Şərif Ağayar: "Fahişə ilə evlənməyə özümdə güc taparam"
13:52 – 29 May, 2015
“2014-cü ildən yazmağa başladığım romanı ilkin variantda bitirmişəm. İndi dostlar oxuyur. Onların təkliflərini nəzərə alıb romanı çapa hazırlayacağam. O üzdən çox görünmürəm. Əsasən Kulis-də gündəmlə bağlı yazılar yazıram”. 
 
Bunlar APA TV-nin “Üç dama” verilişinin qonağı yazar Şərif Ağayarın fikirləridir:
 
“Azərbaycanda öz müstəqil düşüncəsi olan, yazıb yaratmaq istəyən adamın yaşaması bir az çətindir. Ona görə ki, cəmiyyət, ictimai mühit buna hazır deyil. Cəmiyyətimizdə bu cür adamlar olmayıb. Bizdə sovet dövründən indiyə qədər idarə olunan ədəbiyyat olub. İndi də belə davam eləyir. Amma mən yazmağa başlayandan bu yana yazılarıma heç nəyi, heç kimi yaxın buraxmamışam”. 
 
Şərif Ağayar özündən böyük nəslin nümayəndəsi olan yazar barədə də fikirlərini bildirib: 
 
“Çingiz Abdullayevin yaşı o qədər də çox deyil. Otuz-qırx ildir yazı-pozu ilə məşğuldur. O, sənət camiəsində hələ bir adamla bağlı problem yaşamayıb. Onun dünyada razı olmadığı bir adam yoxdur. Kim nə deyirsə o cavabında “düz deyirsən” söyləyir.  Belə siyasətçi olur, yazıçı yox. Sözün mənəvi anlamında yazıçılıq intellektual savaşdı. Mən o intellektual savaşda Çingiz Abdullayev adlı  imzanı heç zaman görməmişəm... 
O meydanda altmışıncı illərdəki esseləri, hekayələri ilə Anar olub, ancaq indi yoxdur. Sonra Elçin, Əkrəm Əylisli, İsa Hüseynov olub. İsa Hüseynov ömrünün sonuna qədər bu mübarizəni aparırdı. Ancaq indiki Yazıçılar Birliyinin məmur üzvlərində o müqavimət hissi yoxdur, ölüb o müqavimət hissi. Ona görə də onlar artıq ədəbiyyatla məşğul deyillər. Onlar ədəbiyyatda qazandıqları şöhrətin kefini çıxarırlar. Yazıçı özünün müqavimət hissini ömrünün axırına kimi qorumağı bacarmalıdır”.
 
 
Şərif Ağayar qeyd edib ki, “hər kəsin öz həqiqəti var" deyib, hər şeyin üstündən keçmək olmaz: 
 
"Tutaq ki, Qismət məndən cavandır. Amma hərdən onunla görüşüb, oturub söhbət eləməyə bir ehtiyac olur içimdə. Söhbət eləyirik. Kitablar müzakirə eləyirik. Ən əsası odur ki, kiminsə qeybətini eləmirik. Kiminsə dalınca danışmırıq. Təbii ki, lətifələr istisnadır. Mən içəndə də onlarla içirəm. Amma onu da deyim ki, indi səhhətimlə bağlı içki də içmirəm...
Son vaxtlar qohumlarım da məni yorur. Sizə deyim ki, lap ən yaxın qohumumdan da yoruluram. Bilirsiniz, gəlir oturur anlayırsan ki, mənəvi dünyalarımız kilometrlərlə uzaqdır. Mən demirəm  ən yüksəyəm, kimsə məndən aşağıdır, yox. Onlar bəlkə məndən də yaxşı adamlardır. Bəlkə ailəsinə və cəmiyyətə məndən daha faydalıdırlar. Ancaq dünya görüşləri fərqlənir. Məsələn, mütaliə eləmirlər, oxumurlar. Ədəbiyyat müəllimidir, gəlir, məlum olur ki, indiyə qədər Dostoyevskidən bir cümlə də oxumayıb. Və oturur səninlə onun yazdığı məsələlər haqda müzakirə edir.  Dediyim odur ki, mənin oxumuş adamlarla oturmağa, söhbət eləməyə ehtiyacım var”. 
 
Yazıçı xasiyyətindən də danışıb:
 
“Çox emosional, dəcəl, dalaşqan olmuşam, çox içən, mübahisə edən, dava salan idim.  Hətta bir adamın dediyini səhv hesab eləsəm ona qarşı kobud ola bilirdim. Amma son beş ildə bu məsələlərlə bağlı içimdə qəribə bir dəyişiklik hiss eləyirəm. Bir neçə gün öncə ürəyimə tum düşdü. Köşklərin birindən tum aldım. Yeyə-yeyə yolda gedirdim. Birdən ayıldım ki, çırtlanmış tum qabıqlarını əlimdə yığıb saxlamışam. Bunu düşünərək eləməmişdim. Sadəcə avtomatik belə alınmışdı. Mən əlimdəki tumu yerdə zibil olduğunu gördüyüm halda yerə ata bilmədim. Onda anladım ki, oxuduğu kitablar, baxdığı filmlər insanı mütləq dəyişir. Ya Folknerin, ya da Sartrın sözüdür. Deyir, ədəbiyyat bəşəriyyəti yox, fərdləri xilas edə bilər. Azərbaycan reallığından yanaşanda indi bilmirəm bizi xilas eləyib, ya işə salıb ədəbiyyat?  Məsələn mən adi toyuq başı belə kəsə bilmərəm bu dəqiqə.  Hiss eləyirəm ki, məni kitablar belə tərbiyə eləyir... 
Yaxşı adamların hamısının kitab oxuduqlarını iddia eləmək gülünc olar. Amma kitab oxumayan adamların əksəriyyəti pis adamlardır və bu dəqiqidir. Kitab insanı tərbiyə eləyir. Heç kim insana kitab qədər informasiya verə bilməz. O üzdən kitab insanı dəyişmək gücünə malikdir”. 
 
 
Şərif Ağayar Dostoyevskinin necə təsirlənməsindən də söz açıb:  
 
“Mənim uzun müddət kənddə yaşayanda da fahişələrə münasibətim aqressiv olub. Mənim onları görən gözüm olmayıb. Hətta düşünmüşəm ki, elələrini öldürmək lazımdır. Bu mənim böyüdüyüm mühitdən doğan aqressiya idi. Tutaq ki, başqa min pis əməl var idi, amma təkcə fahişəliyə görə adamı öldürməyə hazır idilər. İndi sizə tam səmimi deyirəm mən Dostoyevskini oxuyandan sonra düşündüm ki, bir fahişə ilə ailə qurub yaşaya bilərəm. Daha dəqiqi hansısa əxlaqsızlıq yuvasında tanış olduğum bir qadınla evlənib, onu xoşbəxt edə biləcək qədər güclü bilirəm özümü. Təbii ki, ailə qurandan sonra onun həyatını dəyişməsi evlənəndə qoyduğum ilk şərt olar. Bilirsinizmi, Dostoyevski insanın içini silkələyən bir müəllifdir. O, tək bir insanın yox, bütünlükdə bəşəriyyətin yaxasından tutub silkələyir. İnsanlığa çağırır. Və insan necə olmalıdır onu anladır adama. Bu üzdən bütün dünya ona ehtiyac duyur.  Bizdə o qədər güclü insani dəyərlərin mesajını ötürə bilən İsa Hüseynovun müharibə dövrü povestləridir. Bəzən səhvə yol verirlər. Elə bilirlər ki, əsərdə pornoya yaxın, açıq - saçıq məqamlar varsa bu müəllifin diqqət cəlb eləmək jestidir. Düzdür, bəzi müəlliflərdə bu da var. Məsələn Triyerin filmlərində çoxlu açıq-saçıq səhnələr var. Amma o səhnələr adamda seksual istəklər yaratmır. O insana şəhvət ötürmür. Çünki onun məqsədi o hissi yaratmaq deyil həmin filmdə. Yəni əslində adam  nə iş gördüyünü bilir. Həmin səhnələr onun əsl məqsədini ortaya çıxarmaq üçün sadəcə materialdır. Həkimin əlində ayıb saydığımız orqan necə materialdırsa, Triyerde də təxminən o vəziyyətdir. O üzdən çox diqqətli oxumaq, anlamağa çalışmaq vacib məsələdir”.
 
“Mən üç il namaz qılmışam. Məni namaza Məhəmməd Füzuli gətirib. Oxumaq istəmişəm, görmüşəm ki, anlaya bilmirəm. Quranı təkrar oxumuşam. Sonra yenə Füzuliyə dönmüşəm. Beləcə anlamışam ki, Füzuli məni əməlli başlı tələyə salıb. Füzulidən anladım ki, onun yazdıqlarında məqsədlərindən biri bu olub ki, hamı dinə, imana gəlsin, inanclı olsun, imam Hüseyni sevsin. Məncə o əsərləri ilə buna nail oldu. 
Sonra səhhətimdə problemlər yarandı. Füzulinin axirətlə bağlı yazdıqlarını oxuduqca o, qədər istedadlı insanın bu qədər inanmasında heyrətə gəldim. Onun İmam Hüseyn, Mehdi Əz Zaman sevgisi adamı dəhşətə gətirir. Açığını etiraf edim ki, bu mərhələdən sonra qorxdum. Dözə bilməməkdən qorxdum. Və əməlli depressiyaya düşdüm. Çünki onun yazdığı məsələlərə dözməyə gücüm çatmadı. Çox dərin məsələlərə gedirdim, dayandım. “Satqınlıq” elədim Füzuliyə. Keçdim Axundov tərəfə. Amma islam dininin hazırda mövcud olan bütün rituallarına sayğım var. Məsələn, azan səsi mənim içimi həmişə tərpədib. Bu gün də o cürdür. Mən dinlə o yerdə razılaşa bilmirəm ki, məsələn, bir dindar öz düşüncələri ilə səni yükləməyə başlayır. Gedir iki kitab oxuyur və başlayır öyrətməyə.  Bu doğru deyil. Amma Allaha inamımda bir sarpma olmayıb. Mənim üçün ədəbiyyat Allahın təcəlla elədiyi yerlərdən biridir. Axundov ateist idi. Amma mənim üçün o, Azərbaycana işıq saçan ən böyük şəxsiyyətdir. Allahın onda təcəllasına inanmışam mən. Mənim üçün tanrı daha çox Axundovda təcəlla eləyir, nəinki başına əmmamə qoyub efirdə tanrı və peyğəmbər adından danışan mollada.  Din və vətənpərvərlik mövzusu qədər spekulyasiyaya əsas verən ikinci bir məsələ yoxdur.  İnsan ən çox orda aldada bilir. Tanrı və söz arasında. Söz də Tanrıya bağlı olan bir şeydir. Məni Tanrıya aparan ədəbiyyat olub. Mənim ən çox sevdiyim yazıçılar Allaha inanan adamlar olublar. Ən azı Tolstoya, Dostoyevskiyə, Şekspirə, Füzuliyə görə Tanrıya inanmaq olar. Mən onları oxumasaydım yəqin ki, Tanrıya hamının danışdığı nağıllarda olduğu kimi inanardım”.
 
Sonda atası haqqında danışıb həmsöhbətimiz: 
 
“İsa Hüseynova deyirdilər ki, atandan çox yazırsan. O cavabında demişdi ki, bu normal haldır. Çünki mənim yaxından tanıdığım yeganə kişi atamdır. Onun bu fikri ilə razılaşıram. Atam maraqlı kişi idi. Dünyanı dərk edən arif adam idi.  İnsanın oturuşundan, duruşundan onun kim olmasını bilirdi. Laçın dağılandan sonra mənim atamla münasibətlərim daha yaxın olub. Bizim ata oğulluqdan başqa yoldaşlığımız olub. Atam mənə hər şeyi anlatmağa, başa  salmağa çalışırdı.  Mən onunla sözün yaxşı mənasında məzələnə bilirdim. Məsələn, bir neçə dəfə evlənmişdi. Ondan bu barədə açıq soruşa bilirdim. Sonra mağazada işləmişdi. Soruşurdum ki, tərəzidə adamları aldadıbmı ya yox. Əgər aldadıbsa bunu necə eləyib? Ona deyirdim ki, etmisənsə gizlətmə. Çünki artıq sirr deyil. Yəni onunla yoldaşlıq edə bilirdim. Mən atamdan çox şey öyrəndim. Amma istəyirəm oğlum məndən kitaba sevgini götürsün. Bunu etsə, elə bu bəsdir”.
X

XƏBƏRLƏR
BÖYÜT