Unutmadım bağışla...
18:28 – 18 Mart, 2015

Yenə sərsəri  yağış,

Yenə dəli  küləklər.

Yenə alıb üstünü

Bu cənub şəhərinin

Qorxunc, qara mələklər.

Yenə beynimdə fikrin.

Yenə əlimdə qələm.

Yenə yaxınımda sən.

Duyarammı toxunsam?!

Ehhh..

Yenə də sən yoxsan...

 

Gecənin divarları

Kərpic-kərpic  sökülür.

Divarlardan üstümə

Sənsizliyin tozları,

Çınqılları tökülür.

İp-ip çəkir zamanı

Yumaq kələfi  kimi.

Yoxluğun da gözəldir

Gəlib tutur dünyanı.

Unutdurur hər şeyi.

Tufanı  gətirən sən.

Payızı da, yazı da.

Taleyimə hopubsan.

Ovcumdakı  xətlərdə,

Alnımdakı  yazıda.

 

İstəməsəm , nə xeyri.

Çayımdakı şəkərsən,

Əynimdəki libasım.

Ha qovum xəyallardan.

Dönüb yenə gələrsən.

Hirslənim, asım, kəsim...

Kimsənin xəbəri yox

Ömür belə keçəcək.

Nə arzular yaşlanar,

Nə həsrətin bitəcək.

 

Bu bir qəlb yanğısıdı.

Bu qərib bir yanğıdı.

Eşqin mənim içimdə

Cəhənnəmə gedəcək.

Saxlaya bilərsənsə

Göndərim özün saxla.

Ağlaya bilrsənsə

Bu nakam məhəbbətin

Dağılmasına ağla!

Ağla, bəlkə göz yaşın

Söndürə bu yanğını.

Necə alpinist olum?

Mən necə fəth eyləyim

Bu ayrılıq dağını.

 

İstər öl, istər öldür!

Yar bu bağrımın başın.

Bu əzabları qaldır.

Qəlbimin içini  oy!

Qaldır,  qaldır içimdən.

Bu daşlaşmış sevgini

Mənim  başdaşıma qoy!

 

Yenə sərsəri  külək.

Yenə dəli  yağışlar...

Yenə də keçmir gecə.

Qasırğayla savaşda.

Yenə də içimdə sən.

Fonda  həmən musiqi.

Şimşək, tufan yağışla...

Yenə də ağlımdasan

Unutmadım, bağışla...

 

Ziba Xəlil

X

XƏBƏRLƏR
BÖYÜT