Natiq Rəsulzadə: "... Çingiz Abdullayevi güllələmək lazımdır"
14:06 – 18 Mart, 2015

"Yazıçılar da oxucular kimi müxtəlifdir. Kimi Fyodor Dostoyevskini, Nizami Gəncəvini oxuyur, kimi də "sarı" mətbuatı oxuyub həzz alır. Təxminən son  iyirimi ildə özlüyümdə götür-qoy etmişəm, yazıçı o insandır ki, xeyri şərdən, pisi yaxşıdan ayıra bilir. Bəziləri məhz məşhurlaşmaq üçün yazıçı olmaq istəyirlər. Əlbəttə bu düzgün deyil".

 

Bunu APA TV-nin efirində yayımlanan "İlqar Rəsul və..." verilişinin qonağı yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə deyib.

 

Müsahibimiz tələbəlik illərindən söhbət açıb. "Bizim vaxtımızda diplomsuz oğlana qız vermirdilər. Həmin vaxt dostum sənədlərini Azərbaycan Texniki Universitetinə vermişdi deyə, mən də həvəslənib həmin universitetdə oxumaq istədim. Qəbul olunandan sonra anladım ki, burada oxumaq mənə maraqlı deyil. Demək olar ki, bütün dərsliklər rus dilində idi. Hətta Azərbaycan bölməsində oxuyan uşaqlar bizim yanımıza gəlirdilər ki, dərslərinin müəyyən bir hissəsini onlara tərcümə edək. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan dilində zəngin dərslik olmamağı problemi hələ də qalmaqdadır. Nə isə. Üçüncü kursda təhsilimi yarımçıq buraxıb, Moskvada - Maksim Qorki adına Ədəbiyyat institutuna qəbul olunmaq üçün sənədlərimi hazırladım. Beləcə, həmin institutun tələbəsi oldum".

 

Natiq Rəsulzadə rus dilində yazdığına görə onu tənqid edənlərlə bağlı narazılığını dilə gətirib. "İndi bəzi "ağzıgöyçəklər" rus dilində yazan yazıçılarımızı bəyənmir yaxud qınayırlar. Çingiz Abdullayev nəinki Azərbaycanda hətta deyərdim ki, MDB məkanında ən tanınmış yazıçıdan biridir. İndi belə çıxır ki, onu rus dilində yazdığına görə güllələmək lazımdır?! Bizi rus dilində oxumaq çətindirsə, Azərbaycan dilinə tərcümə etsinlər. Xarici yazıçıların əsərləri də tərcümə olunur. Ona görə də hesab edirəm ki, bu, çətin məsələ deyil. Əslində düşünürəm ki, bizdə Kafkanı, Folkneri tərcümə edə biləcək səviyyədə tərcüməçi yoxdur. Hələ də anlamıram ki, onların əsərlərini necə tərcümə ediblər. Bu problemin də başlıca səbəbi bizdə lap əvvəldən tərcümə məktəbinin olmamağıdır. Ona görə də hazırda bizdə tərcümə sahəsində çatışmazlıqlar var. Təbii ki, tərcümə mərkəzi bu sahədə işlər görməyə cəhd edir, yəqin getdikcə bəzi problemlər həllini tapacaq".

 

Öz yaradıcılığına münasibət bildirən Natiq Rəsulzadə əslində arzuladığı kimi yaza bilmədiyini də etiraf edib. "Həmişə öz yaradıcılığıma tənqidçi gözü ilə baxıram. Çox az əsərlərim var ki, onlardan təxminən doxsan faiz razıyam. Həmin əsərlər on beş ildə yazdıqlarımdır. 1970-ci illərdə yazdığım bir neçə əsərim də var ki, onlar çox böyük səs-küy yaratdı. Halbuki o dövrdə məşhur olmaq çətin idi. Çünki senzura vardı. Məsələn, erotikadan, Bakı milyonçularından və başqa bir çox mövzulardan yaza bilməzdik. Təsəvvür edin ki,  bu qədər mövzu məhdudiyyətinin içində yenə də maraq doğuran əsərlər yaza bildim...

 

İndi ədəbiyyatda mövzu azadlığı var. Amma yazıçı dərk etməlidir ki, istər erotika, istər dedektiv, fantastika və digər mövzularda yazmağın da bir həddi var. Ölçü hissi mütləqdir. Bu hiss istedadın əsas amilidir. Heydər Əliyev mənim "Gecə süvarisi" əsərimi oxuyub İmran Qasımova demişdi ki, "bu əsərdə tənqid olunacaq bir məsələ görmədim. Yazıçı hər şeyi düz yazıb. Doğrudan da əsərdə yazıldığı kimi hazırda  ölkədə bu nöqsanlar mövcuddur". Beləcə, Heydər Əliyevin rəyi məni sözün əsl mənasında xilas etdi. Çünki o əsərə görə məni Mərkəzi Komitədə, DTK-da, DİN-də möhkəm tənqid edirdilər. Heç kim çap etmirdi məni həmin ərəfədə". 

X

XƏBƏRLƏR
BÖYÜT