Zakir Fəxri: "İnsanlarda arzuladığım sevgini görə bilmirəm"
15:49 – 29 May, 2015

"Bir dəfə möhkəm xəstələndim. Elə bildim ölürəm. Tavanda asılı idim. Özüm özümü yuxarıdan görürdüm yataqda. Çox qəribə idi. Hamı başıma yığışmışdı. Keçi dərisinə keçirtmişdilər məni. Sonra nəsə Allah məni qaytardı həyata. Bu bir möcüzə idi".

 
Bunu APA.TV-nin "İlqar Rəsul və..." verilişinin qonağı şair, tərcüməçi Zakir Fəxri deyib. 
 
"Həyata hovuzdan gəlmişəm mən. İndi də o səhnə gözümün qarşısındadır. İki yaşım olardı. Evdə qonaqlar var idi. Təndirdə çörək bişirirdilər. Hovuza yıxıldım. Suyun dibində hovuzdan çıxmaq üçün yol axtarmağa başladım. Mən bilmirdim ki, sudan çıxmaq üçün yuxarı qalxırlar. Deyirlər ki, təxminən iki dəqiqədən çox qalmışam suyun altında. Yadıma gəlir ki, birdən elə bil kimsə məni qaldırdı suyun üzünə. Başım hovuzdan görünəndə qışqırıblar ki, uşaq sudadır. Gəlib məni dartıb çıxartdılar. İndi mənə elə gəlir ki, ən çox sevdiyim, dərdimi danışdığım sulardır. Yəqin, Yaradan elə məni sulardan gətirdi dünyaya. ". 
 
Muğamın əzana gedən yol olduğunun deyən Zakir Fəxri zaman anlayışına da münasibət bildirib: 
 
"Zaman anlayışından çox uzaq adamam. Mənim üçün addım var. Bütün ömür bir addımdır. Bax, o addımın arasındakı məsafənin ölçüsü var mənim üçün. Məncə zaman haqda düşünəndə insanda bir növ tamah da yaranır. Vaxtıma az qaldı, filan şeyə az qaldı - deyə düşünməkdən insan pərakəndə olub dağılır.  Çünki daha çox yemək, daha çox gəzmək, daha çox görmək istəyir və bunlar da tamahdan yaranan məsələlərdi...

 

Məni zaman yox, qəriblik düşündürür. İnsanlarda arzuladığım sevgini görə bilmirəm. Elə hiss edirəm ki, bu dünyaya azıb gəlmişəm. Əgər bu sərvətləri, nemətləri bol olan dünyada hələ də insanların dilənməsinə yol veririksə, deməli hələ savaşlar bitməyib. Allah deyir ki, birinci söz var idi. Sözə biganə insanın qəlbində Allah sevgisinin olmasına mənim şübhəm var. Allahın bir dənə andı var: "Səni and verirəm əlindəki qələmə".  Amma baxın, bugünkü qələmlər nələr edir. Qələmlər müharibə qızışdırır, qələmlər təhqir edir. Nə ilə? Söz ilə. Dünyanı söz yaradıb. Dünya sözlə də idarə olunur. Dünya sözlə də barışacaq...."

 

X

XƏBƏRLƏR
BÖYÜT