İlham Zəkiyev: "Qüsur işığı yox, haqqı görməməkdir"
17:36 – 01 İyul, 2015
 
"Əhvalım çox yaxşıdır, işimi yüksək dərəcədə yerinə yetirmişəm, ona görə də rahatam. İlk Avropa oyunları məhz vətənimdə keçirildiyi üçün məsuliyyətim daha çox idi. Üstəlik, final görüşünə ölkə başçısının gələcəyi xəbəri məni daha da çox həyəcanlandırdı. Çox sevinirəm ki, qalibiyyət əldə etdim. Belə bir məqamda uduzmağa haqqım yox idi". 

Bunu APA.TV-nin "İlqar Rəsul və..." verilişində cüdoçu, iki dəfə paralimpiya çempionu, İlk Avropa oyunlarının qızı medalçısı İlham Zəkiyev deyib. 
Müsahibimiz söhbət əsnasında uşaqlığından və ailəsindən də danışıb. 
 
"Atam zavodda fəhlə, anam məktəbəqədər təhsil müəssisəsində dayə işləyirdi. Ailədə bir qız, dörd oğlan olmuşuq. Qardaşlardan ən kiçiyi mənəm. Qardaşım Fikrət də güləşçi olub. 10-11 yaşlarımda həvəslənib mən də onunla birgə sərbəst güləşə getdim. Dörd ilə yaxın məşğul oldum. 15 yaşımdan başlayaraq Sumqayıtda mərkəzi stadionda Əhməd Rəcəblinin rəhbərliyi ilə cüdo məşqlərinə başladım. Qısa müddətdə respublika daxilində uğurlarım oldu". 
 
Həmsöhbətimiz hərbi xidmətdə olduğu vaxtlardan danışıb, onun həyatını dəyişən yaralandığı günü xatırlayıb.
 
"1998-ci ildə hərbi xidmətə getdim. Fiziki göstəricilərimə görə seçildiyim üçün Beyləqan rayonunun hərbi kəşfiyyat taboruna seçildim və orada qulluq etməyə başladım. 1999-cu il fevralın 4-də Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirən zaman düşmən gülləsinə tuş gəldim. Ağır yaralandım və beş gün koma vəziyyətində yatdım. Komadan anamın ağlamaq səsini eşidəndə ayıldım. Kimlərsə komada olduğu müddətdə tunel, işıq gördüyünü, ölən yaxınlarının səsini eşitdiyini deyir, amma mən heç bir səs eşitmədim, nə də yuxu görmədim. Nəsə uydurub yalan danışa bilmərəm. 18 yaşımda gözümü itirmək, qəfildən qaranlığa düşmək çox ağır idi. Əvvəllər barışa bilmirdim. Vaxt keçdikcə ailəmin, dostlarımın qayğısı ilə bu həyata uyğunlaşmağa başladım. 2002-ci ildə o vaxtkı Gənclər və İdman Naziri Əbülfəs Qarayevə gözümün müalicəsi ilə bağlı müraciət etdim. O dövrdə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti idi. Tez bir zamanda məni müayinə üçün Moskvaya göndərdilər. Amma oradakı həkimlər  artıq görmə qabiliyyətimin bərpasının  mümkünsüz olduğunu dedilər. Geri dönəndən sonra idman nazirliyində şöbə müdiri vəzifəsində çalışan Tağı müəllim mənə məsləhət etdi ki, paralimpiyada gözdən əlillər üçün güləş növü var, ora yazılım. Hətta mənə əminliklə "dünya çempionu olmaq alnına yazılıb" dedi. Beləcə, Milli paralimpiya komitəsinə getdim, məni çox yaxşı qarşıladılar. Kobud səslənsə də deyəcəyəm. Mənə kiminsə yazığı gəlməsini xoş deyil. İşığı görməmək şərt deyil, haqqı görməmək qüsurdur". 
İlk Avropa oyunlarındakı qalibiyyətindən söhbət açan idmançımız ölkə başçısına verdiyi sözü xatırlayıb. 
 
"Cənab İlham Əliyev aprelin 26-da ilk məşəli alovlandıranda Atəşgahda qısa söhbətimiz oldu. Dedim ki, iyun ayının 26 - sı Silahlı Qüvvələr günüdür və mən həmin gün tatamiyə çıxacağam. Çalışacağam ki, həmin gün Ali Baş Komandanımıza medal hədiyyə edim. Cənab prezident də mənə dedi ki, İlham səndən qızıl gözləyirəm. Şükür ki, bu sözümü tuta bildim. Əvvəllər dəfələrlə çempion olmağıma baxmayaraq bu yarışın ağırlığı və doğmalığı mənim üçün tamam fərqli idi. Döyüşə çıxanda həyəcandan ayaqlarım əsirdi. Medalın təqdimatında isə ondan xahiş etdim ki, kürsüyə çıxsın. İndi bütün dünya bu hadisədən danışır. Əlbəttə ki, bir vətəndaş və idmançı kimi fəxr edirəm". 
 
Ailə həyatından danışan İlham Zəkiyev evləndiyi xanımı hələ görmə qabiliyyətini itirməmişdən əvvəldən  tanıyıb sevdiyini deyib. 
"Çoxları düşünür ki, mən həyat yoldaşımı görməmişəm. Xeyr, bu belə deyil. Çünki,  bir-birimizi mən hərbi xidmətə getməzdən sevirdik. 2005-ci ildə ailə qurduq. Hətta ailə quranda da cənab prezidentimiz qayğısını əsirgəmədi. Mənə təbrik məktubu və avtomobil açarı hədiyyə göndərdi".
X

XƏBƏRLƏR
BÖYÜT