On yeddi yaşdan başlayan yetimlik və sevimli “Safu nənə”...
15:38 – 08 Aprel, 2015

Yaşadığı həyətin “Safu nənəsi”dir o. Uşaqların çoxu onu belə çağırır.

Qayğıları, problemləri elə hamı qədər görünür. Amma hamıdan çoxdur da demək olar. Niyə? Ona görə ki, o həmişə müsbətə yüklənib. İnsanlara dəstək olmağa can atıb. Birində bir qayğını görəndə yox ha, hiss edəndə belə yavaşca yanına yaxınlaşıb, əlini kürəyinə qoyub “səbirli ol, vallah yaxşı olacaq” deyib kövrəlib. Onun yaxın qonşuları deyir bunu. Elə söhbət boyu da hiss elədim deyilənləri. Hər şeyin müsbətə yüklənməsinə çalışan bu qadın, əslində çox kövrək biridir. Və bütün dərdləri yaşayıb, yetmişi haqlayıb artıq. APA TV-nin “Ötən əsrin adamları” verilişində bu dəfə qonağımız Səfurə Bayramovadır. Əslən Laçındandır. O yerləri, uşaqlığını həsrətlə xatırladığını söyləyib həmişə.

 

Hər şey haqda çox sürətlə danışır Səfurə xala. Danışdıqlarından da hiss edirəm ki, həyatının ancaq xoş, pozitiv tərəflərini qabartmaq istəyir. Yox Səfurə xala, hər şey bu qədər rahat və asan olmur. Lap az vaxtda hamıdan danışdı. Bircə anasını erkən itirməsini söyləyəndə sözləri dolaşıb qaldı.

 

“Orta məktəbi bitirib Bakıya gəldim. Təhsilimi o zamankı Kooperasiya Texnikumunda (indiki Kooperasiya Kolleci) davam etdirdim. On yeddi yaşım vardı. Qrup yoldaşlarımla açıq havada bir məclis təşkil eləmişdik. O məclisdən kefi kök evə dönəndə kənddəki qohumlarımızdan birini bizdə gördüm. Dedi anan yıxılıb ayağını sındırıb, uşaqlara kömək lazımdır, həm də darıxıb səni görmək istəyir. Bir azdan başqa bir qohum da zəng vurdu ki, anan soyuqlayıb get kəndə. İki xəbərin fərqli olmasından anladım ki, evdə daha ciddi hadisə baş verib. Əvvəl getmək istəmədim. İstədim mənə düzünü desinlər. Sonra anladım ki, mütləq getmək lazımdır”.  

 

Səfurə xala deyir ki, ataların acığıma gəlməsin. O, həmişə elə bilib ki, atası ölər, amma anası əsla ölməz.

 

“Həyətdə ilk qarşıma çıxan atam oldu. Bir az toxtadım, “deməli məsələ ondan keçib” düşündüm. Gözüm anamı gəzdi ki, nə olduğunu o desin mənə. Ha gəzdim tapa bilmədi. Haradadır soruşdum, Dedilər ki, artıq yoxdur ”.

 

Elə qəribə danışdı ki, özüm də bilmədən “tez-tez baxırsınızmı anasınızın  şəkilinə ?” soruşdum. Yox, dedi, anamın heç şəkli yox idi.

 

“Ananı axtarıb bir şəkildə belə tapmamaq çox çətin məsələdir. O üzdən indi hamıya deyirəm ki,  çoxlu şəkil çəkdirin ”.

 

Ailəsində baş verən faciəyə baxmayaraq davam eləmək lazım idi. Həyat qırılmağı sevmir. Oxumağa ehtiyacı olan bacı - qardaşını düşünüb o.

 

Səfurə xala deyib ki, çalışdığı müddət onu təcrübə üçün Bloqarıstan, Kişenyov və daha bir neçə səfərə göndəriblər. Və bu müddətdə o yeganə qızını ata nənsindən başqa kimsəyə etibar etməyib.

 

“Həyat yoldaşım, ondan öncə bizə ana kimi olan bacım dünyasını dəyişmişdi. Yoldaşım dünyasını dəyişsə də onun anasından ayrı qalmamışdım. Həmişə əlaqəmiz olub. Ta ki, o, dünyasını dəyişənə kimi ”.

 

Yeganə övladından söz düşmüşkən Səfurə xala bildirib ki, qızı dizayner təhsili alıb. İndi də ixtisası üzrə fəaliyyət göstərir.

 

Amma o qızına görə heç vaxt ikinci dəfə  ailə qurmaq haqda düşünməyib. “Təklif almışdım. Amma qəbul eləmədim. İstəmədim qızım kiməsə ata desin və kimsə də ona atalıq eləsin. Gündə min dəfə tanrıya şükür edirəm ki, həyat da, elə övladım da bu fədakarlığımı dəyərləndirib. İndi artıq nəvə toyuna hazırlaşıram”.

 

...Səfurə xala da uşaqlığını yaşamadığını deyən insanlardandı. Anasını itirib yeniyetmə yaşında. Sonra bacısını ana bilib, onu da itirib. Ailə qurub bir damla xoşbəxtlik umub, onda da həyat yoldaşını itirib. Son ikisində deyə bilmərəm insana nə olur. Amma “hansı yaşacan ki, ata anan sağdı, sən o yaşacan uşaqsan” düşünmüşəm həmişə. Səfurə xala uşaqlığını on yeddi yaşında itirib, anası öləndə. İndi belə bir arzum var hamımıza: ata analar heç ölməsin, hamımız uşaq qalaq həmişəlik...

 

X

XƏBƏRLƏR
BÖYÜT