Rəssam Həsənağa Məmmədov: “Azərbaycan Rəssamlar İttifaqının rəssamlarla heç bir əlaqəsi yoxdur”
14:02 – 14 Mart, 2015

“Türkiyədə rəssamlara tamamilə başqa qayğı var, göstərilən hörmət də tamamilə başqadır. Bütün bunlar məni Türkiyədə işləməyə məcbur etdi. Çörək pulumu da Türkiyədə qazanıram. Azərbaycan Rəssamlar İttifaqının rəssamlarla heç bir əlaqəsi yoxdur. Hətta işləyən rəssamlara maneə olurlar”. Bu sözləri APA.TV-nin “Rəng...Fırça...Palitra...” verilişində qonaq olan, bütün bu sadalanan problemlərdən, qayğı görmədiyi üçün Türkiyəyə üz tutan və artıq 20 ildən artıqdır orada tanınan Azərbaycanın əməkdar rəssamı Həsənağa Məmmədov deyib. Türkiyədə Hasan Taşdemir imzası ilə tanınan rəssamın əsərləri də elə bu adla satışa çıxarılır.

 

Fəaliyyətini Türkiyədə davam etdirməsinin səbəblərini açıq şəkildə bildirən rəssam, qayğı və diqqətin olmamasından şikayətlənib. O, burada rəssamlar üçün mühitin, şəraitin İstanbuldakı kimi olmadığını deyib: “Əvvəllər burada davamlı sərgilər olurdu, adam özünü tanıtdırırdı, indi heç nə yoxdur. İstər Mədəniyyət Nazirliyi, istər Rəssamlar İttifaqı tərəfindən rəssamlara qayğı yoxdur. Gəlirimiz də bu sənətdəndir, ayrı şirkətimiz, işimiz  yoxdur ki onunla dolanaq. Azərbaycan müstəqillik qazanandan sonra bir dənə də olsun Mədəniyyət Nazirliyi və ya Rəssamlar İttifaqı tərəfindən əsərim alınmayıb. Alqı-satqı olmayanda maraq olmur, maraq da olmayanda məcburuq üzümüzü Türkiyəyə tutaq. Orada rəssamlara qayğı da yüksək səviyyədədir, həm də alqı-satqı olur. Əsas fərq ondadır ki, sən özünü orada rəssam hesab edirsən. Rəssama göstərilən hörmət tamamilə başqadır. Onlar deyirlər ki, sənətçinin adı çəkiləndə onun işi başımızın üstündədir. Atatürkün bir sözü var idi deyirdi: “Bu ölkədə hər kəsdən cumhurbaşkanı olar, amma hər kəsdən rəssam ola bilməz”. Mən də oradakı işimdən məmnunam, ömrümün sonuna qədər də sərgilərimi orada davam etdirmək fikrindəyəm. Azərbaycan bizim vətənimizdir, sözsüz, istəyirik əsərlərimiz elə Vətəndə də qalsın və ora getməsin. Sənət əsərlərinin öz muzeylərimizdə olması yaxşıdır. Mənim də burada tanınmağım daha yaxşıdır, nəinki orada. Sadəcə vəziyyət belə gətirib”.

 

Həmsöhbətimiz deyib ki, ümumiyyətlə ittifaq tərəfindən rəssamların heç birinə köməklik göstərilmir və bunun da səbəbi rəssamlara məlum deyil: “Bilmirəm, ya imkanları yoxdur, ya da eləmək istəmirlər. Sözsüz, dövlət tərəfindən təsviri sənətə kömək məqsədi ilə pul ayrılır. Amma nədənsə biz kənarda qalmışıq. Biz yaşda olan rəssamlar müasir rəssam sayılmırıq, Sovet dönəmindən qalma hesab edilirik. Rəssamlar İttifaqı Azərbaycan rəssamlarının əksinə işləyən bir təşkilatdır. Bu ittifaq işləyən rəssamları heç sevmir. Anlaya bilmirəm, hamı bir yolla işləməlidir, bu necə ola bilər ki? Hərənin bir dəsti-xətti var və heç kim bundan əl çəkməz. Rəssamlar İttifaqı real bünövrə üzərində qurulmuş bir ittifaq olub, nəinki mənə, bütün rəssamlar üçün. Mən Türkiyədə qayğı görürəm və heç bir problemim yoxdur,  heç olmasa burdakı rəssamlara qayğı göstərsinlər. Mənim imkanım var, o şans yaranıb Türkiyəyə getmişəm, burada elə rəssamlar var ki, emalatxanası gözəl rəsmlərlə doludur, amma elə çəkilir, orda da qalır. Sadəcə onlar çıxa bilmirlər. Öz emalatxanalarında da iş görüb bitirirlər. 30 ildir ittifaqın sədridir, gələndə bəzi işlər gördü, bəlkə də yorulub, bəlkə də istəmir, öz yaradıcılığı ilə məşğuldur, bəlkə vaxtı da yoxdur”.

 

Azərbaycan və Türkiyə arasındakı fərqlərdən danışan H.Məmmədov, Türkiyədə rəssamların pul qazanması üçün sərgidən başqa auksionların da təşkil edildiyini bildirib. Azərbaycanlı rəssam da öz işlərini bu auksionlara verir və əsərləri yaxşı qiymətə də satılır: “İldə 25-30-a yaxın auksion olur. Bu gün mənim çörək pulum Türkiyədəndir. Sovet dönəmində Şərq Xalqları Muzeyində 10-dan artıq işim alınıb, amma bu dövrdə bir dənə də işim alınmayıb. Türkiyə mənim üçün daha sərfəlidir. Türkiyədə düzdür, işlərim satılır, maddi tərəfdən rahatam, amma mənəvi tərəfdən narahatam. Daxilən çox istərdim ki, işlədiyim işlər elə burda da qalsın. Alqı-satqı olmayanda maraq da ölür. Belə baxıram ki, hələ uzun müddət mən elə Türkiyəyə gedib –gələcəyəm”.

 

Bir neçə ildən sonra 70 yaşının olacağını xatırladan 66 yaşlı rəssam elə bu məqsədlə də yubiley sərgisi keçirmək arzusundadır.

 

Baxmayaraq ki, bütün sərgiləri Türkiyədə təşkil olunur və qazancı məhz o ölkədəndir, rəssam ilin çox vaxtını Azərbaycanda olur: “Sərgilərim Türkiyədə olur, amma əsərlərimi burada işləyirəm, ailəm burdadır, uşaqlarımın yanındayam. Türkiyədə ildə iki dəfə - İstanbul və Ankarada sərgilərim keçirilir. 90-cı illərdə burada böhran dövrü olanda iki-üç yoldaşla Türkiyəyə gedəsi olduq. Mən ora işə dəvət olundum və hardasa iki il rəssam kimi çalışdım. Sonra sərbəst çalışmağa başladım. İstanbulda "Doku qalereyası" adlanan bir yerdə sərgilərim təşkil edilir. Əsərlərimin çoxu İstanbula aiddir, çünki İstanbulu çəkməyə bir rəssam ömrü bəs etməz”.

 

Həsənağa Məmmədov bir rəsm əsərinin rəssamın özünə 100-200 manata başa gəldiyini də bildirib: “Bu sadəcə materiala, lazım olan ləvazimata sərf olunan puldur. Amma o ağ xolosu sənət əsərinə çevirirsənsə onun qiyməti başqadır. Türkiyədə rəsm əsərinin qiyməti başqadır. Türkiyədə qoyulan qiymətin yarı faizi rəssamın özünə çatır. Qalereya işləri baha satır, satılan qiymətin müəyyən faizi mənə aiddir. Türkiyə rəssamlarının hamısı ilə tanışam. Çox məşhur Ərgin İnan, Faruk Cumuk, Əli Candaşla dostluq əlaqələrimiz var. Türkiyədə sərgilərdə rəsm alıcılarından çox rəssamların özü mənim işimi alır”.

 

Rəssamlıqdan başı çıxmayan seyircini aldatmaq olarmı sualına cavab verən Həsənağa Məmmədov bildirib ki, izləyicinin intellektual səviyyəsi varsa, az-çox başı çıxacaq: “Rəsm əsərləri insanın zövqünü oxşamalıdır. Van Qoqun sağlığında əsərləri alınmayıb, amma bu gün onun bir natürmotu 60 milyona alınır. Rəssam öz dəsti-xətti ilə zəmanəni 50-100 il qabaqlayır. Rəssamın sağlığında əsərləri alınsa daha yaxşıdır, daha rahat işləyərik, korluq çəkmərik”.

 

“Qrafika rəssamlığın ən çətin növüdür” deyən rəssam, həm qrafika ilə, həm də yağlı boya ilə məşğul olduğunu tamaşaçıların diqqətinə çatdırıb. Bildirib ki, Avropada – Almaniya və ya Fransa kimi yerlərdə yağlı boyaya o qədər fikir verən yoxdur, qrafikaya daha çox fikir verilir: “Rembrantdın yağlı boyaları var, amma ondan da qiymətli qrafikaları var. Çox məşhur ingilis rəssamı var bu gün onun emalatxanası Böyük Britaniyada ev muzeyinə çevrilib və bütün işləri ora yığılıb. İnşallah o gün Azərbaycanda da olacaq və rəssamların emalatxanası muzeylərə çevriləcək. Çox təəssüf bizdə rəssam dünyasını dəyişəndə sənəti ilə bir yerdə ölüb gedir. Bu gün məşhur olan rəssamlar sovet dönəminə minnətdar olsunlar. Bu gün Tahir Salahov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadədən üstün rəssamlarımız da var, amma onlara göstərilən qayğı indi rəssamlara göstərilmir, o qayğı yoxdur”. 

X

XƏBƏRLƏR
BÖYÜT