Bəy nəvəsinə Cəmil Əlibəyovun seçdiyi yetim nişanlı, qəriblikdəki doğma məzarlar...
17:16 – 01 İyul, 2015

İnsanlar kimidir şəhərlər də. Xoşbəxt və bədbəxt anları olur. Bu görüntülər Füzuli şəhərindəndir.  Məncə xoşbəxt idi onda. Sonra hamımızı gözüyolda qoydu, ya da nəsə başqa bir şey baş verdi... Dəqiq demək çətindir. Amma dəqiq olanı budur ki, tam xoşbəxtlik yaşaya bilmirik illərdir. Çünki biz Füzuli ilə yanaşı bütövlükdə Dağlıq Qarabağın həsrətini yaşayırıq. Özləri kimi insanlarının da qəribə taleləri oldu işğalda qalan şəhərlərin, qəsəbələrin, kəndlərin. Bu gün əslən Füzulidən olan bir xanımdan söz açacağam. Lida müəllimədəm, Lida Quliyevadan...

1940-cı ildə Füzuli rayonunun Dədəli kəndində doğulub. Elə o kəndin yeddi illik məktəbində alıb ilk təhsilini. Sonra Füzuli rayonunda o zaman Leninin adını daşıyan Pedaqoji Texnikuma daxil olub. Az sonra texnikumu Şuşaya köçürüblər. Lida xanım deyir ki, o da təhsilini davam etdirmək üçün Şuşaya gedib. Amma sonradan sənədlərini götürüb, Göyçaya yollanıb. Yaxınlarının əksəriyyəti Göyçayda yaşadığına görə Lida Quliyeva təhsilini Göyçay Pedaqoji Texnikumunda davam etdirib. Tefnikumu bitirdikdən sonra onu təyinatla Füzulinin Əhmədalılar kənd məktəbinə müəllimə göndərirlər. Orada işləməklə yanaşı o vaxtkı Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinin qiyabi şöbəsində təhsilini davam etdirir. 
Bəy nəvəsidir Lida müəllimə. Dediyinə görə Füzulinin Dədəli kəndi onun babası Ədil bəyin olub. 

O həm də tanınan yazıçı-publisist Cəmil Əlibəyovun bacısı qızıdır. Deyir ki, həyat yoldaşı ali təhsilli olsa da uşaq evində böyüyüb. Bu səbəbdən anası onu sevdiyi oğlana ərə vermək istəmirmiş. Həyat yoldaşımın adı Hüseyndir deyir. Və söyləyir ki, günlərin birində Cəmil dayım kəndə gələndə Hüseyn onun yanına gedir. “Məni sevdiyini. Anamın məni ona vermək istəmədiyini söyləyib dayıma. Dayım onunla xeyli söhbət eləyib. Sonra deyib ki, bacısı ilə, yəni mənim anamla danışacaq. Həmin gün bizə gəlmişdi Cəmil dayı anama bircə sual verdi: “Niyə?!..”
Anam susdu, heç nə demədi. Biz beləcə nişanlandıq. Məni  Cəmil dayım Hüseynə verib. Toyumuzu da onun köməkliyi ilə elədik. Dayımın sözündən kimsə çıxa bilməzdi. Sonra isə Hüseyn anamın sevimli kürəkəni oldu. Amma çox erkən itirdim onu. Qırx doqquz yaşı var idi. Ağır xəstəlik macal vermədi çox 
yaşamasına ”. 

Həyatla uzun “mübarizəsi” olub Lida Quliyevanın. Ağır kənd həyatı, ictimai aktivlik, sonra isə qaçqınlıq həyatı onu Bakıya gətirib sonunda. Şəhərə gəlib 
oğulu - qızı necə deyərlər yerbəyer eləyəndən sonra özünə ayrıca bir ev tikib Lida müəllimə. Ona görə yox ki, övladlarının yanında yer olmayıb. Ona görə ki, istəyib hərə öz həyatını yaşasın... 


Bu qədər göz yaşları ağrı - acının içində insanın ürəyi ağrımasın neyləsin?!.. 
Yox, nəticə çıxarmağa tələsməyin. Özümü demirəm. Lida müəlliməni deyirəm. Deyir hələ Füzuli işğal olunmamışdan əvvəl ciddi ürək ağrıları var imiş. Hətta uzun müddət yataq şəraitində müalicə də alıb. Və bu müddətdə hələ həyat yoldaşı da sağ imiş. Bir sözlə nazlı və xoşbəxt vaxtları imiş bu qadının. Bax elə həmin vaxtlarda yataq şəraitində müalicə aldığı zaman həyat yoldaşı Hüseyn müəllim ona  dama, şahmat və nərd oynamağı öyrədib. O qədər yaxşı öyrədib ki, indinin özündə də onu ətrafındakılardan kimsə üstələyə bilmir bu oyunlarda. Əsasən də nərddə ya rəqibləri “mars” olur, ya da ən yaxşı halda xal hesabı uduzurlar Lida müəlliməyə... Bu dəfə kamera qarşısında nəvəsi Ulucayla oynadı. O Ulucay ki, Lida müəllimə oğlu qədər sevdiyi kürəkəninin, tanınmış şair Akif Səmədin yadigardır...

X

XƏBƏRLƏR
BÖYÜT