Öldürülən “qırmızı professor”, qaçaqlarla vuruşan komsomol, Mircəfər Bağırovun eynəyini sındıran qız...
12:46 – 06 May, 2015

“APA” TV-nin “Ötən əsrin adamları” verilişində bu dəfə Asya və Vəli Bağırovlar qonaqdır. Biri Fətəli xan nəslindəndir. O biri sadə kənd adamıdır. İndi yaşlarının elə dömənimdədirlər ki, lap körpə uşaq kimi hamı nazlarını çəkir Asya xanımın və Vəli kişinin.

 

Vəli kişi doxsan yaşla sağollaşıb. Bir az uşaqlığınızdan danışın dedim. Dedi nə uşaqlıq, uşaqlıq olub ki?!

 

 Lap xırda yaşında atasını itirib. Sonra anasını. Ardınca iki yaşılı bacısı xəstəlikdən dünyasını dəyişib. Qapılarda böyüyüb. Bir az əmi, bir az dayı, bir az bibi, bir az xala, anası öləndən sonra atasının aldığı ikinci arvad, onun anası, nə bilim qonum-qonşu... Hər kəsin əlindən bir tikə çörək gözləyəcək qədər ağır olub həyatı. Ailəsindən bircə xatirə şəkil belə yoxdur ki, heç olmasa ona sığınıb dərdləşib, ağlasın doluxsunanda.

 

“Məktəb yaşım idi. Hamıya atası məktəb paltarı tikdirmişdi. Anası geyindirib, yedirdib, baş - gözünü tumarlayıb məktəbə yola salırdı. Mənim nə geyimim vardı, nə başımı tumarlayanım. Nə gəldi geyinib getmişdim məktəbə. Heç nə demədi müəllim, bilirdi ki, yetiməm”.

 

Beləcə on dörd yaşında yeddinci sinfi bitirib.  Kənd Təsərrüfatı texnikumunun baytarlıq bölümünə daxil olub.

 

“Ölkədə vəziyyət ağır idi. Adambaşına üç yüz qıram çörək verirdilər günə. Çox vaxt adamlar yavan yeyirdilər çörəyi. Mən elə növbəyə durub alan kimi mağazanın kənarında yavan çörəklə nahar eləmişəm həmişə. Çünki çörəyimin arasına qoymağa heç nə olmayıb. Bir qarnı ac, bir qarnı tox böyüdüm. Oxuyub feldşer işlədim, sürücülük elədim”.

 

Hələ Sovet hökuməti yaxşı bərkiməmişdi deyir. İranlı qaçaqların əlindən hamı dad eləyirmiş. Sərhədçilərin gücü çatmırdı sərhədi tam mühafizə etməyə.

 

“Məhərrəm Əliyev adlı  komsomol katibimiz vardı. O, təşəbbüs qaldırdı ki, sərhəd boyu kəndləri qaçaqlardan qorumaq üçün sıravi adamlardan mühafizə dəstələri yaradılsın. Gedib həmin dəstəyə qoşuldum. Qaçaqlara qarşı durmaq çətin idi, həm də qorxulu”.

 

Bir müddət sonra onu Culfada Ət Kombinatına feldşer  təyin ediblər. Orda işlədiyi müddətdə maddi durumu da  yaxşılaşıb.

 

1949-cu ildə Bakıya gəlib. Gecə məktəbində təhsilini davam etdirib. Gündüzlərsə Biləcəridə yerləşən orta məktəblərdən birində fəhləlik edib. Asya xanım da həmin məktəbdə həm oxuyur, həm işləyirmiş. Beləcə tanış olublar. Bir müddət sonra ailə qurublar.

 

Asya Bağırova əslən Dərbəndlidir. Ana nənəsinin yanında böyüyüb. Dediyinə görə ana tərəfi Fətəli xan nəslindəndir.  Xan nəslindən olmaq, ulu babanı görməsən belə xarakterində iz qoyur.

Asya xanım deyib ki, ana nənəsi dövrünün çox xanımlarından fərqli qadın idi.

 

“Xarakterində sərtlik, sözü kəsə demək vardı. Deyilənlərə görə anama o vaxtlar qonşu rayondan elçilər gəlib. Qadın tək qızına qonşu rayondan gələn elçilərin qarşısına şərtlə çıxıb. "Ürəyimə damıb ki, qızım kimlə ailə qursa birinci övladı qız olacaq. Və mən o qızı övladlığa götürəcəyəm". O zaman ancaq kişilərin iştirak elədiyi elçilik mərasimlərində bir qadının yaşmaqsız filansız çıxıb kəsə söz deməsi hamını təəccübləndirib. Amma qadın bu təəccübə əhəmiyyət verməyib. Elçilərə sözünün dalını gətirib. Söyləyib ki, onun şərtinə razı deyilərsə qapı açıqdır. Beləliklə elçilər qadınla razılaşıb və o qız nəvəsini, Asya xanımı anadan olan kimi övladlığa götürüb.

 

Asya xanım bütün xatirələrinin içində bir adı daha çox çəkirdi, Kazım dayı. Həyatında önəmli yer tutub bu sima.

 

“Əslində o həm də Məşədi idi. Məşədi Məmmədkazım Ələkbərli. Dövrün savadlı, ziyalı adamlarından olub. Azərbaycanda Pedoqoji Universiteti bitirib, sonra təhsilini Moskvada davam etdirib. Xüsusi istedadı və bacarığına görə Stalin və çevrəsi ona  “krasnıy professor” deyib. Azərbaycan Mərkəzi Komitəsinə birinci katib vəzifəsinə təyin etmək istəyiblər onu.  Bu məqsədlə dayımı Moskvadan Azərbaycana göndəriblər. Azərbaycana gələndə nə müşahidə elədiyini nə mənə, nə nənəmə deyib. Amma birinci katib olmağa razılaşmayıb.

Onun ən çox görüşdüyü adamlardan biri Mircəfər Bağırov idi. Mircəfər dayımın əziz dostlarından idi.  Dayımdan həmişə eşitdiyim bu olmuşdu: “Yaxşı oğlandır Cəfər”. İstəyirdi onu qabağa çəksin. O üzdən özündə cəsarət tapıb Mircəfər Bağırovun  təqdimatını eləyib Stalinə. Özü isə elmlə, araşdırmalarla məşğul olmaq istədiyini bildirib. Deyilənlərə görə dayımın təqdimatını araşdırıb Mircəfər Bağırova vəzifə veriblər. O çox sürətlə irəli getdi. Mərkəzi Komitəyə rəhbər təyin olunandan sonra da bizə tez-tez gələrdi. Onda artıq dayım bizi də Dərbəddən Bakıya gətirmişdi”.

 

Asya xanım deyib ki, dayısı həbs olunana qədər evlərinə iki adam daha çox gəlib gedib.

Səməd Vurğun və Mircəfər Bağırov.  

 

“Mircəfər bizə gələn kimi məni qucağına alırdı. Buna o qədər vərdiş eləmişdim ki, bəzən o evə girdimi, özüm yavaş-yavaş yanına yaxınlaşardım. Qəribə kişi idi. Heç gülər üzü olmazdı. Ən çox kimsə onun eynəyinə toxunanda əsəbiləşərdi. Amma mən onun qucağında oturum deyə özü eynəyi ilə oynamağıma razılaşırdı. Bir dəfə eynəyini salıb qırdım. Dayım məni danlamağa başlayanda, “işin yoxdur, əcəb elədi” dedi. Hər ikisinin Cəfər Cabbarlı ilə də gözəl münasibəti var idi.  Cəfərin dəfn mərasiminin təşkilini dayıma tapşırmışdılar buna görə. Dayım həm də Rəsul Rza ilə Nigar Rəfibəylinin dostu olub. Onların toyunda məclisi idarə eləməyi dayımdan xahiş edib Rəsul Rza. Nənəm deyirdi ki, o bunu bir az utana-utana, amma sevinclə eləmişdi.

Amma dayımı kimsəyə məlum olmayan səbəblərdən ən yaxın dostunun Mircəfər Bağırovun əli ilə yox etdirdi Stalin”.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT