Murad Könhəqala:" Çingiz Abdullayev güclü və vicdanlı adamdır"
13:02 – 15 İyun, 2015

"Bakını çox sevməsəm də, mərkəz olduğu üçün gəlməyə məcburam. İşlərimin çoxu bura ilə bağlıdır. "Lent.az" saytında layihə edirəm, əyalətdə yaşayan maraqlı insanlardan müsahibə götürürəm. Əvvəllər kəndimiz mənə daha doğma görünürdü. Həyətlər arasında hasarlar yox idi. Qonşu qadınlar yığışıb birlikdə çörək bişirərdilər. İndi insanlar çox uzaqlaşıb. Ona görə də adını təxəllüs kimi götürdüyüm kənd indi mənə köhnə yox, yeni kənd təsiri bağışlayır".  

 

Bu sözləri APA.TV-nin efirində yayımlanan "İlqar Rəsul və..." verilişinin qonağı yazıçı Murad Köhnəqala deyib. 
Müsahibimiz müasir Azərbaycan ədəbiyyatı haqda bu fikirləri səsləndirib: "Müasir ədəbiyyatda vəziyyət yaxşıdır, deyərdim. Sadəcə bir az şizofreniya əlamətləri var. Məsələn, bir yazıçı hansısa misra işlədib. Bu, kiminsə xoşuna gəlib və həmin misranın möhtəşəm olduğunu iddia edir. Halbuki, baxanda görürsən ki, onun nə ictimai mənası, nə də dəyəri var. Bu, saxtakarlıqdır. Cavan yazarlarımız çox çalışır, mütaliə edirlər. Amma bəzilərinin həyat təcrübəsi azdır, yaşam tərzi fərqlidir deyə, onların yazar və ya şair kimi yetişməsi çətin məsələdir. Bu yaxında saytların birində gənc yazarlardan birinin müsahibəsini oxudum. Ömründə zəmi görmədiyini deyir. Belə insanların yazar ola biləcəyinə şübhəm var. Bu gün bizi dünyaya tanıtdıran yazıçımız Çingiz Abdullayevdir. Bəzən gənc yazarlarımız ona tənqidi münasibət sərgiləyirlər, ironiya ilə yanaşırlar, amma bu düz deyil. Dedektivi ədəbiyyat hesab etmirlər. Bəs onda Artur Konan Doyl, Dostayevskinin bəzi əsərlərinə nə ad verək? Çingiz Abdullayev güclü və vicdanlı adamdır. Aqnostik olduğuna görə həm də dini baxışına çox böyük hörmətim var".
 

Gəncliyini xatırlayan yazıçı metro stansiyası tikintisində fəhlə işlədiyi günlərdən söhbət açıb: "Elmlər akademiyası stansiyasında relslərin arasını betonlama işində iştirak etmişəm. İndi metroya minən zaman məni itələyən olanda ürəyimdə gülüb deyirəm ki, buranın betonunu mən tökmüşəm. O vaxt Məmməd İsmayıl "Gənc yaradıcılar birliyi" yaratmışdı. Mənim şeirlərimi də bəyənmişdilər. Nüsrət Kəsəmənli mənə dedi ki, səni Moskvaya "Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərmək lazımdır. Əlbəttə ki, ora getməyin yollarını bilmirdim. O, şerilərimi tərcümə edib göndərdi və məni imtahana çağırdılar". 
 
İsveçrədə yaşamaq arzusuyla ora gedən Murad Köhnəqalabu ölkədə qala bilməmə səbəblərindən danışıb. "Düşərgəyə göndərildim. İstirahət zonasına bənzəyirdi. Əsasən immiqrantlar ərəblər idi. Ünsiyyət qurmaqda çətinlik çəkirdim. Bir suriyalı ərəb rus dilində bilirdi. O, Moskvada altı il yaşamışdı. Arada onunla danışırdım. Bir müddət yaşadıqdan sonra uyğunlaşa bilmədim. Həm də xanımımı Azərbaycanda qoyub getmişdim. Onun sənədlərində problem yarandı. Ona görə də geri dönməli oldum". 
 

Yazıçı yaşadığı məişət problemlərini də dilə gətirib: "Burada hər an pulsuzluq həyəcanı yaşayıram. Kirayədə qalıram, üstəlik övladlarıma da yardım etməliyəm. Restoranlarda yeyib-içmək, dünyanı gəzmək və ya istirahət üçün pul istəmirəm ki. Gündəlik tələbatlarımı ödəyəcək qədər olsun, bəs edər. Demək olar ki, indiyədək özüm üçün yaza bilməmişəm. Həmişə qonorar almaq üçün sifarişli yazılar və layihələr yazmışam. Əlbəttə, bu da yaradıcılıqdır, amma yazmaq arzusunda olduğum roman və bir neçə hekayə var. Pul qazanmaq məcburiyyəti onları yazmağıma mane olur". 

 

X

XƏBƏRLƏR
BÖYÜT