Davud Əhmədov: "Fəxri adım olmasa da xalq məni sevib və ürəyində saxlayıb"
18:12 – 01 May, 2015

“Televiziyanı mən müqəddəs bir yer görmüşəm. Mən televiziyada əsərlər oynamışam. 1964-cü ildə video yox idi. O vaxt bir böyük studiyada 16 əsər qoyulmuşdu. Qaç-ha qaçdaydım. Orada peşəkar aktyorlar oynayırdı. Ancaq böyük qüvvə mən idim. Yəni, mən aktyorluq sahəsində də qurdumu öldürmüşəm". 

 

Bunu APA.TV-nin “Sən demə” verilişinin növbəti qonağı tanınmış diktor Davud Əhmədov deyib.
 
Davud müəllimlə nə qədər başqa mövzulardan danışmağa başlasaq da, bir tərəfi yenə televiziyaya və incəsənətə gəlibb çıxırdı. Ancaq həmsöhbətimiz bir az uşaqlığından və atasından söz açıb: “Atam məni 5 yaşında səhnəyə çıxardıb, Səməd Vurğunun “Müsəlləh əsgərəm mən də bu gündən” şeirini mənə söylətdirib. Bu mənim üçün böyük xatirədi. Atamla aramızda 22 il fərq var idi və o göz dəyməsin deyə məni oğlu kimi deyil,  qardaşı kimi təqdim edirdi". 
 

Həyatının ən böyük səhvindən söz açan diktor bu günə qədər peşimançılıq çəkdiyi bir hadisəni də danışıb: 
“Biz ailəlikcə 1992-ci ildə Türkiyəyə getdik. Bu günə qədər də bu səfərin peşimançılığını yaşayıram. Mən orada olanda burada həmkarlarım ad aldılar, Prezident Mükafatına layiq görüldülər.  Mən isə Türkiyədə veyillənirdim. Burada olsaydım, birinci mən alardım o adaları. İndi Prezident Təqayüdçüsü idim. Ayda 65 manat almazdım ”. 
 
Davud Əhmədov 74 yaşına çatıb və yaşadığından 3 dəfə çox şeirləri var. 
 

“Ən böyük xatirələrim şeirlərimdə əks olunub. Xatirələrimi olduğu kimi bilmək üçün gərək şeirlərimi oxuyasınız. Mən sevmişəm və evlənmişəm. Amma bu mənə yetməyib. Mən istəmişəm bir də övladım olsun. Ən böyük xatirələrimdən biri də Moskvada, Kreml Sarayında mərhum şair Əli Kərimlinin şeirini səsləndirməyimdir. Sonra gəlib Universitetə daxil oldum. Teatr institutunun rektoru Rahib Hüseynov mənim ilk təyinatımı Azərbaycan Dövlət Dram Teatrına verdi. Mən qəti olaraq etiraz etdim, diktor olmalıyam dedim. 1992-ci ildən isə artıq radionun diktoru idim. Mikrofon elə bir şeydir ki, ondan ayrılmaq olmur”. 
 
Qonağımız bu yaşında həsrət çəkdiyi nələrinsə olduğunu da deyib: “Oğlumdan bir oğul və ya nəvəmdən nəticə istərdim. Mənim başqa nə həsrətim olar. Dövlətin verdiyi təqaüdlə dolanıram. Özümə görə ad-san qazanmışam.  Düzdür, fəxri adım yoxdur, amma xalq məni sevib və ürəyində saxlayıb”.

X

XƏBƏRLƏR
BÖYÜT