Nəsibə Zeynalova:"Qəmər Almaszadə onun aktyorluq qabiliyyətinin olmadığını demişdi"
11:35 – 05 May, 2015

Neçə illər uşaq həsrətində olan ailənin 12 ildən sonra, 20 aprel 1916-cı ildə bir qızı doğulur. Ailəyə böyük sevinc nəsib edən qızın adını da Nəsibə qoyurlar. Atası Cahangir Zeynalov varlı tacir kimi tanınsa da o, gəlirinin çox hissəsini teatr sahəsinə, incəsənətin inkişafına sərf edirdi. Gəlir mənbəyi tacirlikdən olan bu adam aktyorluq peşəsini canından çox sevirdi. Məhz Cahangir Zeynalov Azərbaycan milli realist aktyor məktəbinin banisi hesab olunur. Öz evini təxminən 300 nəfər tamaşaçı tutumuna malik balaca teatr binasına çevirmişdi. Kərbəlayı Cahangir qızını da aktrisa görmək arzusunda idi. Ancaq bu arzusunun həyata keçməyini görmək ataya qismət olmur. Belə ki, 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana getmək məcburiyyətində qalır. Sentyabrda Bakıya qayıdanda isə gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov bu mübarizədə məğlub olur. O zaman balaca Nəsibənin iki yaşı vardı. Bir müddət sonra anası ikinci dəfə ailə qurur. Bu evlilikdən bir bacı və qardaşı doğulur. Atası dünyasını dəyişəndə Nəsibə onun arzusunu dərk edəcək yaşda deyildi. Ancaq buna baxmayaraq qızcığaz atasının arzusunu hiss etmişdi. Uşaqlığından istedadı ilə seçilən Nəsibə hələ orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının incəliklərini mənimsəmişdi.  

 

Nəsibə Zeynalova 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olur. 1937-ci ildə isə Bakıda, 1934-cü ildən mövsümi, yəni aprel ayından oktyabradək fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa kimi işləməyə başlayır. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. Bir il burada aktrisalıq edən Nəsibə 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi işə götürülür. Bu sənətə ürəkdən bağalanan yeniyetmə gələcəkdə işini peşəkarcasına davam etdirmək üçün həmin  il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alır.  Nəsibə Zeynalova bu illərdə Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alır, bir sıra rollar oynayır. Ancaq Sonralar ömrünü və aktrisalıq fəaliyyətini Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa müxtəlif illərdə milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm kimi xarakterik səhnə obrazlarında çıxış edib. İlk vaxtlarda özünün çox kompleksli olduğunu, hətta səhnədə əlini belə qaldırmaqdan utandığını deyirdi. Həmin vaxtlar ansamblın rəhbəri, dövrün məşhur və ilk balet rəqqasəsi Qəmər Almaszadə Nəsibədən aktrisa olmayacağını deyib onu səhnədən uzaqlaşdırır. Lakin Şəmsi Bədəlbəyli Nəsibənin istedadının sezmişdi. Məhz onun cəsarətləndirməsi və dəstəyi ilə Nəsibə bu sənətə ürəkdən bağlanır, sonrakı illərdə səhnədəki çıxışları ilə dahi aktyor və rejissorun inamını doğruldur. 
 

Nəsibə Zeynalovanın dostları və yöndaşları onun obrazın sözlərinə qarşı çox həssas və məsuliyyətli olduğunu deyirlər. Aktrisa ssenaridən kənar, yaxud xarakterə uyğun olmayan, səmimi görünməyən sözləri işlətməzdi. Xüsusən də  klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Nəsibə Zeynalovanın yaradıcılığının müəyyən hissəsini musiqili komediya əsərlərinin tamaşaları ilə yanaşı həm də bir-birindən fərqlənən komik və maraqlı filmlərdəki obrazları təşkil edir. Getdikcə o, kinorejissorların da diqqətini cəlb edirdi. Beləcə, 1958-ci ildə Həbib İsmayılovun dəvəti ilə çəkildiyi "Ögey ana" filmindəki avam kəndli qarı Fatmanisə obrazı kinoda ilk işi olur. Xarakterik obraz olsa da bu film Nəsibə Zeynalovaya böyük uğur qazandırır. 
 

Bu filmdən sonra bir-birinin ardınca "Böyük dayaq" filmində oynadığı kolxozçu Telli, "Qanun naminə" filmində eyni vaxtda iki obraz Şəhla xanım və kəndli qadın, "O qızı tapın" filmindəki Meyransa aktrisanın hərtərəfli istedadını göstərən nümunələridir. Onun oynadığı obrazlara baxanda tamaşaçıda elə təəssürat yaranır ki, Nəsibə Zeynalovanın öhdəsindən gəlməyəcəyi rol yoxdur. Əlbəttə ki, bu, həqiqətən də belə idi. Onun üzündə yaratdığı rollara uyğun mimikalar, səmimi danışıq tərzi canlandırdığı obrazlara təbiilik, şirinlik qatırdı. 
 

Yüksək musiqi duyumuna və ifa qabiliyyətinə malik olan aktrisanın bu qabiliyyəti rejissorların diqqətindən kənarda qalmırdı. Buna görə də aktrisanın oynadığı  bir çox filmlərə baxan tamaşaçılar onun fərqli və maraqlı ifalarından da zövq alırlar. 
 

Bir-birindən maraqlı obrazları ilə tamaşaçıların sevimlisinə çevrilən Nəsibə Zeynalova Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülür. «Hicran» musiqili komediyasındakı Qızbacı roluna görə isə Azərbaycan Dövlət Mükafatı Laureatı olur. 
 

Aktrisanın yaradıcılığı barədə böyük sənətkarlar, dahi bəstəkarlar da ağızdolusu danışırdılar. 1974-cü ildə Rauf Kazımovsinin Nəsibə Zeynalova haqda  çəkdiyi «Aktrisanın təbəssümü» televiziya filmində bəstəkar Fikrət Əmirovun onun haqqında səmimi fikirlərinə də yer verilib. 
 

Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb.  Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xüsusilə yaşlı qadın obrazlarında istifadə etdiyi hərəkətlər, danışıq, hətta yaşından artıq ahıllıq elementlərini o qədər peşəkarlıqla canlandırır ki, sanki həqiqətən də o yaşda, o əhvaldadır. Nəsibə Zeynalovaya ən böyük uğur və şöhrət qazandıran isə Hüseyn Seyidzadənin 1978-ci ildə çəkdiyi "Qayınana" filmindəki Cənnət obrazı oldu. Obrazın xarakteri, yerişi, duruşu neçə illərdir Azərbaycan xalq təsəvvüründəki qaynana obrazı ilə tam üst-üstə düşürdü. Ona görə də film  ekranlara çıxandan sonra sanki Nəsibə Zeynalova yenidən parladı və bu obraz aktrisanın ömrünün sonuna kimi daimi uğur simvoluna çevrildi.
 

Rejissor Fikrət Əliyevin 2001-ci ildə  çəkdiyi "Yuxu" filmindəki Məsmə obrazı aktrisanın kinoda son böyük rolu oldu. 

Uşaqlıqda atasız qalan Nəsibə həmişə ona qayğı göstərəcək, həyatda güvənə biləcəyi bir insan arzulayırdı. Günlərin bir günü ona arzuladığı sevgi qisməti olur. Tarzən Mütəllim Novruzovla tanış olur. Beləliklə Nəsibə həyat yoldaşından əlavə həm də özünə kürəyini dayaya biləcəyi dost qazanır. 1954-cü il iyulun 31 də cütlüyün bir oğul ovladı doğulur.  Nəsibə Zeynalova atasından ona miras qalan aktyorluq peşəsini yeganə övladı Cahangir Novruzova ötürə bilir. Dəfələrlə oğlu ilə səhnəni paylaşan aktrisa həmişə bundan fəxarət hissi keçirirdi. 
 

Nəsibə Zeynalova ömrünü xoşbəxt ana, xoşbəxt qadın, xoşbəxt aktrisa kimi yaşadı. Ömür isə əbədi deyil. 10 mart 2004-cü ildə təbəssümü və səmimiyyəti ilə yaddaşlarda qalan  aktrisa həyatla vidalaşdı. Və Azərbaycan xalqı onu son mənzilə sürəkli alqışlarla yola saldı... 

 

X

XƏBƏRLƏR
BÖYÜT