Qara Mustafayev: "Toyuğu əlimə alanda öpmək istəyirəm, nəinki kəsmək"
15:21 – 04 Mart, 2015

"Təbiətimiz yaxşıdır deməyə dilim gəlmir, çünki pis yerlərimiz daha çoxdur. Amma bunun səbəbi təkcə bizdə deyil. Çünki, Azərbaycanın təbiətində olan bugünkü çatışmazlıq həm də tarixin, dünyanın günahıdır. 1950-ci illərə qədər insanlar dünyanı öyrənmək adı ilə təbiəti istismar ediblər. Sonra gördülər ki, dünya məhv olmağa doğru gedir". Bunu APA.TV-nin efirində yayımlanan "İlqar Rəsul və..." verilişinin qonağı biologiya elmləri doktoru, professor Qara Mustafayev deyib.

 

Müsahibimiz təbiətlə bu qədər bağlı olması barədə fərqli düşüncəsini də dilə gətirib: "Təbiətlə belə yaxın olmağımın kökündə qəribə görünsə də Girdimançay və Kür çayının Babadağın zirvəsindən daşıyıb gətirdiyi süxurlarla, minerallarla yaxından maraqlanmağım dayanır. Bəlkə də buna heç kəs inanmaz, amma, bu, beynimdə qurduğum fantaziyamdır. Çünki, zərrəciklər haqda az adam bilir. Ona görə də mənim bu fikrim qəribə görünə bilər."

 

Professor uşaqlıqda əslində coğrafiya fənnindən iki qiyməti aldığını etiraf edib. "Riyaziyyat fənnini daha çox sevirdim. Riyaziyyatçı olmağı arzulayırdım. Səkkizinci sinifdə kimya və biologiya fənnini tədris edən çox savadlı Ağalar müəllim vardı. O, mənə təbiət fənlərini sevdirdi və mənim peşə seçimimin təməlini qoydu. Beləcə, məktəbi bitirəndən sonra sənədlərimi Bakı Dövlət Universitetinin kimya fakültəsinə verdim. Lakin rektor Abdulla Qarayev sənədlərimi biologiya fakültəsinə verməyimi məsləhət gördü. Bu fakültədə təhsil almağım isə mənim təbiətlə bağlığımı  daha da möhkəmləndirdi."

 

"VII əsrdə albanlar Kür çayının sahilindəki Tuqay meşələrinə  gələndə orda hər növ heyvanları görüb təəccübləniblər. Baş sərkərdə əmr verib ki, alban qoşunu şir əti yeməlidir ki, şir kimi güclü olsun. Şir dərisindən paltar geyməlidir ki, vahiməli görünsün. Qoşunun qılıncının ucunda şir sümüyündən cida olmalıdır. Düşmənin yarası gec sağalsın deyə. Elə o dövrdən bizim heyvanat və meşə aləminin sayı kəskin azalıb". Qara Mustafayev belə tarixi faktlardan danışıb və təəssüfləndiyini dilə gətirib.

 

Müsahibimiz təbiətə qarşı həssaslığını dilə gətirərkən keçirdiyi hissləri bölüşüb. "Məndə ağaca qarşı sevgi heyvana qarşı sevgidən daha gec yaranıb. Ağacın həssaslığını gec duymuşam. Atamın atını oğurlayıb meşəyə qaçırdım ki, ceyranla yarışım. Görüm o daha bərk qaçır, yoxsa mənim atım. Bu o demək deyil ki, mən təbiəti Səməd Vurğun qədər sevirdim, dərk edirdim. Sadəcə ceyranı tərifləyirdilər, mənə də maraqlı idi ki, gedim ceyranı görüm. İndi bitkiləri heyvanlardan çox sevirəm. Amma uşaqlığımda quru ağac kəsib odun kimi evə gətirdiyim vaxtlar da olub".

 

"Tələbəlikdə heç vaxt beşdən başqa qiymət almamışam. Universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Tələbəlikdə atamın qohumunun mənə ayırdığı altı kvadrat metrlik otaqda kirayədə qalmışam. Mənim üçün toy, şənlik, istirahət yalnız kitab oxumaq idi. Bir tələbə qız dostum vardı. Adı Xalidə idi. Mən sinif nümayəndəsi idim. Çəmənlikdə oturub saatlarla dərs oxuyurduq. Bir dəfə bərk acdıq və uşaqlara birgə pul yığıb kolbasa, çörək aldıq. Xalidə özü də bilmədən təcrübə üçün gətirdiyim yereşənin kəlləsini çörəklə qarışıq udmuşdu. Çox qorxmuşdum ki, məni universitetdən qovacaqlar. Məcbur olub hər şeyi müəllimə danışdıq. Müəllim gördü ki, çox qorxmuşam, ağlayıram, mənə qiymət yazdı".

 

Qara Mustafayev hesab edir ki, ailələr hisslərlə yox, ağılla qurulmalıdır. "Bir xanımla eyni otaqda qalsam da ona qarşı intim fikrim olmaz. Ailələr ağılla qurulmalıdır. Mən ağıl sevgisi əsasında evlənmişəm. Atam mənə məsləhət etdi ki, bu qızla ailə qurmalısan. Tələbə idim, kəndli və savadsız qızla ailə qurmaq istəmədim. Amma sonra çox xoşbəxt oldum. Dörd ildir ki, yoldaşım rəhmətə gedib. Hər ay qar, boran da olsa, mütləq onun qəbrini ziyarətə gedirəm. Həyat yoldaşımdan sonra çox şeyi itirmişəm, əsas da o, toxunma hissimi özü ilə apardı."

 

"Mənim üçün insanlıq əsasdır" deyən həmsöhbətimiz vurğulayıb ki, əsl insanlıq faydalı olmaq, başqalarına yaramaq, özgə ilə özünkü arasında fərqi azaltmağa çalışmaq, beynəlmiləlçiliklə vətənpərvərlik arasında fərqi bilməkdir.

 

Professor kainatın yaradılışının insanlığa ən böyük hədiyyə olduğunu deyib. Ona görə də insanlar bu dəyərli hədiyyənin mahiyyətini dərk etməlidirlər. "Hazırda yeddi milyard insanların cəmi üç ya beş faizinin kainat haqda biliyi var. Heyvanla insanın fərqi şüurundadır. Heyvanlarda mədəni həyat yoxdur. İnsan dağıdıcılıqla məşğuldursa, deməli onun şəxsiyyəti məhduddur. Məsələn, on beş ildir toyuq kəsmirəm. Çünki əlim gəlmir. Toyuğu əlimə alanda öpmək istəyirəm, nəinki kəsmək".

 

Qara Mustafayev insanlar qarşısında Allah haqqında danışmaqdan çəkindiyini deyib. "Dinə sataşmaq olmaz. Çünki dinin elmi bizim elmimizdən zəif deyil. Quranı oxuyanda bəzən görürsən ki, orda elmdə yazılanlardan daha dəyərli fikir var. Məsələn, səbir haqda çox gözəl və dəqiq yazılıb. Doğrudan da görürsən ki, səbir insanları bir çox təhlükədən qoruyur. Ancaq, o biri dünyaya inancım bir az fərqlidir. Mənim fikrimcə, öləndən sonra başqalarının düşüncəsində yaşamağa o biri dünya deyiblər. O, əslində mənəvi dünyadır".

 

X

XƏBƏRLƏR
BÖYÜT