Qənirə Paşayeva: "Bəzən bir piyadanı xilas etmək üçün xeyli mübarizə aparmalı olmuşam"
16:21 – 29 May, 2015

APA.TV-nin efirində yayımlanan "Sən demə" verilişinin budəfəki qonağı millət vəkili Qənirə Paşayevadır. 

 
Yolumuz bir az uzaq olsa da görüşünə getdiyimiz müsahibin tez-tez telefonla bizlə əlaqə saxlayıb ünvanı izah etməsi, narahat olması əhval ruhiyyəmizi yüksəldirdi. İsti, tozlu, səs-küylü şəhərdən çıxıb bu xudmani, yaşıllığı ilə göz oxşayan həyətə daxil olanda hamımız dərindən nəfəs aldıq. Bizi elə küçədə qarşılayan millət vəkili Qənirə xanımın qonaqpərvərliyi, gülər üzü yol yorğunluğumuzu da unutdurdu.  Üstəlik bizi dadlı, ləzzətli, dərmansız yetişən çiyələyə qonaq etdi. Çox vaxt özünün qulluq etdiyi güllərini göstərdi bizə. Diqqətimizi çəkən isə həyətdəki rəngarəng güllərin çoxunun qızılgül olması idi.
 
"Uşaqlıqda qəribə vərdişim vardı. İndi də kəndə gedəndə uşaqlığımı bu xüsusiyyətimi xatırlayan qonşular zarafatla deyirlər ki, güllərimin hamısını sənə verirdik. Anamla məktəbə gedəndə yolboyu kimin həyətinin qarşısında gül görürdümsə, inad edirdim ki, o güllərdən mən də istəyirəm. Çox qəribədir ki, valideynimdən heç vaxt nəsə almaqlarını tələb etməmişəm. Amma xoşladığım gülləri görəndə anamdan xahiş edirdik ki, evin sahibini çağırıb, o güllərdən mənim üçün istəsin".
 
Müsahibimizlə söhbət etdikcə anladım ki, əslində bu evdə olan hər bir əşya, bağçadakı hər bir gül, hər ağac, hətta bağçanın bir neçə yerindən asılmış quş evcikləri belə ev sahibin xarakterindən xəbər verir. Bağçada ən çox sevdiyi dəfnə ağacının bura gəlib çıxmasının tarixçəsini danışanda isə müsahibimi yenidən kəşf edirmişəm kimi sevindim.  

"Dəfnə ağacını özüm əkmişəm. Dəfnənin özəl hekayəsi var. O, böyük bir eşqin ağacıdır.  Bəzən mənə deyirlər ki, bu ağacı niyə əkmisən. Çünki, çoxları onun yarpaqlarını  borşun içinə atırlar. Həmin adamlara deyirəm ki, siz bu ağaca borşun içinə atılan "lavrovı list" kimi baxırsınız, mən isə ona isə böyük mənası olan dəfnə ağacıdır. Həyətimdə çox sayda yasəmən ağacları da var idi. Amma dostlarım təkid etdi ki, bu ağacları həyətdən çıxarım. İnanclara görə bu ağac evə, sahibinə  tənhalıq gətirir".
Həmişə deyirlər ki, qız uşaqları ataya, oğlan uşaqları isə anaya daha çox bağlı olurlar. Müsahibimiz demək olar ki, bütün uğurlarına görə ailəsinin, xüsusilə atasının onun həyatındakı yerinin əvəzsiz olduğunu deyir. Üç, beş, yaxud aşağı sinfin uşaqları küçədə tay-tuşları ilə müxtəlif məhəlli oyunlar oynadığı halda atası Qənirə xanıma yazmaq, oxumaq öyrədib. Ona görə də indi heç bir oyunu xatırlamadığını, əksinə uşaqlıqda atasının ona əzbərlətdiyi bayatıların, şeirlərin isə heç vaxt yaddaşından silinməyəcəyini deyir. 
"Atam uşaqların zəngin dünyagörüşünə malik olmasını xoşlayırdı. Ona görə də bizə bayatılar, şeirlər öyrədirdi. Üstəlik şahmat, piano, tennis dərsləri almağımız üçün məktəbə yazdırmışdı. Demək olar ki, bizə boş zaman ayırmamışdı. Küçədə uşaqlarla oynamağa da icazə verməzdi. Oxumağımız üçün xüsusi kitablar seçmişdi. Rayon və məktəb tədbirlərində çox vaxt aparıcı olurdum. Həmin tədbirlərdə məhz atamın mənə öyrətdiyi şeirləri, bayatıları, İraq-Türkmən, Kərkük, digər  türkdilli xalqların da folklor nümunələrini də söyləyirdim".
Stolüstü oyunlarda da bacarıqlı olmağından danışan Qənirə xanım, zarafatyana, bir o qədər də cəsarətli söz dedi. "Nərddə özümdən güclü rəqib axtarıram." 
"Rayonda böyümüşük, qohumlar bizə tez-tez gələrdilər. Əsasən, atamla nərd oynayardılar. Ona görə də bu oyunu çox yaxşı bacarıram. Evimdə bir neçə nərd taxtası var". 
 

Əslində hər oyunun özünəməxsus həyat fəlsəfəsi olduğunu söyləyən müsahibimiz şahmat arxasına adi oyunmuş kimi keçib, düşünmədən gediş edən adamların xarakterini daha yaxşı bilməyin mümkünlüyünü deyir.
"Vaxtım çox az olur deyə, ən çox şahmat oynamağın həsrətini çəkirəm. Çünki, şahmatı yaxşı oyunçu ilə oynayanda bir neçə saatlıq vaxtını apara bilər. Əslində, şahmatın özü indi yaşadığımız həyatdır, deyərdim. Orta səviyyədə oynamağı bacardığım üçün hər adamla şahmat oynamaq istəmərəm. Çünki, şahmat taxtasının arxasında insanın xarakterini də bilmək mümkündür. Məsələn, mən piyadalarını tez itirən oyunçu ilə rəqib olmaq istəmərəm. Bəzən bir piyada fiquru qurtarmaq üçün neçə saat mübarizə aparmalı olmuşam".
Qonağımızın maraqlı və zəngin kolleksiyaçı olmasını tarixin qoxusunu sevməsi, ona bağlı olması ilə izah edib. 
"Bu qədim əşyaların ən doğmaları ailədən yadigar qalanlardır. Çoxunun daha qədim tarixi var. Atamın ailəsi bəy nəsli olub. Ona görə də o nəsildən çox əşyalar qalıb. Çox təəssüf ki, bir dövr onların dəyəri bilinməyib, qorunmayıb. Bacardığım qədər onların bir qismini saxlamışam. Ümumiyyətlə, keçmişin qoxusunu sevən insanam. Atamın böyük kitabxanası var idi. Kitabxanada çox qədim kitablar da yer alırdı. Həmin kitabların xüsusi ətri olur. O ətri sevdiyim üçün dərslərimi də burada oxuyurdum. Xalçalarımızı da çox sevirəm. Evimdə Azərbaycanın xalça  məktəblərinin nümunələri ilə yanaşı, müxtəlif türk xalqlarının da xalçaları var. Hətta Azərbaycanın sevdiyim və tamaşaçısı olduğum bir neçə futbol komandasının adı yazılan kiçik xalçalarım da var".
 Qənirə xanımın yaradıcı insan olduğunu demək olar ki, bilməyən yoxdur.  Uşaqlıqdan indiyə qədər mütəmadi mütaliə, dünyagörüşü, peşəsi onun yaradıcı bir insan olmasına təkan verib.
"Şeir yazılmır, yazdırılır deyərdim. Xoşbəxtlik şeir yazdırmır. Şeir yazmaq üçün ayrılıq, tənhalıq, həsrət, kədər, göz yaşı olmalıdır. Bu hisslər tək səninki olmur əlbəttə. Ətrafında, yaxınında olan dostlarının, doğmalarının həyatından da təsirlənib yaza bilirəm".

Musiqiyə bağlı, musiqini sevməyən adam tapmaq çətindir. Atasından ona daha bir bacarıq yadigar qalıb. Orta musiqi məktəbində piano təhsili alan Qənirə xanım dünya şöhrətli bəstəkarlardan, əsərlərindən, xarakterlərindən geniş danışıb. 
"Klassik musiqiləri daha çox sevirəm və dinləyirəm. Hər insanın xarakterinə, əhval-ruhiyyəsinə görə özünə yaxın bildiyi musiqiçi, bəstəkar olur. Mənə ruhən yaxın bəstəkar Şopendir. Bundan əlavə neydə ifa edilən musiqini çox sevirəm. Bəzən dincəlmək üçün ney musiqiləri dinləyirəm. Piano təhsilimi isə atamın istəyi ilə almışam. Onu itirəndən sonra demək olar ki, çox uzun zaman pianoya yaxın getmək istəmədim".

 

X

XƏBƏRLƏR
BÖYÜT