Şahin Diniyev: “Sanki dünyadan təcrid olunmuşdum, boşluğa düşmüşdüm”
18:44 – 20 Aprel, 2015
 
“Futbolçu təkcə özünə cavabdeh olur. Ancaq məşqçi bütün komandanın məsuliyyətini daşıyır. Ona görə də məşqçinin işi daha çətindir. Etiraf edək ki, bu gün Azərbaycan futbolunun uğuru çox azdır. Hətta onlara "uğurcuq" deyərdim". Bunu APA.TV-nin efirində yayımlanan "Ulduz axını" verilişində keçmiş futbolçu və məşqçi Şahin Diniyev deyib. 
 
Müsahibimiz həyatının dönüş nöqtəsinin Rusiyanın "Terek" futbol komandası ilə bağlı olduğunu dilə gətirib: "Təsəvvür edin ki, məni bu komandaya məşqçi kimi dəvət edəndə klubda cəmi dörd nəfər oyunçu vardı. Həmin dövrdə Qroznıda siyasi vəziyyət də gərgin idi. Özü də  "Terek" komandasının yaradılması tapşırığını Rusiya prezidenti Vladimir Putin vermişdi. Çeçenistan prezidenti Əhməd Kadırovun da təşəbbüsü ilə bu komanda yarandı. Çox həvəslə işə başladım. Az müddətdə digər klublardan oyunçular dəvət etdik, istedadlı futbolçuları cəlb edib yeni komanda yaratdıq. Bu, həm də siyasi uğur sayılırdı. Ona görə də həmişə deyirəm ki, "Terek" komandasının üzərində nə qədər böyük əziyyətim varsa, eyni zamanda onun da mənim üzərimdə mənəvi əziyyəti var".
 
 
Həyat yoldaşını qəzada itirəndən sonra çətin günlər yaşadığını deyən Şahin Diniyev məhz həmin vaxtlarda "Terek" komandasının yaranmasının ona təskinlik gətirməsindən söhbət açıb: "Həyat yoldaşımı itirəndən sonra heç nəyə həvəsim qalmamışdı. Hətta işə də getmək istəmirdim. Sanki dünyadan təcrid olunmuşdum, boşluğa düşmüşdüm. Yaxşı olmağa çalışırdım. Məni həyata bağlayan övladlarım vardı. Onlara dayaq olmalı idim. İndi oğlanlarım da futbolçudurlar. Ümid edirəm ki, gələcəkdə böyük uğurları da olar". 

Hazırda Azərbaycan futbolunun vəziyyətindən keçmiş məşqçi qeyd edib ki, “indi komandalar daha məsuliyyətlə çalışır. Həm də bizim futbola başqa xalqın futbol taktikasını tətbiq etmək düzgün deyil. Ona görə də çalışmalıyıq öz texnikamız ilə işləyək". 

Yerli futbolçularımızın xarici komandalara dəvət almamağından danışan həmsöhbətimiz bunun bir sıra çətinliklərlə bağlı olduğunu  dilə gətirib: "Bizim futbolçuların xarici komandalara getməməyinin başlıca səbəbi maliyyədir. Burada yaxşı qonorar alan futbolçu vətənindən, doğmalarından kənarda yaşamaq istəmir.  Onları qınamaq olmaz. Əslində hər kəs yaxşı və rahat yaşamaq istəyir. Onlar xaricdə yaşamağa psixoloji cəhətdən hazır olmurlar. Ona görə də güclü futbolçu yetişdirmək üçün  uşaqlıqdan məşğul olmaq lazımdır. Əlbəttə biz uşaq futbolunu, xüsusən bölgə komandalarının inkişafını diqqətdə saxlamalıyıq".  
X

XƏBƏRLƏR
BÖYÜT