Elçin Şıxlı: "Atama görə bəzən istədiyim işlərdə çalışa bilməmişəm"
11:34 – 22 İyul, 2015

"Mənə görə insanı yüksəldən titulları deyil. İnsanın özü ona verilən titulları yüksəldir. O adların hamısı gəldi gedərdi. Düzdür, qiymətləndirilmək çoxlarına ruh yüksəkliyi verir. Çoxları düşünür ki, 60 yaşına çatmışam, amma əməyimin qarşılığında heç bir mükafat almamışam. Amma əsas insanın insan olaraq qalmağıdır". 
 

Bu sözləri APA.TV-nin "Üç dama" verilişində yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib. 
 

Müsahibimiz jurnalist peşəsində özünü daha rahat hiss etdiyini və bu sahədə çox işlər gördüyünü də bildirib. "Peşəmlə yanaşı həmişə atamın adına layiq olmağa çalışmışam. Hər hansı bir hərəkəti etməzdən, hər hansı bir qərarı verməzdən əvvəl atamı düşünmüşəm. Bilirəm ki, sağ olsaydı hər şeyi gedib onunla məsləhətləşərdim. Atamın soyadı həyatda mənə köməkdən çox mane olub. Hətta ali məktəb məsələsində də sovet dövrünün qaydalarına görə arzuladığım fakültəyə qəbul oluna bilmədim. Ona görə də sənədlərimi Xarici Dillər Universitetinin ingilis dili fakültəsinə verdim və qəbul olundum. Oranı bitirəndən sonra da bir neçə yerdə işə düzəlmək istəyəndə deyirdilər ki, atan AYB sədridir, ona görə də bu işdə çalışa bilməzsən. Məhz bu olmazlar, məni jurnalistikaya, arzusunda olduğum sahəyə gətirib çıxartdı. Bundan əvvəl müxtəlif sahələrdə on iki iş yerində çalışmışam".

 

Elçin Şıxlı işini nə qədər sevən adam olsa da, xüsusi iş qrafiki ilə işləməyin əleyhinə olduğunu söyləyib. "Səhər saat 9-dan axşam saat 6-ya kimi işləmək məni sıxıb. Əlbəttə, vacib işim varsa, 24 saat da işləməyə hazıram. Amma hər hansı yerinə yetirəcəyim işə 3 saat sərf edib qalan vaxtımı ofisdə boş yerə sərf edirəmsə, bu yaradıcılığa mənfi təsir göstərir. Jurnalistika, yaradıcılıq elə bir sahədir ki, heç bir çərçivəyə sığmır. Əlbəttə ki, söhbət əsl yaradıcılıqdan gedir. Əvvəllər çox işləyirdim. Hətta övladlarımın mənə ehtiyacı olan vaxtlarda belə, onlara çox qayğı göstərə bilməmişəm. Artıq hər şey bir az sahmana düşəndə, işlər azalanda onlarla ünsiyyət qurmaq istəyəndə mənim ünsiyyətimə ehtiyacları olmadığını hiss etdim". 
 

Uşaqlığından söhbət açan həmsöhbətimiz təhsil və tərbiyəsində əsasən atasının təsiri olduğunu vurğulayıb. "Düşünürəm ki, ailədə qadın və kişi bir-birini tamamlamalıdır. Bu, uşaqların tərbiyəsində mühüm rol oynayır. Anam həkim idi. Günün çox hissəsini işdə olduğu üçün mənim qayğıma rus dayə qalırdı. Hətta çoxları elə bilir ki, rus təhsili almışam. Əslində isə məktəbi Azərbaycan dilində oxumuşam. Sadəcə rus dilimin inkişafında dayəmin böyük rolu olub. Rus dilində çoxlu nağıl kitabları oxudurdu mənə. Gözümü açandan kitab görmüşəm. Hətta oxuya bilməsəm belə, kitabların adlarını bilirdim. Əvvəllər əlbəttə ki, bir az kobud desəm, döyə-döyə oxudurdular. Sonralar oxumaq bizim həyat tərzimizə çevrildi. O vaxt ədəbiyyatın çoxu da rus dilində idi. İlk oxuduğum bədii kitab "Kapitan Qarantın uşaqları" oldu. İkinci sinifdə isə Azərbaycan dilində "Koroğlu" dastanını oxudum. Hətta yadımdadır ki, son boyda hönkür-hönkür ağlamışdım". 

X

XƏBƏRLƏR
BÖYÜT