Etimad Başkeçid: "Çox yaşamaq istəmirəm"
16:45 – 16 Aprel, 2015

"Tərcümə mərkəzində Azərbaycanın sayılıb-seçilən, ixtisaslaşmış, peşəkar tərcüməçiləri çalışır. Afaq Məsud özü də deyir ki, sanki dənizin dibindən inciləri bir-bir toplayıb yığmışam. Mərkəzin hazırda fəaliyyəti də məhz bu sözlərin təsdiqidir. Ona görə də əvvəldən tanıdığım imzaların olduğu mühitə uyğunlaşmağım uzun zaman almadı". 


Bunu APA.TV-nin efirində yayımlanan "İlqar Rəsul və..." verilişinin qonağı yazıçı, tərcüməçi Etimad Başkeçid deyib. 
 

Müsahibimiz uşaqlığından, doğulduğu kənddən söhbət açıb: "Başkeçid kəndinin adı sonralar dəyişdirilib. Əvvəllər kənddə yerli sakinlərin çoxu almanlar olduğuna görə məhz onların memarlığının izləri hələ də kənddə qalır. Bizim kənd küçələrin, evlərin  səliqəli quruluşuna görə digər ətraf kəndlərdən fərqlənir, həm də o zonanın ən mənzərəli, turistlərin daha çox gəldiyi kəndidir. Məhz bu mühitin mənim formalaşmağımda böyük təsiri olub. Atam kimyaçı olduğu üçün məni də kimyaçı görmək istəyirdi. Etiraz etdim ki, kimya fənnini öyrənmə qabiliyyətim yoxdur. Elə o vaxtdan ədəbiyyatı sevirdim, çoxlu bədii kitablar oxuyurdum. Atam bu həvəsimi görəndən sonra mənə dəstək olmağa başladı. Rayon qəzetində ilk şeirim çıxanda ikinci sinifdə oxuyurdum. Düzdür, çox adam mənim şeir yazmağıma inanmırdı. Hətta atamın yazdığını deyirdilər".

 

"Məktəbi bitirəndən sonra sənədlərimi Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verdim. Ara-sıra şeirlərim çap olunurdu. Günlərin birində atamın xalasının oğlu mənə məsləhət verdi ki, Bakıda təhsil almaqdansa, Moskvada Qorki adına Ədəbiyyat  İnstitutunda oxuyum. Özü şair və tərcüməçi idi. Həmin vaxtlar bu institut barəsində qətiyyən məlumatım  yox idi. Həm də rus dilini heç bilmirdim. Bu söhbətdən sonra şeirlərimi tərcüməçi Vladimir Qafarova sətri tərcümə etdirib,  instituta göndərdik. Yaradıcılıq müsabiqəsindən keçəndən sonra məni imtahana dəvət etdilər. Sözsüz ki, bu, məhz Vladimir Qafarovun mükəmməl tərcüməsinin nəticəsi idi. Ancaq orda mənim rus dilini bilmədiyimi görüb, imtahana buraxmadılar. Beləcə, Belarusiyaya hərbi xidmətə yollandım. Hərbi hissədə rus dilində zəngin ədəbiyyat vardı. Başladım özüm rus dilini öyrənməyə. Hətta mən rus dilində hərbi bölüyümüz haqda məqalə yazdım, qəzetdə çap olundu. Buna görə komandirimiz mənə təşəkkür etdi. Ondan sonra şeirlərimi yenidən düzəliş edib ədəbiyyat institutuna göndərdim. Nəhayət imtahana buraxıldım və qəbul olundum". Etimad Başkeçid bu sözləri təhsilindən danışarkən deyib. Xarakterindən söhbət açan həmsöhbətimiz həyatda böyük iddiaları olmadığını dilə gətirib: "Sadə Allah bəndəsiyəm. Nə ədəbiyyatda nə də tərcümə sahəsində böyük iddialarım var. 

 

Öz üzərimə düşən işləri vicdanla, məsuliyyətlə yerinə yetirən adamam. Başqa cür ola bilmərəm. Başqasının üç günə gördüyü işi on günə bitirirəm. Çünki, çox dəqiq çalışıram, vasvasıyam, istəyirəm işim keyfiyyətli olsun. Çox böyük problemləri olmayan, nəyim varsa, ona qane olan, Allahıma şükür edən  insanam.  Çox yaşamaq istəmirəm. Amma bu o demək deyil ki, əlli, əlli beş yaşında ölüm. Yetmişi keçim ondan sonra nə olur olsun. Uzun ya qısa ömür fərq etməz, keyfiyyətli yaşamaq lazımdır". 

X

XƏBƏRLƏR
BÖYÜT