Aygün Kazımova: "Səhnədən uzaqlaşsam heyvanlarla işləyəcəyəm"
13:25 – 12 İyun, 2015
 
“Kefim super, kefim əla! Çünki Azərbaycanda elə bir yarışma keçirilir ki, yüksək əhval-ruhiyyədə olamamaq mümkün deyil. Ölkəmizdə ilk Avropa Oyunları keçirilir. Şəhərdə yaşanan bu ajotaj və bayram hər birimizə yansıyır. Mənim də bu işdə tarixi bir missiyam var. Mən də məşəldarlardanam. İndi bütün yaradıcı layihələrimi kənara qoymuşam və yalnız ilk Avropa Oyunlarını düşünürəm”. 
Bu sözləri APA.Tv-nin efirində yayımlanan “Sən demə…” verilişinin növbəti qonağı, xalq artisti Aygün Kazımova deyib.  
 
Daim güclü qadın obrazında gördüyümüz Aygün xanım hər çətinliyin öhdəsindən gəldiyini də açıqlayıb: 
“Mənim üçün həyatda çətin olan bir şey varsa, onu fəth etməyi qarşıma məqsəd qoyuram və çox zamanlar da öhdəsindən gəlirəm. Mənim üçün dəyərli olan çox şey var. Ailəm, bir çox insanlar, sənətim, vətənim, dostlarım mənə çox dəyərlidir. Ölkəmdə sahəsindən asılı olmayaraq  baş verən bütün hadisələrdən xəbərim var. Mən şou-biznesdən çox xəbərləri izləyirəm”.   
 
Hər şeyi açıq aşkar etiraf etməyi sevən Aygün xanım xasiyyətinin sevmədiyi tərəflərindən də söz açıb: 
 
“Xasiyyətimdə sevmədiyim tərəfim tənbəlliyimdir. Mən nə qədər qoçaq, ritmli, enerji dolu olsam da hərdən tənbəlliyim tutur. Ancaq mənim bu qədər yüksək əhval-ruhiyyədə olmağım əsas səbəbi hər şeyə sevgi ilə yanaşmağımdır. Sevgi mənim həyatımda ən birinci pillədədir. Mən bir işi görmədən öncə onu sevirəm. O qədər çox sevgi bəxş edirəm ki, dəmir belə olsa, məni sevməyə başlayır. Bəlkə də bu, mənim fantaziyamdır, amma mən cansız bir şeydən belə sevərkən sevgi ala bilirəm. Sevgi olmadan heç nə əldə etmək olmur”. 
 
 
Söhbətin davamında estrada ulduzu maraqlı bir etiraf da edib: 
 
 
“Bəlkə də kimlərisə kövrəltməyən hadisələr mənə çox pis təsir edər. Məsələn, yolda it, pişik görərəm, kövrələrəm, ağlayaram, elə bilərəm o acdır. Ürəyimdə deyirəm ki, bəlkə onun qayğıya, sevgiyə ehtiyacı var. Amma o, küçədədir. Heyvanlara qarşı mənim çox böyük sevgim var. Bəlkə kimlərsə bunu zarafat kimi qəbul edir, amma mən nə vaxtsa səhnədən uzaqlaşsam mütləq heyvanlarla işləyəcəyəm, zooparkda çox rahat işləyə bilərəm. Fermer olub, heyvanlara qayğı göstərərəm. Mən bəlkə də heyvanları insanlardan çox sevirəm. Əslində, mənim ən qorxduğum varlıq insanlardır. İnsanlardan biri-birinə zərbə, xəyanət gələr.  Amma heyvanlar heç vaxt sənə xəyanət etməz”. 
 
 
 
 
 
 
Könül söhbətindən sonra keçək Aygün Kazımova ilə görüşməyimizin əsas səbəbinə - idman sevgisi: 
“ Mən peşəkar idmançı olmuşam. Tam 7 il hənbolla məşğul olmuşam və Azərbaycanın yığma komandasının kapitanı idim. Mən idman ustalığına namizədəm. Biz bütün SSRİ-ni bucaq-bucaq gəzmişik”. 
 
 
Məlumdur ki, Aygün Kazımova da İlk Avropa Oyunlarının məşəlini daşıyan xalq artistlərindən biridir. Xalq artisti bu işə necə hazırlaşdığının təfərrüatlarından danışıb: 
 
 “Bizi apardılar otelə. Bütün məşəldarlar orda idi. Mən orda köhnə dostları gördüm, xalq artistləri, mənim dostlarım, sənətinə pərəstiş etdiyim hər kəs formada yüksək-əhval ruhiyyədə idi. Çoxdan idi ki, ürəyim belə açılmamışdı. Orada böyük bir sevgi var idi. İstədim bu işdə də bir yenilik edib. Qərara gəldim ki, də adi idman ayaqqabısında deyil, topuqlu, 10 sm, hündürlüyündə olan ayaqqabıda daşıyım məşəli. Mən öncədən hər axşam bulvarda sürətli gəzirdim. Hər gün kifayət qədər məsafə qət edirdim ki, tam hazır olum üzərimə düşən bu işi layiqincə yerinə yetirməyə. Elə ona görə də məşəli daşıdığım 160 metr məsafə mənim üçün su içmək kimi bir şey oldu”.  
X

XƏBƏRLƏR
BÖYÜT