Gülşad Baxşıyeva: "Mədəniyyət Nazirliyi məni görüb, dəyər verməlidir"
13:15 – 02 İyun, 2015
 
"İstedadlı gənclərimiz çoxdur. Sadəcə onlara əl tutmaq, dayaq olmaq lazımdır. Əvvəllər istedadlı aktyorlara ev, yüksək qonorar verirdilər ki, teatrda qalıb işləməyə maraqları olsun. İndi vəziyyət tamamilə fərqlidir. Mənim ilk aktyorluq fəaliyyətim Şəki teatrı ilə bağlıdır. O dövr həyatımız da da çox maraqlı idi. Rayonlarda teatrın inkişafı üçün qərar verilmişdi ki, yerli teatrlar yaradılsın. Məzh Bakıdan ilk gedən tələbə qrupu biz idik".  
 
Bunu APA.TV-nin efirində yayımlanan "Ulduz axını" verilişində əməkdar artist, professor Gülşad Baxşıyeva deyib. 
 
Müsahibimiz aktoyrlarla düzgün işləməkdən və rejissorun aktyor seçiminə düzgün yanaşmasından söhbət açıb: 
 
"Teatrda peşəkar aktyor yetişdirməyin ilk addımı məhz repertuarı düzgün qurmaqdır. Şəki teatrında rejissorumuz Hüseynağa Atakişiyev idi. O, işinin peşəkarı olduğu üçün səhnəyə yararlı aktyorlar yetişdirdi. Sonradan onların çoxu Bakının müxtəlif teatrlarında işləməyə başladılar. İndiki dövrdə belə deyil. Bəzən hansısa teatrda istedadlı aktyorlar rejissor diqqətsizliyinin qurbanına çevrilir. Ona görə də fəaliyyəti, həyatı məhv olur. Məsələn, Gənc Tamaşaçılar tetrına tez-tez gedirəm, orada çox istedadlı, həm də canını teatra qoyan gənclər var. Amma onların qayğısına qalmaq lazımdır, yoxsa batıb gedərlər. Mən bunu açıq deyirəm, indi reallıq budur ki, heç bir rejissora truppanın gələcəyi maraqlı deyil. Sadəcə bir əsər götürüb səhnəyə qoysun, komadasını da yığıb tamaşanı təhvil versin, vəssalam". 
n
 
Rejissor Hüseynağa Atakişiyevdən danışan aktrisa ailəsinə görə çox fədakarlıq etdiyini deyib: 
"Bu xüsusiyyət Azərbaycan qadınlarının qanında var. Baxmayaraq ki, yaradıcılığımda fasilələr olub, amma teatrda bir aktrisanın püxtələşməsi üçün yetərincə rollar oynamışam. Tez-tez  Bakıya gəlib müxtəlif teatrlarda da rol almışam. Oynadığım bütün rollardan da məmnun qalmışam. Sadəcə sonralar bəzi teatrların öz komandası olduğuna görə bəlkə də məni qəbul etmək istəmirdilər. Qısqanclıq da olurdu. Beləcə, məni oradan uzaqlaşdırdılar. Düşünürəm ki, bu münasibət yaşıma görə deyildi. Aktrisanın yaşlısı olmur. Əgər 90 yaşıma çatsam, səhhətim imkan versə, yenə də səhnədə oynayaram. Qərar çıxartdılar ki, yaşlı aktyorları teatrdan uzaqlaşdırırlar. Bu, qətiyyən düzgün deyil. Bəs, yaşlı rolları kim oynamalıdır? Xarici ölkələrdə aktyora, sənətə hörmət var. Ona görə mən bu münasibəti görməmək üçün təqaüd yaşım çatmamış teatrdan uzaqlaşdım, özümü  yalnız universitetə bağladım. Düzdür, keçmişə baxanda peşmanlığım, təəssüf hissim var. "Keşkə daha inadkar olardım" deyirəm. Əgər elə olsa idi, indi mən xalq artisti fəxri adına da layiq görülmüşdüm. Əslində mən o adı almaq üçün kifayət qədər işlər görmüşəm. Sadəcə kiməsə ağız açmaq, nəsə istəmək xarakterimə yaddır. Bunu niyə mən deməliyəm, Mədəniyyət Nazirliyi özü məni görməlidir, dəyərimi verməlidir. Əvvəllər oyunumu izləyən bir neçə əcnəbi sənətşünaslar qəzetlərdə mənim haqqımda tərifnamələr yazırdılar. O yazıların dəyərini indi anlayıram". 
 
Əməkdar artist maddi sıxıntıdan, evsizlik probleminin olmağından danışıb: 
 
"Neçə illərdir böyük bir ailə dar mənzildə yaşayırıq. Dəfələrlə aidiyyatlı orqanlara müraciət etmişəm. Hələ də bir xəbər yoxdur. Seriallar, filmlər  çəkilir, amma bizim aktyorlara layiq olduğu qonorar ödənilmir. Əcnəbi aktyorları gətirəndə isə bizim həsədlə baxdığımız, arzuladığımız məbləği onlara çox rahat verirlər". 
X

XƏBƏRLƏR
BÖYÜT