Oqtay Zülfüqarov: "O olmasa, çoxdan qəbiristanlıqda idim"
19:43 – 01 Aprel, 2015

"Əhvalım bir gün pis, o biri gün yaxşı olur. Əlbəttə, yaş özünü büruzə verir. Bu qədər ömür yaşamışam. Həyatımdan çox razıyam. Hazırda yeni baletimi Azərbaycan Opera və Balet Teatrında məşq edirlər. Bu, məni çox sevindirir. Onun da hazır olmağını görüm, sonra ölsəm də olar. Onsuz da hamının həyatı bir yerdə qırılır. Bilirəm ki, mən öləndə rəhmət oxuyacaqlar. Haqqımda deyəcəklər ki, yaxşı kişi idi. O dünyaya inanmıram, insan öldüsə, artıq hər şey bitir".

 

Bunu APA.TV-in efirində "İlqar Rəsul və..." verilişinin qonağı, bəstəkar, xalq artisti Oqtay Zülfüqarov deyib.

 

Uşaqlığını xatırlayan Oqtay Zülfüqarov bəzi xüsusiyyətlərini ən çox nənəsindən götürdüyünü dilə gətirib.

 

"Nənəm çox imanlı qadın idi. Quran oxuyardı, namaz qılardı. Bir də qəribə inancları vardı. Məsələn, qabağından pişik keçsə, kimsə boş vedrə ilə qabağına çıxsa deyərdi ki, işim gətirməyəcək. Həqiqətən də elə olurdu. Bu qəribəliyi mənə də keçib. Doğrudan da dəfələrlə sınamışam, kimsə əlində boş vedrə ilə qabağıma çıxdısa, işim alınmayıb".

 

"Mən heç vaxt böyüməmişəm. İndi də uşağam. 85 yaşlı uşaq deyərdim. Çünki, həmişə uşaqlarla daha yaxın olmuşam. Bir oğlum, iki qızım var. Üçü də incəsənət sahəsinin adamlarıdır. Qızım Leyla pianoçudur. Uşaqlıqda onu tez-tez televiziya verilişlərinə dəvət edirdilər. Təsəvvür edin ki, qızım necə məşhurlaşmışdısa, məni ona görə tanıyırdılar. Sonradan qızımın haqqında iki film çəkildi. Hətta sonra mənə “Leylanın atası” deyə müraciət edirdilər".

 

Ailə həyatından danışan Oqtay Zülfüqarov xanımının ona həmişə dəstək olduğunu deyib: "Yoldaşım İnarə xanım mənə necə dözür bilmirəm. Çox şıltağam. Ömrümdə özümə bir stəkan çay süzmərəm. O, hər şeyin yerini bilən xanımdır. Nənəm mənə deyirdi ki, heç vaxt arvad işinə qarışma. Elə mənim bu yaşıma çatmağımın səbəbi xanımımdır. O olmasa, bəlkə mən çoxdan qəbiristanlıqda yatırdım. Əvvəllər üç otaqda oğlumun ailəsi ilə yaşamışıq. İndi mənə prezident ev verib, çox rahat və xoşbəxt yaşayıram".

 

Bəstəkar indiyədək itirdiyi əziz dostlarından söhbət açıb. Onları həyatda ən böyük itkisi adlandırıb: "Bu yaşa çatana kimi çox dəyərli, yaxın adamlarımı itirmişəm. Qara Qarayev, Fikrət Əmirov və başqaları. Mən məhz Qara Qarayevin məsləhəti ilə uşaq mahnıları yazmağa başladım. O çox peşəkar idi.  Bilirdi ki, kimin qabında nə var. Sonradan Mədəniyyət Nazirliyi mənim otuza yaxın mahnımın məktəbəqədər təhsil müəssisələrində tədrisi üçün göstəriş verdi. Hətta mahnılarımı ifa edə bilməyənləri işə götürmürdülər".

 

Xalq artisti xarici ölkələrə səfərlərindən də danışıb: "Biz tez-tez xarici ölkələrə səfərlər edirdik. Ən çox yadda qalan səfərim isə Bolqarıstanla bağlı idi. Dayanmadan mahnılar bəstələyirdim. İndi gözlərim yaxşı görmür. Ona görə də bəzən notlarda çox səhvlər etmişəm. Əvvəllər əsərlərimə qonorar verirdilər. İndi qonorar məni çox da  maraqlandırmır. Bilirəm ki, işlərimi görməliyəm, ona görə də çalışıram işimlə, yaradıcılığımla məşğul olum. İndi musiqilərimiz dəyərini itirib. Hətta sırtıqlaşıb deyərdim. Özümüzdə ad günü mahnısı olmağına baxmayaraq, ingilis dilində mahnılar oxuyurlar. Biz özümüzə dəyər verməyi bacarmalıyıq".

X

XƏBƏRLƏR
BÖYÜT