Suğra Bağırzadə: "Əfsus ki, bizim insanlar belə əsərlər almağa maraqlı deyillər"
14:49 – 13 Aprel, 2015
"Səkkiz və doqquzuncu siniflərdə artıq iki filmə çəkilmişdim. Ona görə də 11-ci sinfi bitirəndə məni Moskva Kinematoqrafiya İnstitutuna göndərmək istəyirdilər. Atam icazə vermədi. Mənə böyük nənəmin adını qoyublar. Dayım deyirdi ki, mən anamın adını sənə qoymuşam, sən də artist olmaq istəyirsən. Buna icazə vermərəm. Ona görə də sənədlərimi Neft-Kimya İnstitutuna verdim. Bu sahədə bir müddət işləyəndən sonra ailə qurdum. Ailə quranda özümə elə  həyat yoldaşı seçdim ki, mənə aktrisa kimi işləməyə icazə versin". Bu sözləri APA.TV-nin efirində yayımlanan "Sən demə" verilişinin qonağı, əməkdar artist Suğra Bağırzadə deyib. 
 
İlk peşəsini də sevən və bu sahədə çox əziyyət çəkdiyini deyən müsahibimiz bütün sevdiyi işləri paralel aparmağından söhbət açıb. "Çətin olsa da kimya sahəsini yarıda buraxmaq istəmirdim. Eyni zamanda aktrisalıq həvəsim məni bu sənətə yönləndirirdi. Çünki hələ uşaq yaşlarından mən kino adamları ilə sıx əlaqədə idim. Bir çox filmdəki uşaqların rolunu mən səsləndirirdim. Üstəlik rəssamlığa da böyük marağım məhz bugünkü gördüyünüz işlərin ərsəyə gəlməsinə səbəb olub. Hazırda mən həm də floraçı rəssam kimi tanınıram".
 
Suğra Bağırzadə zamanında bir neçə klipdə rol alsa da bu işi xoşlamadığını deyib. "Düzdür, çox müraciət edirlər, amma razılıq vermirəm. Ssenarini oxuyuram, əgər aktyorluq işi məni qane edirsə, o zaman klipə çəkilməyə razılıq verirəm. Bu isə çox nadir hallarda olur".
 
Xarakterindən söhbət açan qonağımız mülayim olduğunu və çox nadir hallarda əsəbiləşdiyini deyib. "Məni sakit insan kimi tanıyırlar. Çalışıram əsəblərimi qoruyam və sözümü sakit, təmkinli deyəm. Bəzən çox əsəbiləşdiyim, məni özümdən çıxaran məqamlar olur, o zaman məcbur oluram ki, səsimi qaldırım".
Ümumdünya Floristlər Şurasının üzvü olan Suğra Bağırzadə əsərlərinin analoqu olmadığını deyib. "Mən bu şurada türkdilli xalqların yeganə nümayəndəsiyəm. Fərdi sərgim təşkil olunanda otuz əsərimi aparmışdım. Əsərlərimə görə sertifikat aldım. O sertifikatda yazılıb ki, "Florastika sahəsində yenilik yaratdığına görə" verilir. Dünyanın bir çox ölkələrində forumlar keçirilir. Məni dəvət edirlər. Bu, həm də mənim inkişaf etməyimə, öz üzərimdə işləməyimə təkan verir. Güllərlə bu qədər yaxın olmağıma və bugünkü işlərimə görə anama çox minnətdaram. O, gülləri çox sevirdi, dibçək gülləri saxlayırdı, güllər solanda özünü çox kədərli hiss edirdi. Mən də zarafatla ona deyirdim, böyüyəndə elə bir vasitə icad edəcəyəm ki, güllər solmasın".
Əsərlərindən çox da gəlir əldə etməyən Suğra Bağırzadə buna təəssüfləndiyini dilə gətirib. "Əfsus ki, bizim insanlar belə əsərlər almağa maraqlı deyillər. Əsərlərimi əsasən xarici ölkələrə gedəndə, səfirliklərə dəvət olunanda hədiyyə aparıram"
X

XƏBƏRLƏR
BÖYÜT