Anam öləndə anladım ki, atam da öldü...
16:51 – 23 Sentyabr, 2015

APA TV-nin “Ötən əsrin adamları” layihəsində sizi ötənlərə Zərifə Qəhrəmanova aparacaq. Zərifə nənə  səksənlə vidaşalıb. Doxsanı qarşılamağa doğru yol alıb. Özü demiş, Ordubad qızıdır.

 

Həmsöhbətimiz atasını kiçik yaşlarında itirib. Əziyyətləri hədsiz çox olub. O zamanlar gözəl, həm də dul qadınlara tək uşaq saxlamaq ağır imiş.  Adamlar da qadınların dul qalmasının əleyhinə çıxarmışlar. O üzdən dul qadınların əksəriyyəti ikinci dəfə ailə qurmağa məcbur imiş. Elə bu səbəblər kifayət edib ki, Zərifə nənənin anası da ikinci dəfə ailə qursun.

 

Amma bu evliliyin də ailələrinə faydası olmayıb. Bəzən qonşuların ümidinə qalırdıq deyir Zərifə nənə. Qonşularına yardım edib bəzən bir qab yemək, bəzən bir dəst paltar qazanırlarmış...

 

“Heç vaxt ata deyə bilmədim atalığıma. Ona görə yox ki, demək istəmədim. Ona görə ki, ondan atalıq görmədim. Atalığımın başqa ailəsi də var idi”.  

 

Qəribə paradoksdur. Atalığından qayğı görməyən bu qadın onun bacısı oğlu ilə ailə qurmalı olub bəzi səbəblər üzündən...

 

Qəribədir, adama elçi gəlsinlər, nişanlasınlar, amma evinə gəlin köçəcəyin adamı, həyat yoldaşını tanıma? Maraqlı gəldi və soruşduq. O da bizə vəziyyətin nə yerdə olduğunu danışdı...

 

Zərifə nənə həyat yoldaşı ilə bağlı başqa mətləblərdən də söz açdı. Deyir ki,  həyat yoldaşı hər il kəndə gələndə ilk gördüyü iş kənd yolunu imkanı daxilində düzəltdirmək olub. Kənddə körpü salınanda da,  məscid tikiləndə də bənna olan həyat yoldaşı mütləq hörgü işinin yarısından çoxunu özü görüb. Əri  xərçəng xəstəliyindən dünyasını dəyişib Zərifə nənənin. Ömrünün son günlərində ərini ona sonuncu tapşırığını verib. Deyir bu tapşırıq qızları barədə idi...

 

Yaşı səksəni keçməsinə baxmayaraq hələ də uşaq kimi anasının xiffətini edir Zərifə nənə. Deyib  ki, yaşıma başıma baxmayın, anam üçün yaman darıxıram.

 

“Atam biz körpə olanda öldüyü üçün anamızı həm də ata kimi sevirdik.  Bizə atamızı unutdurmadı. Qoymadı onu yadımızdan çıxardaq. Mən anam öləndə anladım ki, atam da ölüb”...

 

Zərifə nənə dörd kilometr yolu hər həftə bir neçə dəfə piyada getməyindən, aclıq və kasıbçılıqla apardıqları mübarizədən danışdı. Bir də hər gün dəstəsinə beş çiçək qoyduğu bənövşələrin onu nədən xilas etdiyindən danışdı...

 

"Ötən əsrin adamları"nda izləyin.  

X

XƏBƏRLƏR
BÖYÜT