Vaqif Mustafazadə ilə həbs edilən azərbaycanlı kinorejissor...
17:21 – 11 Sentyabr, 2015

Hər şey orda başlamışdı, İçəri şəhərdən, onun dar, dolanbac, hər daşında tarix olan küçələrindəт. İndi o küçələr yetmiş beş il əvvəlki deyil, düzünə qalsa elə insanlar da o deyil. Hər şey dəyişib. Dəyişməyən xatirələrdir. Çünki onlar insan yaddaşının fotosudur. Lap yetmiş beş il öncə olsun, yaddaş rəsmi necə çəkibsə eləcə də qoruyub saxlayır. Yəqin ən vəfalı dostdan da vəfalıdır yaddaş...

 

...İllər öncə idi. Həmin o küçələrdə böyüyüb başa çatan oğlanlardan biri istirahətə getdiyi şəhərin mərkəzi parkının əsas qapısında  hər gün saat on birdə dostunu gözləyirdi. Ümid edirdi ki, bir gün Bakıdan gələn qatardan dostu düşəcək.

Gözlənilən o dostu qatar bir gün gələcəkdi.   APA TV-də efirə gedən “Ötən əsrin adamları” layihəsində sizə həmin oğlanların kimliyindən danışılıb.

 

...İllər keçdi o oğlanlardan birini, vağzalda yol gözləyəni, hamı Azərbaycan caz musiqisini dünyaya tanıdan Vaqif Mustafazadə kimi  tanıyacaqdı. O biri oğlan Vasif Babayev idi. O Vasif Babayev ki, kinorejissor və Azərbaycanın xalq artisti olacaqdı. İndi böyük Vaqif həyatda yoxdur. Amma onun yaxın dostu Vasif Babayev yetmiş beşi haqlayıb. Və bizə yaddaşının çəkdiyi fotolardan, xatirələrdən danışıb...

 

Vasif Babayev bildirib ki, o illər insanlara çoxlu qadağalar qoyulurdu. Xüsusən dini inanclarla bağlı.  Qadağalar olmasına baxmayaraq dini ibadətlərini və müqəddəs bildikləri ocaqları nə yolla olur olsun ziyarət edib. Baxmayaraq ki. atasının işi ilə əlaqədar bu məsələdə anasına qadağalar qoyubmuş anasının bu qadağalara əməl etmədiyi məqamlar da olub.

 

Vasif Babayevin o qədər xatirələri var ki, deyir həmin o xatirələri bir yerə cəmləyib kitab halına salmağa hazırlaşır. O kitabda, Mircəfər Bağırovdan tutmuş Vaqif Mustafazadəyə qədər hər kəslə bağlı xatirə var. Mircəfər demiş bir xatirə də yada düşdü. Balaca uşaq imiş Vasif müəllim. O zaman indiki Filarmoniya bağı hasarlı olub. Yalnız müəyyən zaman kəsiyində qapıları açıq saxlayıb insanlara bağa girməyə icazə verirlərmiş. Günlərin birində İçəri şəhərin məhəllə uşaqları  hasarı aşıb oynamağa giriblər bağa. Günlərin birində balaca Vasifi o bağda çox zəhmli bir kişi yaxalayır. Ondan kim olduğunu soruşur. Uşaq ürəklə atasını əmisinin adını deyir. Həmin o zəhmli kişi Vasifə söyləyir ki, gedib evdə deyərsən ki, məni Mircəfərin tutmuşdu. Vasif müəllim deyir ki, niyəsini o zaman anlamır, Amma o kişi adını deyəndən sonra həm də gülümsəyir. Beləliklə o, evlərinə gəlib əmisinə və atasına “məni Mircəfər tutmuşdu” deyir. Həmsöhbətimiz bildirib ki, həmin  olaydan sonra əmisi ilə atası düz bir ay evdə gecələməyiblər qorxularından. “Uşaq idim. Mircəfər adının evimizdə niyə bu qədər qorxu doğurduğunu sonralar anladım. Amma o mənə gülümsəmişdi. Və lap sonralar əmimə söyləyib ki, qardaşın oğluyla tanış oldum. Yaxşı istiqamət verin. O uşaqdan mütləq kimsə olacaq”...

 

Vasif müəllim əsasən sənədli filmlər üzərində işləyir. Son filmini Azərbaycanın nüfuzlu şəxsiyyətlərindən biri kosmonavtikanın inkişafında böyük xidmətləri olmuş, akademik, general  Kərim Kərimova həsr edib. Davamı olsun deyək.

 

Yetmiş beş nə yaşdır ki?!..

Nədənsə ondan ayrılanda qardaşı Arif Babayevin çəkdiyi film adlarını xatırladım: “Gün keçdi”, “Uşaqlığın son gecəsi”, “Bizi bağışlayın”... Xatırladıqca ona da tam əmin oldum  ki, insanın “ağlıma indi gəldi” dediyi sözlər belə onun yadına təsadüfən düşmür. O üzdən Vasif müəllimə bu veriliş üçün son sözüm elə burdan deyirəm. Uşaqlığın son gecəsi də günlərə qarışdı, gün keçdi, bizi bağışlayın Vasif müəllim...Bağışlayın ki, o keçən günləri, sizin İçəri şəhəri geri qaytara bilmirik təkcə sizə yox ki, elə özümüzə də...

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT