Paşa Qəlbinur: “Atam dünyasını dəyişəndə həkimlərə təşəkkür etdim”
16:15 – 18 Sentyabr, 2015

 
 “Biz,  sənət adamları, həkimlər heç vaxt sakit dayanmırlar.  Biz müəyyən dərəcədə səfərbərlikdə oluruq. O səfərbərlik mənim içimdə və ruhumda var. Camaat evə gedəndə istirahət edir, mən evdə də çalışıram. Bənzətmə ilə desəm, mən də uçuşda dincələn quşam sanki. Çalışaraq, vuruşaraq, işıq mücadiləsi edərək istirahət edirəm”/
Bu sözləri APA Tv-nin "Üç dama" verilişində professor, ovtomoloq  və şair Paşa Qəlbinur deyib. 
 
“Bütün bunlar mütləq göz həkimi olacağıma işarə idi”
 
 
Qonağımız qeyd edib ki, o, həkim və yazıçı olmağı ilə yanaşı həm də sevməyi yaxşı bacaran insandır: 
“Çatmaq istədiyin hər şeyi böyük məhəbbətlə arzulamasan, o, alınmaz. Mən aliməm, həkiməm, şairəm. Mənim tədqiqatlarım və kəşflərim var. Dünyada rəsmi təsdiqini tapan bir dərman var ki, onun müəllifi mənəm. Amma kimlərinsə gözünü açıb, onlara işıq verməyim də ayrı peşədir. Mən əməliyyat edən zaman sanki döyüşə hazırlaşan idmançı oluram. Öz nəticəmi təkrarlamalıyam. Ədəbiyyat da içimdə olandır. Elmi yolu özüm seçmişəm, ədəbiyyat isə məni özü tapıb. Ancaq mən xarici ölkədə çıxış edən zaman özümü şair Paşa Qəlbinur kimi təqdim etmirəm. Bütün bu sadaladıqlarımla yanaşı mən yalnız sevgiləri ilə mövcud olan insanam. Sevgi hissi də hər adama müxtəlif formada verilir. Mən sevə bilirəm. Anamı fantastik bir məhəbbətlə sevmişəm. O yatanda belə mən nə qədər yorğun olsam da dincələ bilmirdim. O yatdığı otağın yanında oturub, gözləyirdim ki, heç kim səs salıb, onu narahat etməsin”. 
 
 
Paşa Qəlbinur həkimliyin və şairliyin taleyində təsadüf olmadığını açıqlayıb: 
 
“Normal insanda görmə qabiliyyəti 100 faiz olduğu halda məndə 300 faizdir. Bu, neçə milyon insandan birində ola bilər.  Və mənim ilk şeirimin məhz gözlərə həsr olunması da göz həkimliyinə olan mesajımdır. Tarixi mənbələrdən oxudum ki, mən Zərdüşt təqvimi ilə ilin 3-cü, yəni sağlamlıq ayının 30-da “Əbədi və əzəli işıq günü”ndə dünyaya gəlmişəm. Bütün bunlar mütləq göz həkimi olacağıma işarə idi.  Mənim peşə taleyim doğulmadan öncə yazılmışdı. Və mən bir də dünyaya gəlsəm yenə də göz həkimi olmaq istərdim. İndi mən həm cərrahiyə zamanı həm də şeir yazanda tam səfərbərlikdə oluram, olduqca böyük məsuliyyətlə edirəm hər ikisini”.
 
Cərrah həm də uğursuz əməliyyatlardan söz açıb: 
 
“Uğursuz əməliyyatlar bütün dünyada var. Biri həkimin günahıdırsa, digəri isə nə həkimin nə də xəstənin günahı deyil. Əməliyyatlar bir neçə qrupa ayrılır. Biri muayinə etdiyin zaman dəqiq gəldiyin qərardır. Yəni, cihazla baxıb, problemi görürsən və onu həll edirsən. Digəri isə ehtimala bağlı olandır. Alət olacaqları həm göstərir həm də tam dəqiq göstərmir. Və əməliyyatın hansı nəticə verəcəyi hələ dəqiq məlum deyil. Biz də xəstəyə durumu izah edirik. Əməliyyatdan sonra nəticə yaxşı olanda hər kəs təşəkkür edir, amma həkimdən asılı olmayan səbəblərdən uğursuz alınarsa, o zaman o xəstələr də kənarda öz narazılığını bildirirlər. Məsələn, bir adam gəlir və görürsən ki, bu, görmə qabiliyyətini tam itirmək üzrədir və əməliyyatdan sonra onun görməsi ehtimal olunur. Çox həkim buna razılaşmır və deyirlər ki, sizə artıq kömək edə bilmərik. O insan da gedir və tamamilə görmə qabiliyyətini itirir. Ancaq mən günah olmasın deyə sona qədər bütün ehtimalları nəzərə alıram və əməliyyatı edirəm. Bəlkə uğurlu alınacaq və insan görəcək. O qədər bu ehtimala görə ömür boyu işığa həsrət qalan adamlar var ki. Hər bir həkim istəyər ki, insanlara yardım etsin, onları həyata bağlasın. Dünyada tibbin müəyyən imkanları var. Ondan artıq heç nə etmək mümkün deyil. Və bəzən xəstə dünyasını dəyişəndə, günah qalır həkimin üzərində. Mənim atam bir müddət ağır vəziyyətdə xəstəxanada yatdı. Həkimlər hər gün üzərində çalışırdılar. Amma bütün cəhdlərə  baxmayaraq bir neçə gündən sonra dünyasını dəyişdi. Mən həmin an həkimlərə təşəkkür etdim. Onlar əziyyət çəkdilər, amma alınmadı. Nə etmək olar?! Ancaq əfsus ki, hər kəs bunu anlamır və yaxının itirən adamlar həkimi günahkar bilirlər ”.
 
Verilişin sonunda qonağımız şairlikdən, nə zamanadək yazıb-pozmaqdan da söz açıb:
 
 
 
“Əgər insan hiss etsə ki, haradasa geriləyib, o, mütləq dayanmalıdır. Əgər insan özünü yaxşı hiss edirsə, o lap ömrünün son dəqiqələrinə qədər belə yazıb-yarada bilər. Bəzi insanların yaradıcılığının zirvəsi elə yaşa dolandan sonra olur. İnsan özünü hansı yaşda hiss edirsə, demək o yaşdadır”. 
X

XƏBƏRLƏR
BÖYÜT