Səlhab Məmmədov: "Azərbaycanın ən bahalı heykəltəraşı Ömər Eldarov, rəssamı isə Mir Cavad Mircavadovdur”
17:37 – 29 Mart, 2015

“Hansı rəssam narazıdırsa, o ilk növbədə özündən küsməlidir. Hər rəssam işləməli, mütləq nələrsə etməlidir. Hansı rəssamın Rəssamlar İttifaqı ilə problemi varsa bunu arxada danışmalı deyil, gəlib yerində məsələni etməlidir. İttifaq da tək Fərhad Xəlilov deyil, orada Rəyasət Heyəti var ki, bu narazılıqlar onlara bildirilməlidir, yığışılıb danışılmalıdır”.

 

Bu fikirləri APA TV-nin “Rəng...Fırça...Palitra...” verilişində Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqı sədrinin I müavini, xalq rəssamı, heykəltəraş Səlhab Məmmədov deyib. Verilişin ötən buraxılışlarında bir neçə rəssamın ittifaqın ünvanına səsləndirdiyi fikirləri Səlhab Məmmədov cavablandırıb. İttifaq rəsmisi bildirib ki, qurumda ayrı-ayrı seksiyalar var, onların özlərinin büroları var, hər bölmənin özünün sədri var və narazı olan hər kəs sözünü büroya deməlidirlər: “Demək olar ki bizdə ayda 1-2 dəfə sərgi açılır, bunu orda da deyə bilərlər. Bütün dünyada sərgi salonları pulla verilir, amma bizdə pulsuz verilir, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kataloq buraxılır. Yenə də deyirəm, hər kəs öz sözünü deməyi bacarmalıdır”.

 

Həmsöhbətimiz ittifaq sədrinin I müavini olmasına baxmayaraq qeyd edib ki, bu qurum fəaliyyət formasını dəyişməlidir: “Bu qurumlar formasını dəyişməlidir, düşünürəm. Bu gün tələbat başqa qurumlaradır. Bəlkə bu xırda cəmiyyətlərə bölünməlidir. Bu sovet sistemindən qalan qurumlardan biridir. Hər şey dəyişilməlidir, çünki dövr dəyişib. Tək Rəssamlar İttifaqını nəzərdə tutmuram, ümumiyyətlə bu tipli bütün qurumlara şamil edirəm fikrimi.  Respublikada nə qədər yeni təşkilatlar yaranır, o təşkilatlar nə qədər inkişaf edir. Almaniyanın özündə 3-4 rəssamlar cəmiyyəti var, özləri öz haqlarını tələb də edirlər, dövlət də kömək edir”.

 

Verilişin gedişində Səlhab Məmmədov Rəssamlar İttifaqının bir neçə il bundan əvvəl Türk Hava Yolları ilə imzaladığı müqavilədən də danışıb. Həmin müqaviləyə əsasən Rəssamlar İttifaqının balansında olan və metronun "İçərişəhər" stansiyasına yaxın ərazidə yerləşən qalereya Türk Hava Yollarına icarəyə verilib. Deyildiyinə görə Azərbaycan rəssamları bu müqaviləyə əsasən Türkiyəyə gedərkən pulsuz biletlə təmin olunmalıdırlar. Amma rəssamlar bildirirlər ki, hazırda müqavilənin həmin şərtinə riayət edilmir. Səlhab Məmmədovun bu barədə cavabı belə olub: “O müqavilə dəyişilib, mən müqavilənin şərtləri ilə tanış deyiləm. Əgər o maddə sənəddə varsa, niyə riayət olunmaması ittifaqın sədrindən soruşulmalıdır. Bilirəm ki, əvvəllər belə idi və həmin ərəfədə xeyli rəssam Türkiyəyə getmişdi. Müqaviləyə sonuncu imzanı mən atmıram, birinci şəxslər atırlar. Ola bilər həmin maddə başqa nəyləsə dəyişilib”.

 

Səlhab Məmmədov həm Bakıda “Qız qalası” qalereyasına, həm də Almaniyada “Berlin-Bakı” qalereyalarına oğlu ilə birgə rəhbərlik edir. Qalereyaya sahiblənməyin mənfi və müsbət tərəflərindən danışan xalq rəssamı, Bakıda bu gün 30-a yaxın qalereyanın olduğunu deyib: “Dünya rəssamlıq sənəti qalereyadan inkişaf edir, yəni qalereyalarda tanınır. Bizim rəssamlarımız var ki, əsərlərini qalereyada satıb özlərinə emalatxana, ev, maşın alıblar. Amma bütün günü emalatxanada oturub sonra da deyim ki, mənə qayğı yoxdur, bu da düz deyil. Qayğını kim göstərməlidir? Gəlməlisən, sərgilərdə, müsabiqələrdə iştirak etməlisən. Keçən il Rəssamlar İttifaqında nar sərgisi oldu və sponsor 70-ə yaxın əsəri aldı, mükafatlar verdi. Gərək rəssamın özünün də bir məqsədi olsun”.

 

Söhbət əsnasında onu da öyrəndik ki, əslində rəsm əsərinin dəyəri müəllifin adı ilə bağlıdır. S. Məmmədov deyib ki, Azərbaycanın bahalı heykəltəraşı Ömər Eldarov, bahalı rəssamı isə Mir Cavad Mircavadovdur. Onun sözlərinə görə, “Qız Qalası” qalereyasında Mir Cavadın orijinal rəsm əsəri 100 min manata satışa qoyulub: “Amma 100 min verilsə belə bu əsəri satmarıq. Çünki bu əsər qalereyamızın bir növ vizit kartıdır”.

 

Həmsöhbətimiz bildirib ki: "İncəsənət çox böyük sevgidir. Zənn edirsən ki, kimisə sevirsən, bütün günü onunla bir yerdəsən, onunla yaşayırsan. Bu da sevginin bir növüdür. Sevgidə də hər zaman sən onunla sevinmirsən, incəsənətdə də elədir. Bəzən baxırsan qonşunun bahalı maşını, evi, yaxşı yaşamaq üçün hər şeyi var. Bəzən bütün bunlar təəssüf ki, rəssamı da yolundan döndərir. Rəssamlıqla pul qazanmaq çox çətindir. Xaricdə rəssamlar rəssamlıqla pul qazanmırlar, hər bir rəssamın əlavə işi var”.

 

Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru vəzifəsində olan Səlhab Məmmədov müəllim kimi uğurlu və gələcəyinə inandığı gənc rəssamların olduğunu da bildirib: “Gənclər bizim gələcək ümidimizdir, işləyirlər, yaradırlar. Bu gün dünya incəsənəti tamamilə başqadır. Əgər vaxtilə bu yollar bağlıydısa, bu gün bütün yollar açılıb. Biz də dəyişməliyik, yenilənməliyik”.

 

Verilişin qonağı Azərbaycanda son illər tikilən binalarda yerli mütəxəssislərdən istifadə olunmamasının səbəblərini də açıqlayıb: “Bizim Sovet dövründə müasir fikir yox idi. İndi dövr dəyişib. Yenilənmək üçünsə bəzən 50-100 il lazımdır. Düşünürəm ki, bir neçə ildən sonra artıq hər şey dəyişəcək və yerli mütəxəssislərdən də istifadə olunacaq”.

 

Səlhab Məmmədov Strasburqda Avropa Şurasının binası qarşısında qoyulan “Çiçəklənmə” adlı monumental əsərin müəlliflərindən biridir. Binanın içərisinə qoyulması nəzərdə tutulan bu sənət əsəri çox bəyənildiyi üçün üçün onun binanın önündə qoyulması barədə qərar verilib.  

X

XƏBƏRLƏR
BÖYÜT