Rafiq Həşimov: "Atam mənə velosiped əvəzinə qarmon aldı"
18:00 – 13 Mart, 2015

“Ən yaxşı xatırlamalar uşaqlıqla, 10 yaşla bağlıdır. Mən bu günə qədər 3-4 yaşımı xatırlayıram. Evlərin siluetlərini, ağacları və onların tumurcuqlarını, yarpaqları xatırlayıram. Mən ilk dəfə məktəbə getdiyim həmin o yolu, məktəbin döşəmələrindən gələn neft qoxusunu, ilk sinif müəllimimi xatırlayıram. Yadımdadır üzməyi öyrənəndə batırdım, sinif yoldaşım Mehdi məni xilas elədi. İkinci dəfə başıma eyni hadisə gələndə dostum Rizvan məni xilas etmişdi. Uşaqlıq o zəngin yerdir ki, ora hər dəfə gedəndə dolu çemadanla geri dönürsən”.

 

Bunu APA TV-nin "Sən demə" verilişinə budəfəki həmsöhbətimiz, televiziya aparıcısı, rejissor, senarist, əməkdar artist Rafiq Həşimov deyib:
 
“Mənim uşaqlığım aşağı Güzdək kəndində keçib. Orada 8 illik məktəbi bitirmişəm. Atam məni kənd həyatına, təsərrüfat işlərinə çox tez alışdırdı. Biz həm də buna məcbur idik, həyat tərzi məhz bu idi. Mən bilirəm yer belləmək, qoyun, inək otarmaq, saman daşımaq, ot, yonca biçmək nədir. Hətta biçin işlərində aldığım xəsarətlərin bəzilərinin izləri indi də bədənimdə qalır. Kənd həyatının dərinliyini bilmək, sonra istənilən adama kömək olur. Özü də bütün sahələrdə. Kənd olmasa, heç nə olmaz”. 
  
 
Bakıda hələ də kirayədə yaşayan Rafiq Həşimovun digər məşğuliyyətləri ilə tanışlığımız onun ata evində, Mehdiabad Qəsəbəsində baş tutdu. Həmsöhbətimiz belə münasib bildi. 
 
“Biz burada ailəmizlə birgə qalırıq. Atam, anam, bacım, qardaşım ailəsi ilə və mən ailəmlə. Atam bizim üçün ağaclar əkib. Buradakı bağ o qədər də qədimdən salınmayıb. 2001-ci ildə salınıb. İndi ağaclar artıq bar verir” 
 
Yazı - pozudan söz açan Rafiq Həşımov yazmaqla yanaşı mütaliə etməyi də çox sevdiyini bildirib: 
 

“Mütaliəni hər gün edirəm. Hesab edirəm ki, hər gün nəsə oxumasam, bu mənim həyatım olmaz. Bu, mənim həyat tərzimdi. Mən oxumağı çox sevirəm. Amma insan gərək hər şeyi oxumasın. Yaxşı ədəbiyyat oxumaq lazımdır. Əsl ədəbiyyat, incəsənət insanın qəlbinə xeyir verməlidir. Mən uşaqlıqdan gündəlik tutan adamam. Qeydlərim hər gün var. Hesab edirəm ki, hekayə çox ciddi janrdır. Mən hər zaman yazıya bir əməl kimi baxmışam. Yəni, sən yaxşı hekayə yazırsansa, yaxşı iş görürsən. Əgər lazım olmayan nəyisə yazırsansa, cəmiyyətə pislik edirsən. Mənim təxminən 10-15 hekayəm var, fikirləşirəm ki, onlar yaşaya bilərlər. Cavanlıqda bir söz demişdim: Dostoyevskini normal oxuyan adam diktator ola bilməz. Əgər o düzgün oxuyubsa, heç vaxt insanı əzə bilməz”. 
 
Sən demə Rafiq Həşimov qarmon çalmaqda peşəkar qarmon ifaçılarından heç də geri qalmırmış. Həmsöhbətimiz qarmonla bağlı xatirələrini də bölüşüb:  
 
“7-ci sinifdə oxuyanda atam soruşdu ki, sənə nə alım? Mən də velosiped sürməyi çox xoşlayırdım. Atama dedim ki, mənə "moped" al. "Moped" motosikletlə velosiped arasında olan bir şeydir. O da razılaşdı. Ad günümdə məni apardı Mərkəzi Univermağa. Mopedlərə baxandan sonra, atamın təklifi ilə univermağın musiqi alətləri şöbəsinə də baş çəkdik. Atamı çox sevdiyimdən və bir az da qorxduğumdan onun qarmon almaq istəyindən keçmədim. Mopeddən vaz keçib, qarmona sahib oldum. Amma evə qayıdanda yolda yeri-göyü söyürdüm acığımdan. Beləcə qarmonla münasibətim başladı".  
 
Atası Rafiq Həşimovun qarmonla münasibətini daha da möhkəmlətmək üçün ona müəllim də tapıb. 
 
“Adətən uşaqlar musiqi ilə tez məşğul olmağa başlayırlar. Amma mən bir az gecikmişdim. Atamın dostu Türbət müəllim məni bir müddət öyrətdi. Sonra isə məni Biləcəridə musiqi məktəbinə qoydular. Görünür məndə hər hansı bir qabiliyyət var imiş, sadəcə şərait yaranmalı imiş. Beləcə mən qarmonu sevdim. Artıq ikinci sinifdə 4-cü sinifin proqramını bilirdim. Ona görə də məni 2-ci sinifdən bir başa 4-cü sinfə keçirdilər”.   
 
Amma bütün səylərə və dərslərə baxmayaraq Rafiq Həşimovun əsas peşəsi musiqiçi, dəqiq desək qarmon ifaçısı olmayıb. 
 
“Əslində mən bu barədə çox düşünürdüm. Amma illər keçdikcə mən anlayırdım ki, qarmonun perspektivi yoxdur. Çünki Milli Konservatoriyada qarmon sinfi yox idi. Ona görə də hesab etdim ki, bu peşənin perspektivi yoxdu mənim üçün. Düşündüm və həvəsdən düşdüm". 
 
Verilişdə Rafiq Həşimov "Sən demə" nin tamaşaçıları üçün qarmonda bir neçə mahnı da ifa edib.    

 

 

X

XƏBƏRLƏR
BÖYÜT