Sahibə Əhmədova: "Məişət problemlərim yaradıcılığıma mane oldu"
14:06 – 15 İyun, 2015

"Şəraitim əl vermədi mənə. Uzaqlaşdım sənətdən. Konsertlərdə çıxış edə bilmədim. Bilmirəm nə səbəbdənsə efirlərə gec-gec dəvət olundum. Cavanlıqda o qədər gözəl "Cahargah", "Şur", "Bayatı-Şiraz" və s. oxumuşam canlı efirlərdə. Ailə qurandan sonra bir az çətinliklərə düşdüm şərait baxımından. Yoldaşım tərəfdən heç bir problem olmayıb. Otuz il mehriban yaşamışıq. Uşaqları böyütmüşük. Övladlarımın ikisi artıq ailə qurub. Nəvələrim var. Ev şəraitim əl verincə kiçik oğlum Xətaini də evləndirərəm, gözüm arxada qalmaz".  
 
Bunu APA.TV-nin "Ulduz axını" verilişində əməkdar artist Sahibə Əhmədova deyib:
 
"Düzdür, evim şəhərin mərkəzindədir. İlin bütün fəsillərində işə piyada gedib-gəlmişəm. Məni yalnız qane edən evimin yolunun rahatçılığı olub. Amma həqiqətən də heç bir şəraitim yoxdur ev baxımından". 
 
Sahibə Əhmədovanın bu sənəti seçməsi ona heç də asan başa gəlməyib. Yaxşı səsi olmasına baxmayaraq ailəsi-xüsusən də qardası onun oxumasını istəməyib. 
 
"Evdə narazı idilər mənim oxumağıma. Mənim çox gözəl səsə malik olan bir qardaşım var idi (keçən il dünyasını dəyişdi). Çox gözəl səsi var idi. Dostları ilə ova gedirdilər. 5-10 kilometr uzaqlıqda "Qarabağ şikəstəsi" oxuyurdu, səsi evə gəlirdi. Amma çox qısqanc təbiətli adam idi. Bilirdi ki, mənim yaxşı səsim var, amma heç vaxt istəməzdi oxuyam. Çünki, kənd yerində qız uşağının oxumasına yaxşı baxmırdılar. Ona görə də qorxumdan oxuya bilmirdim. Hətta məktəbimizin özfəaliyyət dərnəyində hər dəfə mənim növbəm çatanda yalandan bir yerimin ağrıdığını deyib oxumaqdan yayınırdım. Qorxurdum ki, qardaşım eşidib məni doğrayar. Çox qorxurdum ondan. Amma iş elə gətirdi ki, orta məktəbin son zəngində oxudum. Bizi aparmışdılar pambıq sahəsində işləməyə. Orda məktəbin direktoruna söz verdim ki, son zəngdə oxuyacağam. Hamı sevindi. Hətta uşaqlar mənim payıma düşən sahəni də təmizlədilər ".

 

Sən demə məktəbin direktoru Sahibə Əhmədovanın çox gözəl səsi olduğunu bilirmiş. Özü heç vaxt eşitməsə də şagirdlər deyiblərmiş ona bu barədə. Ona görə də direktor yaranmış şəraitdən istifadə etmək qərarına gəlib. 
 
"Direktor otağında səsyazma qurğusunu hazırlayır, həm də mikrofonu məktəbin radio qovşağına qoşur. Gəldik otağa. Son zəng olduğu üçün uşaqları bir-bir oxutdular. Növbə mənə çatanda dedim oxuya bilmirəm, hamı çıxsın otaqdan. Otaq üçüncü mərtəbədə idi. Direktor məndən xəbərsiz qurğunu işə salar. Sonra məni otaqda tək qoyub düşdülər aşağı. Demək, səsim həm yazılır, həm də yayılırmış. Mən də Səməd Vurğunun sözlərinə mahnı oxudum. Sonra da "Məktəb yolları"nı oxudum. Axırını belə gətirdim ki, "müəllim amandır, son imtahandır. Heç kimi kəsməyin, hamı cavandır". Müəllimlər necə kövrəlmişdilərsə, imtahanda sinif yoldaşlarımdan heç kimi kəsmədilər. Həmin səsim məktəbdə qaldı".
 
Məktəb direktorunun bu özfəaliyyəti sonradan Sahibə xanımın böyük səhnələrə gedən yolunda ilk qığılcım olur. Bir gün kəndin ağsaqqalı həmin səsi eşidir və... 
 
"Elimizin ağsaqqalı Talıb kişi həmin səsi dinləyir, dəsmal çıxardıb ağlayır. Qardaşım Bakıda tələbə idi həmin vaxt. Yayda kəndə gələndə Talıb kişi onu yanına çağırıb deyir ki, "oğul, o istedadı batırmaq çox böyük günahdır. Xahiş edirəm onun qarşısına sədd çəkməyin. Qoyun oxusun. Bəlkə qisməti, ruzisi də bu sənətdədir. Götür qızı apar Bakıya. Qoy Xan əmi dinləsin. Qəbul eləsə qalsın oxusun. Eləməsə, yenə qaytarıb gətirərsən kəndə, siz necə desəniz elə də olar". 

 

Sahibə Xanımın qardaşı ağsaqqalın sözünə hörmətlə yanaşıb. Amma Azərbaycan operasının sonradan ən yaddaqalan Ərəbzəngisinə çevriləcək bu xanımın nəhayət ki, kənddən Bakıya gəlməsinə başqa bir hadisə də təkan olub.

X

XƏBƏRLƏR
BÖYÜT