Elza Seyidcahan: “Mən 1993-1996-cı illərdən tanınmağa başlamışam, Ledi Qaqa isə 2006-cı ildən səhnəyə çıxıb”
11:58 – 30 İyun, 2015

Əslində mən ekstravaqant deyil, sadə Elza Seyidcahanam. Və mən tək deyib-gülən yox, həm də güldürənəm. Bir çox komik aktyorlar çıxış zamanı insanda gülüş yaratmağa nə qədər güc sərf edirlər. Amma mən yazdıqlarımla güldürə də bilirəmsə, buna çox şadam. Gülüş də insan ömrünü uzadır. Bəlkə də kimlərsə düşünür ki, mən bütün bunları reytinq qazanmaq üçün edirəm. Xeyir, mən uşaqlıqdan belə olmuşam. Və elə kiçik yaşlarımdan özümə sual verirəm ki, niyə beləyəm? Amma beləyəm də, nə etmək olar!  Hər insan Elzanın yaradıcılığında özünə bir aləm tapır”.

Bu sözləri APA Tv-nin “Sən demə” verilişində əməkdar artist Elza Seyidcahan deyib. 
 
Qonağımızı qeyri-adilikdə dünyaca məşhur müğənni Ledi Qaqaya bənzədirlər. Yerli şou - biznesdə Elza xanımın hər addımı Qaqa ilə müqayisə olunur. Amma gəlin görək bu fikrə müğənni özü nə deyib
“Bəli, mənə “Azərbaycanın Ledi Qaqası” deyirlər. Bəlkə də bu söylədiklərimi təkəbbür hesab edəcəklər amma mən olanı deyirəm. Elza Seyidcahan 1993-1996-cı illərdən tanınmağa başlayıb. Ledi Qaqa isə 2006-cı ildən səhnəyə çıxıb və camaata təqdim olunub. Mənə Ledi Qaqa deyəndə tarixi vərəqləməyə başlayıram. Çünki etdiklərini kiçildəndə adam məyus olur”. 

 
Son vaxtlar daha çox şeirləri ilə müzakirələr yaradan əməkdar artist bu istəyinin də səbəblərindən danışıb. Sən demə, Elza Seyidcahan indi deyil elə uşaqlıqdan şeir yazırmış
“1-ci sinifdə oxuyarkən hər həftə şeir yazmağa çalışırdım və alınırdı da. Bir az keçəndən sonra məqalələr də yazdım. Hətta tövsiyə edirdilər ki, bu bacarığımın ardınca gedim. Uzun müddət yazdım və heç kimə göstərmədim. Lakin 2013-cü ildə “Tək” adlı şeir yazdım və çox söz-söhbətə səbəb oldu. Tənqid etməyə başladılar, hər kəs düşündüyü mənaya yozdu. Mən isə o şeirimdə Allahın təkliyini ifadə edirdim. Mənim geyimlərim də, mahnılarım da, şeirlərim də üsyanla gəlib. Amma mən xoşbəxt insanam ki, Allah mənə çox şeyi verib. Mən ayrı-ayrılıqda bir neçə sənət bacarıram ”. 
 
Geyimləri ilə hər kəsi təəccübləndirən Elza Seyidcahan paltarlarını modelyerlə yanaşı özü hazırlamağı da sevir. Müğənni tanınmış modelyer Şəlalə xanımdan dərs almağa da başlayıb. Onlar səbəbindən asılı olmayaraq hər görüşdə bir az da tikişə vaxt ayırır, birlikdə maraqlı geyimlər hazırlayırlar
“Hər hazırlanan geyimimə mənim də müdaxiləm olur. Amma hər kəs bilir ki, insanın canında o bacarıq olmasa nə qədər istəsən yenə də əlindən heç nə gəlməz.  Bu sahədə də belə etmək istəyən çox müğənni olub. Bu sənətə gələn kimi ekstrovaqant görünmək, fərqli geyimlərə üstünlük vermək və bununla reklam olunmaq istəyiblər.  Ancaq onların daxili üzdə göstərmək istədikləri olmayıb. Onlar bu yerdə çox qalmayıblar və çəkdikləri xərc də boş yerə sərv olunub.  Amma mən belə deyiləm. Hər zaman öz bildiyimə üstünlük vermişəm və o çox uğurlu alınıb. Uşaq yaşlarımdan da alınan paltarlarda özüm dəyişiklik etmişəm. Bu gün də eyni şeyi tək paltarlarımda deyil, musiqilərimdə də edirəm”.

 

X

XƏBƏRLƏR
BÖYÜT