Bəsti Cəfərova: "Haqqımda demişdilər ki, 18 yaşlı qız obrazını oynamaq istəyir"
18:56 – 29 İyun, 2015
 
"Son 10 ildə demək olar ki, istirahətə vaxt ayıra bilməmişəm. Məzuniyyətə çıxan kimi vaxtımı  məişət problemlərinə sərf edirəm. Çünki, bu işlərdə mənə kömək edən kimsə yoxdur. Adətən həmkarlarımın qoyduğu tamaşalara da baxıram. Bu yaxınlarda Ramiz Novruzun "Silindr" tamaşasını izlədim. Çox xoşuma gəldi. Bitkin obraz yaradan aktyorları sevirəm. İzləyəndə zövq alıram. Təəssüflər olsun ki, belə aktyorlarımız çox azdır". 
Bu sözləri xalq artisti Bəsti Cəfərova APA.TV-nin "Ulduz axını" verilişində deyib. 
Müsahibimiz tez-tez danışılan aktyor və rejissor problemlərinə də münasibət bildirib. 
 
"Belə mübahisələrə vaxtımı xərcləmirəm. Sənətimlə məşğulam, gələcək planlarım üzərində işləyirəm. Yaradıcı insanlara hörmətlə yanaşıram, əlbəttə ki, əsl yaradıcılıqla məşğuldurlarsa. Uğurlu və ya uğursuz tamaşalar da ola bilər, bu, iş prosesidir. Hər kəsin zövqü də fərqlidir. Ola bilər ki, biri hansısa obrazı, tamaşanı bəyənmir. Bu hamının fikri ola bilməz. Bəzi vaxtlarda mənim haqqımda da tənqidi məqalələr yazılıb. Amma belə yazılar mənim yaradıcılığıma mənfi təsir edə bilməz. Əksinə, daha da əzmlə çalışıb sübut etmişəm ki, yazılanlar doğru deyil. Bu yaxınlarda tamaşa hazırladım. Bu tamaşa həm uşaqlar həm də böyüklər üçün nəzərdə tutulub. Bir neçə saytda fərqli rəylər yazıldı. Tənqidi yazılar da vardı. "Bəsti Cəfərova  niyə tamaşa hazırlayıb" və sairə fikirləri oxudum.  İstedadlı tələbələrimi başıma toplayıb tamaşa hazırlamışam. Bunun nəyi pisdir, mən kimə pislik etmişəm. Əksinə, istedadlı gəncləri tanıtmaq şansı yaranır. Üstəlik, 37 illik səhnə təcrübəm var. 11 ildir Azərbaycan  Mədəniyyət və İncəsənət Universitetinin pedaqoquyam. Mənim buna haqqım çatır. Bəzi sənət yoldaşlarım mənim haqqımda demişdilər ki, 52 yaşlı aktrisa 18 yaşlı qız obrazını oynamaq istəyir. İndi mən gənclərlə çalışıram, səhnəyə yaraşan gənc xanımları təqdim edirəm, yenə də mənim işimə tənqidi yanaşanlar tapılır. Ona görə də mən daxilən güclü olan gəncləri seçirəm ki, gələcəkdə teatrda baş verən intriqalara da sinə gərməyi bacarsınlar".
 
"Sənətə gəlməyimin səbəbkarı Telman Adıgözəlov olub. Onu ekrandan görüb vurulmuşdum. Məhz bundan sonra aktyor olmağa qərar verdim". Bəsti Cəfərova bu sözləri sənətə gəlməyindən danışarkən deyib. 

"Çox gənc yaşlarında Əməkdar artist və Xalq artisti fəxri adlarına layiq görülmüşəm. Həmişə baş rolları ifa etmişəm. Deyirlər ki, rolun böyüyü, kiçiyi olmur. Mənə görə rolun böyüyü də var, kiçiyi də. Şəxsən mənə nə vaxtsa iki ya üçüncü dərəcəli rolu tapşıracaqlarını təsəvvür etmək istəmirəm. Bu, qocalıq kompleksi deyil. Sadəcə hər aktyorun istedadına görə onun üzərinə məsuliyyət qoyulmalıdır. Əminəm ki, hansı yaşda olur olsun, ən ağır rolun belə öhdəsindən gələ bilərəm. Çoxları deyir ki, özümü çox tərifləyirəm, qətiyyən belə deyil. Mənim yaradıcılığım göz qabağındadır. Saysız rollar yaratmışam. Əlbəttə bu yaradıcılığımın müqabilində danışıram". 
 
Xalq artisti sonda ona verilən ənənəvi sualı cavablandırarkən "Düşünürəm ki, nə vaxta kimi yaşayıramsa, ulduzum sönməyəcək. Əgər mən bu neçə ildə teatr adlı dünyanın içində öz dünyamı yarada bilmişəmsə, deməli mənim ulduzum heç vaxt sönməyəcək"-deyib.
X

XƏBƏRLƏR
BÖYÜT