Şahlar Əsgərov: "Qızıl zər"i mən uddum...
18:36 – 27 Fevral, 2015

 "1941-ci ildə doğulmuşam. Həmin gün babam (atamın atası) bir qoç qurban kəsir və Allahdan arzu edir ki, "bu uşaq oxuyan olsun". Babam "oxuyan" sözünü müğənni mənasında deyirmiş. Taleh elə gətirdi ki, babamın arzusu yerinə yetdi. Mən oxuyan oldum. Amma mahnı oxuyan yox, elm oxuyan".  

Bunu APA TV-nin sən demə verilişinə söhbətində keçmiş millət vəkili, tanınmış alim, professor Şahlar Əsgərov deyib. Həmsöhbətimiz onun uşaqlıq illərində dərslərin çox keyfiyyətli keçirildiyini, ictimaiyyətin daim diqqət mərkəzində olduğunu da bildirib:

"Bizim məktəbdə, məndən bir sinif yuxarı oxuyan bir oğlanın anası vəfat etmişdi. Atası da uşaqlara daha yaxşı baxsın deyə onların xalasına evlənmişdi. Xala isə bu uşaqların oxumaqlarına elə də fikir vermirdi. Bu səbəbdən də məndən yuxarı sinifdə oxuyan həmin oğlan bir gün dərsə gəlmək əvəzinə quzu otarmağa getdi. Buna görə Kəlbəcərdə məktəb direktoru, prokuror bir hay - küy qopartdılar ki, gəl görəsən. Qadına dedilər ki, "uşaq məktəbə gəlməsə, sən tutulacaqsan. Sənin nə ixtiyarın var ki, uşağı məktəbdən uzaqlaşdırırsan!" Qadın da and-aman elədi ki, "kəndçi adamam, bilməmişəm, səhv eləmişəm, günahımdan keçin, səhər uşağı gətirəcəm məktəbə." Həmin o uşaq indi alimdi". 

 

Professor öz peşəsini daha çox sevdiyini, ona bağlı olduğunu desə də yalnız bir  sahə ilə kifayətlənmədiyini də bildirib:  

"Mən ixtisasca fizikəm. BDU-nun Fizika fakültəsində işləyirəm. Ömrümün çoxunu fizika elminə həsr etmişəm. İşdən sonra isə fizikadan əlavə məni daha çox fəlsəfi mövzular, fəlsəfi düşüncələr, təhsilin fəlsəfəsi məşğul edir. Ölkəmiz yeni quruluşa keçəndən sonra, mən hesab elədim ki, təhsilimiz də sovet təhsil sisteminin davamı olmamalıdır. Ona görə də "Təhsilimiz dünən, bu gün, sabah" adlı yeni kitab yazdım".

 

Şahlar müəllimin tək özü ilə baş-başa qaldığı, maraqlı kitablarla dolu iş otağı var. Təbii, hər gün çoxlu kitab oxuyan və elmlə məşğul olan Şahlar müəllimin sən demə həm də ürəkdən bağlandığı digər məşğuliyyətləri də varmış. Bağ-bağatı çox sevən Şahlar müəllim vaxtının az olmasına baxmayaraq həftədə iki dəfə bağa gedir, dincəlir, ağaclara qulluq edir. Bizimlə söhbətində professor deyib ki, yarpaqlara, budaqlara toxunmaq, torpağın havasını içinə çəkmək insana bir başqa rahatlıq gətirir. İnsan sanki ruhən təmizlənir:

"Çalışıram həftədə iki gün bağa gedib orada işləyəm. Ağacların dibini boşaldam, hazırda təxminən üzümlərin kəsilmə vaxtıdır. Yəqin ki, bu günlərdə gedib tağları arıtlayacam. Ondan bir ay sonra da ağaclara calaq vurmaq vaxtıdır. Onda da calaq işləri ilə məşğul olacam. Bax, həm də bunların hesabına həyat çox maraqlı gedir".    

 

Müsahibimiz deyib ki, əslində təbiətdəki rənglər, naxışlar, elementlər  biri digərinin ardıcıllığıdır. Əgər hansısa  insanda azacıq görə bilmə qabiliyyəti varsa, mütləq bu gözəlliyi görüb dərk edəcək. İnsan yaradıcı ruha malikdirsə, o artıq həm də qurub yaradacaq. Sən demə Şahlar müəllimin naxış və fiqurlarla işləmək həvəsi də məhz bu sərrast görmə qabiliyyətinin və yaradıcı ruhunun nəticəsidir:

"Bir gün pəncərədən bayıra baxırdım. Birdən gördüm ki, tül pərdənin qatlandığı yerində damalar üst-üstə düşüb çox gözəl naxış əmələ gətirib. Həmin pərdədən bir parça kəsib üzərinə ikinci bir parçanı da qoydum. Fırlatdıqca gördüm ki, çox gözəl naxışlar alınır. Mən bu işin üzərində çox işlədim. Onun elmi əsasını hazırladım, təcrübələr apardım. O zaman hələ sovetlər dönəmi idi. 1992-ci ildə mən o sənədləri Moskvaya göndərdim və (obyekt üzərində naxışların formalaşması üçün) müəllimlik şəhadətnaməsi aldım.      

 

Əslində bu bacarığı uşaqlıqdan Şahlar müəllimdə varmış  Hətta yeddinci sinifdə oxuyanda qərar verib ki, orta təhsildən sonra sənədlərini rəssamlıq məktəbinə versin. Ancaq...

"7-8-ci siniflərdə rəssam olmaq istəyirdim. Ona görə rəsm əsərləri çəkirdim. Daha yuxarı siniflərdə memar olmaq istədim. Amma sonda fizik oldum. Bunun da özəl səbəbi oldu. Orta məktəbi bitirəndən sonra Bakıya gəldim. Atamın bir dostu var idi. Ağdamlı Zeynal müəllim. Azərbaycan cəmiyyətində tanınmış adam idi. O atamın yanında məni sorğu-sual elədi. Sonra ərkyana atama dedi ki, "yox, Şahlar universitetin fizika fakültəsinə getsin. Fiziki təfəkkürü yaxşıdı". O vaxt da 1958 -ci il idi. Kosmosun fəth olunan dövrü. Kosmik elm çox populyar idi. Ona görə də Zeynal müəllim məsləhət gördü ki, fizika fakültəsinə verim sənədlərimi. Bu məsləhət mənim də ürəyimcə oldu. Çünki fizikanı da yaxşı bilirdim. Beləcə fizik oldum".    

 

Sən demə fizika elmləri doktoru Şahlar Əsgərovun həm də şeir yazmaq qabiliyyəti varmış. Uşaqlıq xatirələrinin çoxunun Kəlbəcərlə bağlı olması, belə mənzərəli təbiətdə böyüməsi onun ruhuna öz təsirini göstərib.

"Kəlbəcər dağlı-qayalı bir yerdi. Sonradan mən dağın düzənlikdən fərqi üzərində düşünəndə bu qərara gəldim ki, düzənliyin bədii təsviri üçün insana 30-40 söz bəs edər. Amma dağı təsvir etməkdən ötrü bir qalın kitabın sözləri də yetmir. Yəni quruluş baxımından dağ çox informatik bir məkandı. Dərəsi, düzü, qayası, çəməni, quşları var. Hamısı da rəngarən, müxtəlif. Yəni dağı təsvir etməkdən ötrü daha çox söz ehtiyatına malik olmalısan. Ona görə də dağ adamları arasında söz, sənət adamları, şairlər çoxu. İndi belədi ki, Kəlbəcərdən olan hər üç nəfərdən ikisi şairdi, şeir yazır. Hər üç nəfərdən biri şeir yaza bilmir. Mən o həmişə demişəm ki, "üç nəfərdən biri"lərinin arasındayam (gülür).      

 

Həmsöhbətimizin fikrincə, kişi evdə hansısa bir əşya və ya texniki avadanlıq xarab olanda çalışmalıdır ki, özü düzəltsin. Özü də bu işləri vaxt itkisi kimi qiymətləndirmək olmaz. Bu, həm də həvəslə görüləcək işlərdir. Çünki, bu işi görəndə hansısa texnikanın yeni xüsusiyyətini də öyrənmiş olursan.

"Yadımdadır, mən birinci dəfə ev alanda usta gətirdim. O evləri təmir etdi. İşi bitirib gedəndə ustadan ona olan borcumu soruşdum. Dedi ki, neçədirsə yarısını alacam. Çünki, sən də mənimlə bərabər işlədin. Yəni mən ona yaxşı kömək elədiyimə görə, o da vicdanlı adam oldu, pulun yarısını mənə keçdi".

 

Stolüstü oyunlardan danışan Şahlar müəllim şahmatı çox sevməsinə baxmayaraq bu işlə professional məşğul olmadığına görə təəssüfləndiyini bildirib. Amma bununla belə professor nərd oyununda nəticələrinin pis olmadığını da deyib:

- Nərd oynaya bilirəm. Amma güman edirəm ki, nərdi də çox həvəslə oynamıram. Məsələ ondadır ki, məncə nərd mahiyyət etibarı ilə, məntiqinə və fəlsəfəsinə görə  çox gözəl bir oyundu. Deməli, burada qalib gəlmək üçün insanın bacarığı ilə yanaşı təsadüf də rol oynamalıdır. O zaman ki, insanlar "qoşalama", "zər tutma" kimi hərəkətlərlə nərdin halal xislətinə haram qatmaq istəyirlər, onda bu oyun gözümdən düşür. Bu cür əyriliklər nərdi qiymətdən salır. Amma buna baxmayaraq mən nərd oyununda qızıl zər udmuşam. Zağulbada dövlət bağında istirahət edirdik. Çox məşhur, tanınmış adamlar da var idi orda. Deputatlar, vəzifə sahibləri, bir 10-12 adam idik. Nədr oynayırdıq. Təklif oldu ki, oyunu məqsədli etmək üçün gəlin bunu bir yarışa çevirək. Beləliklə əsasnamə yazdılar, cədvəl tutdular. Məni də saldılar siyahıya. Halbuki, onların arasında mən təxminən ən zəif də olmasam, orta səviyyəli oynayan idim. Mükafat da "qızıl zər" oldu. Oyun başladı, bir neçə gün çəkdi. Sonda qızıl zərləri mən udum. Etiraz edənlər də oldu ki, "yox, bu ola bilməz". Amma fakt o idi ki, mən qalib gəlmişdim sonda. Qızıl zərləri mənə verdilər. Ondan sonra bir kubok da düzəltdilər. İnanırsınız, o kuboku da mən uddum. Deməli həmin ərəfədə təsadüf  mənim tərəfimdə idi. Ona görə iki mükafatı da mən uddum.           

 

 

 

 

 

 

 

 

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT