Hikmət Babaoğlu:"Tədqiqatlarım cəmiyyətə xeyir verərsə, buna sevinərəm"
13:40 – 13 May, 2015
 
"İşlər çoxdur. Bu, yaxşıdır. İş yoxdursa, deməli, həyat yoxdur, insan yaşamır. Azərbaycan cəmiyyəti dinamikdir və ona görə də iş çox olur. İşin çoxluğu isə enerji, fəaliyyət, inkişaf deməkdir". 
 
Bu fikirləri APA.TV-nin efirində yayımlanan "İlqar Rəsul və..." verilişinin qonağı "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib. 
 
Hikmət Babaoğlu elmi sahədə, media sahəsində, eləcə də siyasi şurasının üzvü olduğu Yeni Azərbaycan Partiyasındakı fəaliyyətinə görə aldığı mükafatlara, təltiflərə necə nail olmasını belə izah edib: 
  
 
"Daima özümdə daxili bir hikkə hiss edirəm. Bəlkə də məni həm ədəbiyyatda, həm folklorda, həm tarixlə bağlı araşdırmalarımda, həm siyasətdə o yerlərə aparan da budur. Xüsusən hesab edirəm ki, elm sahəsi üzrə mütləq çalışmaq lazımdır və bunu etmişəm. Bütün bunların kökünü bizim gəncliyimizin Azərbaycanın dövlət müstəqilliyini əldə etdiyi dövrə düşməsində görürəm. O vaxta qədər, yəni 25-26 yaşımda artıq müəyyən bir məktəb keçmişdim. Demək  olar ki, formalaşmış bir təfəkkürə sahib idik. Oktyabryat, pioner, komsomol məktəbi keçmişdik, partiya daxil olmaq və s. Bütün bunların qəfildən yarımçıq qalması hesab edirəm ki, insan psixologiyasında vahimə yaradır. Yəni, o yaşa qədər əldə etdiklərimizin birdən-birə dağılması mənə elə gəlir ki, daxili psixologiyamızda təşviş yaratdı. Məhz  dediyim daxili hikkəni də o formalaşdırdı. Bundan sonra məndə bir növ həyata hücum başladı. Həyatın üzərinə getmək və nəyisə əldə etmək istəyi yəni. Həmin mərhələ həm müstəqil dövlətçiliyimizin quruculuğu mərhələsi, həm də milli özünü dərk prosesi idi. Beynimdə çoxlu suallar vardı. Tariximiz, mədəniyyətimiz, fərdi və sosial kimliyimizlə bağlı bütün sahələrdə "biz kimik" sualı düşündürürdü məni. Mən bu suallara cavab axtarırdım. Bu axtarışlar məni sosial-siyasi elmlərə yönləndirdi. Elmi kommunizmdən sonra isə bu sahədə boşluq gördüm, ona görə də bu sahədə çalışmağı özümə bir missiya kimi qəbul etdim. Jurnalistika sahəsində yenə də eyni düşüncə, yəni çox mürəkkəb və tarixi proseslərdən keçirdik. Əslində bu məsələlərdə bizim nəslin hər bir fərdinin missiyası var idi və mən çox sevinirəm ki, Azərbaycan cəmiyyəti həmin o keçid mərhələsində bu missiyanı layiqincə yerinə yetirdi və biz müstəqil dövlət qura bildik". 
 
Baş redaktor hazırda apardığı tədqiqatlardan, bu işə onu sövq edən səbəblərdən də danışıb: 
 
"Hesab edirəm ki, apardığım tədqiqatlar ilk növbədə özümlə, öz keçmişimlə, öz tariximlə bağlı axtarışlarımdır.  Mən o iddiada deyiləm ki, hansısa tədqiqatım cəmiyyətə nəsə əlahiddə bir şey verib. Bu tədqiqatlarda ilk növbədə bir insan kimi öz eqomu razı salmağa, öz suallarıma cavab tapmağa çalışıram. Bu,  yaradıcılıqdır, ictimai rəssamlıqdır. Yəni, fotoqraf kimi cəmiyyətin şəklini çəkmək yox, rəssam kimi cəmiyyətin portretini yaratmaq. Burada artıq sizin öz təsəvvürünüz də var. Yeni cizgilər, yeni forma və s. Bax, bu prosesdə mən çalışmışam ki, hər şeyə bir rəssam kimi yanaşım. Cəmiyyətin sosial sisteminin portretini yaratmaq mənə çox maraqlı gəlir. Təkrar edirəm, mən sadəcə öz maraq dairəmlə məşğulam. Amma bütün bunlar cəmiyyətə xeyir verərsə, çox sevinərəm. Onu da deyim ki, əgər Azərbaycan cəmiyyətinin sosial aspektdən rəsmini çəksək, çox yaxşı, çox mükəmməl bir görünüşü var. Çünki əgər bir cəmiyyətdə intellektual inkişaf varsa, onun görüntüsü də gözəl olacaq. Azərbaycanda bu istiqamətdə çox güclü inkişaf var, çünki çox intellektual gənclik yetişir. Bu məni çox sevindirir".
 
 
 
Hikmət Babaoğlu orta məktəbi bitirəndən 10 il sonra ali məktəbə qəbul olunub. 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsinə daxil olub və 1997-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunu olub. Elə həmin ildə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kurslarını başa vurub. Deyir, sonradan bu qədər təhsil almağının əsas səbəbi illər ərzində onda yığılan enerjini, həmin illərin hikkəsini canından çıxartmaq, bir sözlə həmin itirilən 10 ilin yerini doldurmaq olub.
 
Müsahibimiz 1966-cı ildə Ermənistan Respublikası Amasya rayonunun Göllü kəndində doğulub. Həmin yerlərdən ürək ağrısı, təəssüflə danışan Hikmət Babaoğlu o yerlər barədə xatirələrini yaxın vaxtlarda nəşr ediləcək bir kitabda cəmləşdirdiyini bildirib:

 
 
"Mənim öz doğulduğum rayona bir vəfa borcum, bir övladlıq borcum bir kitabda əksini tapacaq. Kitab artıq yekunlaşmaq üzrədir. Bu kitabın süjeti SSRİ-nin dağılması, müstəqillik, azadlıq ideyalarının doğulması, eləcə də doğulduğum rayonda uşaqlıq xatirələrim, xüsusilə də atlardır. Atlarla bağlı unudulmaz xatirələrim var: "Kolxoz quruculuğu prosesində yeni texnikalar alındığı üçün atlar bu prosesdən kənarlaşdırılırdı. O mərhələdə bir atın faciəsini gördüm. Bir ayğırla bir madyanın məhəbbət faciəsi məndə çox dərin iz buraxdı. Hesab elədim ki, bunu yazmaq lazımdır. Ancaq bu mövzunu işləyərkən kəndimizin, mahalımızın adət-ənənəsini, insanların qarşılıqlı münasibətlərini, o icmanın həyata baxışı və sair bu kimi məsələləri açıb göstərməyə çalışmışam. Nəhayət əsərin qəhrəmanı gəlib Azərbaycanda azadlıq uğrunda mübarizədə ölür. O at da azadlığı uğrunda çarpışırdı. O əsərdə belə paralellər aparmışam, eləcə də yer adlarının, çay adlarının və sairənin adlarını yaşatmağa çalışmışam..."
 
50 yaşının içində olan həmsöhbətimiz hansısa suallara cavab tapmadan bu dünyadan getmək istəmədiyini deyib. Hesab edir ki, ömrün bu dövründə də onu düşündürən suallara cavab tapmasa, sonra gec ola bilər...      
X

XƏBƏRLƏR
BÖYÜT