Firudin Cəlilov: "Məni iqtidar adamları da çox sevirlər"
16:33 – 14 May, 2015

"Üç orta məktəb dəyişmişəm. İkisindən qovulmuşam. Uşaqlığım Yasamalda keçib. Arada davalarımız olurdu. Mənə elə gəldi ki, vaxt tez keçdi.  Gözümü açdım ki, artıq universiteti bitirmişəm. İndi Xızıda yaşayıram. Şəhərdə evim yoxdur. Hərdən o dağlarda qoyun otaranları görəndə düşünürəm ki, keşkə mən də onların yerində olardım. Bunun nə siyasi, nə təhsil problemi var. Sadəcə mal-qaranın dərdini çəkir. Yəni, insan nə qədər problemli mühitə düşürsə, onun sıxıntıları da artır".

 

Bu sözləri APA.TV-nin "Üç dama" verilişində sabiq Təhsil Naziri, filologiya elmləri doktoru, professor Firudin Cəlilov deyib. 
 

Həyatından, gəncliyindən söhbət açan müsahibimiz qazandıqlarının ona çox böyük əziyyət hesabına başa gəldiyini deyib: "Əslində mənim həyatım bu gün tanıdığınız bir çox ziyalıların həyatından ağır və zəhmətli olub. 13-14 yaşlarından işləmişəm. İlk iş yerim Güzdək daş karxanası olub. Müxtəlif idarələrdə çalışmışam. Hətta bir müddət sonra mənim əmək kitabçamda iş yerimi qeyd etmək üçün yer qalmadı. Yəni universitetə gələnə qədər artıq böyük iş təcrübəm vardı. Demək istəyirəm ki, vəzifəni, adımı çox böyük əziyyət hesabına əldə etmişəm. İndi məni daha yaxşı insan kimi sevirlər. Hətta deyərdim ki, əvvəllər səlahiyyətim olduğu dövrlə müqayisədə indi ürəklə açmayacağım qapı, zəng edə bilməyəcəyim elə bir nazir, hər hansı vəzifəli adam yoxdur. Bilirəm ki, hansı bir istəyim olsa, sözümü yerə salmazlar. Bu isə təkcə əvvəllər nazir işləməyimlə bağlı  deyil. Əsasən cəmiyyətdə, insanlar arasında qazandığım hörmət, nüfuzdur, deyərdim. İqtidar adamı deyiləm, hətta xoşa gəlməyən bəzi məsələlərlə bağlı yeri gələndə tənqidi fikirlərmi səsləndirmişəm. Buna baxmayaraq, məni iqtidar adamları da çox sevirlər. Elə keçmiş vəzifə adamları var ki, küçədə onlara salam verən də yoxdur. Amma mən hər yerə üzüağ, alnıaçıq çıxıram". 

 

"Həyatda bəzi qorxularım var. Amma bunun ən başlıcası milli qorxudur" deyən müsahib keçmişi xatırlayarkən bu dövlətin qurulmasını və həmin çətin günləri yada salıb: 
 

"Biz müstəqilliyimizi çox çətinliklə əldə etdik.  Çox sevinirəm ki, müstəqillik aktının altında mənim imzam var. Bu, məsuliyyətdən başqa həm atanın övladına olan münasibətidir. Yəni, mən onu  övladım kimi görürəm, narahat oluram. Fiziki mənada qorxum isə özümə görə çox yox, sadəcə övladlarıma görədir. Onların  sağlam olmalarını, can sağlığını istəyirəm. Bir də əlimdə yarımçıq işlərim var, onları həyata keçirməyi arzulayıram". 
 

Türk dövlətlərinin dili və tarixi haqda bir çox kitabların müəllifi olan professor yerlibazlıq, tayfabazlıq  xüsusiyyətlərinin türk xalqlarının mədəniyyətinə xas olduğunu üzə çıxardığını deyib: 
 

"Bizim on min ildən çox tariximiz var. Sadəcə əhalinin yarısı oturaq, yarısı isə köçəri həyat keçirib. Buradan köçənlərin içində qazaxlar, qırğızlar, çuvaşlar var. Sonradan onların bir qismi yenidən bura köç edib. Yerli əhali ilə qaynayıb-qarışıb.  Bu birləşmədən isə Azərbaycan xalqı və mədəniyyəti formalaşıb. Həmin köçüb gələnlər mədəniyyətlərini, nəsillərini yaşatmaq üçün bir-birilərini qorumağa məcbur olublar. Ona görə də tayfaçılıq yaranıb. Eyni zamanda yerlilər də özlərini, mülklərini müdafiə etməyə başlayıblar.  Ona görə də yerliçilik möhkəmlənib". 
Yaxınlarda ürəyindən əməliyyat keçirən Firudin Cəlilov insanlardan gördüyü diqqətdən çox təsirləndiyini dilə gətirib: 
"Həmin ərəfədə tanıdığım və tanımadığım çox insan mənə zəng vurdu. İnanmazdım ki, bu qədər insan mənim üçün narahat ola bilər. Bu, onu göstərdi ki, xalq özü yetişdirdiyi ziyalının qədrini bilir, əgər o, həqiqətən ziyalıdırsa. Mən "manıs" deyiləm, müğənni deyiləm, yəni, bu diqqət sırf mənim cəmiyyətdəki roluma, şəxsiyyətimə olan qayğı idi. Buna görə Allahımdan çox razıyam. Etnogenetikamızı araşdıran bir adam kimi deyirəm ki, bizim xalqımız gözəl xalqdır. Nə lazımdısa, tanrı bizə bəxş edib. Dilimiz qədər mükəmməl dil rastıma çıxmayıb. Sadəcə onu çatdıra bilmirik. Bundan belə ən böyük arzum budur ki, ömrümün otuz üç ilini həsr etdiyim doqquz cildlik "Azərbaycan türklərinin islamaqədərki tarixi" kitabımın qalan altı cildini çap etdirə bilim".

 

Müsahibimiz özündə bəyənmədiyi xüsusiyyətləri dilə gətirib: 
 

"Bəzən məni qınayırlar ki, sən çox şeylər bilirsən, amma danışmırsan. Demək istəmirəm. Düşünürəm ki, bildiklərim sirdir, əhəmiyyətli olsa da, ziyanlı tərəfləri də var. Həm dönüb arxaya baxanda görürəm ki, çox səhvlərim, günahlarım var. Ümid edirəm ki, o adamlar məni bağışlayacaqlar. Bir özəlliyim də hər şeyi bağışlamağımdır. İnsanlarda bağışlaya bilmədiyim yeganə xüsusiyyət riyakarlıqdır. Qırx illik dostum, yaxud doğma qardaşım olsa belə, riyakarlığını görsəm bağışlamaram. Çox təəssüf ki, son illərdə belə riyakar adamları çox görürəm. Bu, məni ağrıdır". 

 

X

XƏBƏRLƏR
BÖYÜT