəbərçilik eləməz olmaz. Bu keyfiyyətlərin qızlarımda olmasın deyə əlimdən gələni edirəm”.

 

Müğənni bu qədər mübahisələrə, qarşıdurmalara baxmayaraq bildirib ki, əgər insanları yaradan Allah bağışlamağı bacarırsa mütləq insan da bunu bacarmalıdır.

 

“Bizi yaradan bizim səhvlərimizi bağışlayırsa, bizə daha bir fürsət verirsə, bizim bağışlamamağa haqqımız yoxdur. Amma hərdən elə səhvlərə yol verən adamlar olur ki, onu bağışlayırsan, lap görəndə salam da verib keçirsən. Bütün bunları Allah xətrinə edirsən. Qəlbində isə inciklik qalır ...

 

Mənə qarşı səhv etdiyini düşündüyüm hər kəsi bağışlamağa çalışmışam.  Övladıma qarşı bir səhv işləyənlər olmuşdu zamanında. Mənim yanımda çalışan, çörək verdiyim “dost ” idi. Məncə  bir yerdən pul qazanıb ailə saxlayırsansa, lap yanında çalışdığın adam dünyanın ən pisi olsa da sən çörək yediyin yerə hörmət etməlisən. İnsanın özü ilə mübarizə aparmaq lazımdır. Özünə gücün çatmırsa onun övladından heyf çıxmağı heç kim özünə yaraşdırmamalıdır.  Amma mənə qarşı bu addımı atanlar oldu. Hətta buna baxmayaraq mən kiminləsə münasibətlərimin düşmənçilik həddində olduğunu düşünmürəm. Bizim bir düşmənimiz var. O da ermənidir”. 

X

XƏBƏRLƏR
BÖYÜT