Brejnevin alma payı, Bağırovdan xəbərdarlıq, direktora ölüm hədəsi...
13:48 – 22 Aprel, 2015

"Övladlarıma vəsiyyət etmişəm ki, Sona xanımın ölüm tarixini mənim də  ölüm günüm kimi məzarıma yazdırsınlar. Bir neçə il öncə həyat yoldaşın Sona xanımı itirdim. İndi həftədə iki üç dəfə məzarını ziyarət edirəm.  Sona xanımın məzarındakı sinə daşına öz şəklimi də saldırmışam. Ona kitab da həsr etmişəm. Məncə bütün qadınlar kitaba layiqdir, amma onları  kəşf etməyə kişi gərəkdir!"

 

Bu fikirləri APA.TV-də efirə gedən “Ötən əsrin adamları” verilişinin budəfəki qəhrəmanı Babulla Səlimov deyib.

 

“Atam çox varlı adam olub. Mən yeddi bacıdan sonra dünyaya gəlmişəm.

Gəlişimə qurbanlar kəsilib. Babam Qüdrət kişi mənə Əmin adını qoyub. Bir gün bibim məni qucağına alıb qonşu həyətə keçəndə yıxılıb. Mənim ayağım sınıb. Onda biz yaylaqda dincəlirdik. Sınıqçı tapıb gətiriblər. Ayağımı sarıyıb. Sonra artıq biz Arana enəndə həkim müayinəsində məlum olub ki, ayağım əyri bitişib. Uzun müayinədən sonra həkimlər ayağımı sındırıb yenidən gipsə salmağı lazım biliblər. Və atama məsləhət veriblər ki, uşağın adını dəyiş. Yoxsa yaşamayacaq. O zamanlar ata babam Xətaini çox mütaliə edərmiş. Onun şerlərindən bir misranı xatırladır həkim. Və o misrada səslənən “babulla” sözünü mənə ad kimi verməyi tövsiyə edir. O zamandan mənim  adım Babulla oldu və sənədlərimə də bu ad yazıldı”.

 

Babulla müəllimin dediyinə görə, 1950-ci ildə Mircəfər Bağırovdan onlara xəbər gəlir ki, babasından miras qalan yaylağı tərk etsinlər.

 

“Yaylaqdan endik. Bilirdik ki, Mərkəzi Komitədən gələn göstərişdir. Hər şeyimizi bizdən alacaqlar. Anam atama yalvarıb yaxardı ki, hər şeyini təhvil ver, yoxsa səni aparacaqlar bizim də aqibətimiz bəlli olmayacaq. Sən demə anam onda böyük bir sarsıntı keçiribmiş, bizə heç nə bildirməyib. Atam anamın sözünü dinlədi. Cənnət bağımız da daxil olmaqla hər şeyi dövlətə təhvil verib canımızı qurtardı. Yadımdadır o zaman bizim cənnət bağında içi çölü qırmızı almalar yetişirdi. O almaya cənnət alması da deyirdilər. Bax həmin o almaları bizim bağdan toplayıb Brejnevə də göndərirdilər”.

 

“Günlərin birində atam evə gəlib anama dedi ki, cənnət bağımızı dağıdıblar. Ondan sonra anam xəstəxanaya düşdü. Onda mənim altı yaşım var idi. Tətilə çıxmışdıq. Atam sevinə-sevinə dedi ki, ana yaxşıdır, gedirəm gətirəm evə. Məni də özü ilə aparmasını xahiş elədim. Əvvəl razılaşdı. Sonra poçtalyon və Sənəm xalam bizə gəldilər. Sənəm xala ağlayırdı. Atama nəsə dedilər. O mənə dedi ki, daha sən getmə, özüm gedirəm dayınla. Ananı gətirəcəyik evə. Çoxdandı anamı görmürdüm. Elə səbirsizliklə gözləyirdim ki, yolunu. Bir də gördüm həyətimizə bir maşın girdi, üstünə balaca qara parça bağlamışdılar. Atam maşından düşüb mənə sarı qaçdı. Qucaqladı məni. Dedi ki, daha ana yoxdur oğlum, yurdumuza su ələndi”.

 

Babulla müəllim deyib ki, uşaq olsa da eşidibmiş ki, xəstəxanada ölən adamın saçını, daxili orqanlarını kəsib götürürlər.

 

“Anamın uzun saçları var idi. Mən anamı saçsız təsəvvür eləyə bilmirdim. Anamın otuz üç yaşı vardı. Heç dən də düşməmişdi saçına. Onun cənazəsinin yuyulduğu yerə qaçdım. İçəri zorla girdim. Anamı gördüm, rəngi saralmışdı. Özümü onun üstünə atdım. Məni uzaqlaşdırmağa çalışdılar. Əlimi boynunun arxasına keçirdim. Gördüm ki, hörükləri yerindədir. Bir az təskinlik tapdım”.

 

Sonralar uzun müddət anasını yuxuda görüb həmsöhbətimiz.

 

“Anam mənə deyirdi ki, qorxma Bəbi, mən ölməmişəm, sağam”.

 

O, həyatında müqəddəs olan qadınlardan danışıb. Deyib onlardan biri öz anam Sona xanım idi, biri həyat yoldaşım Sona xanım idi, biri də qayınanam Göyərçin xala olub. Əvvəl ikisi o dünyada idi. İndi üçü də o dünyadadır...

 

Anasının vəfatından sonra atası uzun müddət ailə qurmayıb. Babulla müəllim deyib ki,  o, onuncu sinfi bitirəndə qohumları atasını zorla evləndirdilər. Ögey anası haqda danışmaq istəməyib. Deyib özgədən gəlib doğma adam olmaz. "Həm də mən artıq təhsil dalınca Bakıya gəlirdim. Atama qulluq eləmək üçün biri lazım idi". Düşünüb ki, bu qadın atasına lazımdır.  O üzdən sakitcə varlığını qəbul edib analığının...

 

Uzun müddətdən sonra atanısın anasına aid gəlinlik geyimini məscidə verdiyini eşidib.

 

“Bu xəbər mənim bütün düynam alt-üst elədi. Kimsəyə bir söz demədim. Yıxılıb yatdım. Uzun müddət idi anamı yuxuda görmürdüm. İndi anam yuxuma gəlmişdi. Məndən özümü yetkin adam kimi aparmamı tələb elədi. Və söylədi ki, başını qaldır yana bax. Dönüb baxdım. Anamın gəlinlik paltarında bir qız dayanmışdı. Anam qızı göstərib mənə dedi ki, onu axtarıb taparsan. Mənim adaşımdı, sənin də çox şeyin olacaq”.

 

Neft Akademiyasına daxil olandan sonra uzun müddət başqa yataqxanada yer olmadığına görə qızlar yataqxanasında qalıb.  Bir gün komendantla söhbət edəndə içəri bir qız girib. Bu həmən qız idi. Anasının yuxuma gətirdiyi qız.

 

“Yuxum çin olmuşdu. Anamın yuxuma gətirdiyi qızı görmüşdüm. Bir də komendant ona “Sona xanım, qızım açarı qızlar götürüb” deyəndə uçmağa qanadım olmadı. Özümə dedim ki, vaxt itirmək olmaz. Yaxınlaşıb yükünə kömək elədim. Otağa qədər apardım hər şeyi otağa yerləşdirdim. Məni kofeyə qonaq elədilər. Sonra kitab rəflərini düzəltməyə kömək elədim. Ordan çıxan kimi qaçıb Sonanın dərs cədvəlini götürdüm. Səhəri yenə yaxınlaşdım ona. Dərsə gedəcəyi vaxtı sorşdum. Zamanı mənə dedi və beləcə biz görüşməyə başladıq. 1970-ci il iyulun 1-də, onun doğum günündə evləndik”.

 

Sonra o, keçmiş Əli Bayramlı şəhərində, Bakıda müxtəlif vəzifələrdə çalışıb. Bakı Neft Texnikumunda direktor işləyib.

 

“Kasıb və savadlı uşaqlara kömək eləməyi qarşıya məqsəd qoydum. Çünki özüm də Bakıya gələndə bir pencəyim, bir özüm idim. İndi o zaman oxutduğum çoxlu sayda tələbəm var. Bir də görürsən hardasa qarşıma çıxırlar, mən tanıya bilmirəm, amma onlar sağ olsunlar məni unutmayıblar”.

 

Babulla müəllim söyləyib ki, işlədiyi müddətdə onu dəfələrlə izləyib, hədələyiblər.

 

“Neft Texnikumunda tələbələrdən rüşvət alan bütün müəllimləri işdən çıxardım. O zamanlar sovet mətbuatında bu məsələ haqda  çoxlu yazılar yazıldı. Bir gün işə gələndə gördüm iş otağımın qapısında belə bir yazı var “burdan get, yoxsa səni öldürəcəyik!” Mən işimi gördüm bitirdim. Lazım olan adamların hamısını işdən çıxardım. Problemləri yoluna qoydum. Sonra qalan işçiləri otağıma yığdım. Dedim ki, hər gün işdən sizinlə gedirdim. Bu gündən tək gedəcəm. O yazını kim yazmışdısa gəlib məni öldürər”. 

X

XƏBƏRLƏR
BÖYÜT